Nazir müavini: Azərbaycanda milli mədəni irs obyektlərinin qorunması ilə bağlı Yol Xəritəsi tərtib edilib Mədəniyyət

Nazir müavini: Azərbaycanda milli mədəni irs obyektlərinin qorunması ilə bağlı Yol Xəritəsi tərtib edilib

Azərbaycanda mədəni irs abidələri iqlim dəyişikliyinin təsirlərindən birbaşa sığortalanmayıb. İqlim dəyişiklikləri torpağın təkinə təsir edir ki, nəticədə torpaqların eroziyası sürətlənir. 1918-ci ilin martında ermənilərin törətdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi üçün Qubada yaradılan memorial kompleksdə aparılan müvafiq qazıntılar zamanı torpaq eroziyasının xeyli artdığı müşahidə edildi. Qobustandakı qayaüstü rəsmlərdə də iqlim dəyişikliyinin təsirindən müəyyən mənfi proseslər gedib.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də təşkil edilmiş “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı plenar sessiyada açılış nitqi ilə çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

"Yağışların həcminin azalması Damcılı kimi digər tarixi obyektlərin də mövcud durumunu çətinləşdirib. Memarlıq obyektləri əsrlərin sınağından çıxmasına baxmayaraq, təbiətin təsirinə məruz qalırlar. Burada daha çox bioloji və kimyəvi amillər üzə çıxır. Onların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində görüləcək işlər çətinləşir. Azərbaycan ərazisində UNESCO-nun siyahısında olan azı 6 obyekt təhlükədədir”, - deyə nazir müavini bildirib.

İqlim dəyişikliyi səbəbindən milli parklarda, yasaqlıqlarda vəziyyətin heç də ürəkaçan olmadığını söyləyən S.Yusifova bununla bağlı tədqiqatların aparıldığını deyib. Qeyd edib ki, təhlillər əsasında təkliflər hazırlanıb. “Biz təbiətin və milli mədəni irs obyektlərinin qorunması ilə bağlı Yol Xəritəsi tərtib etmişik. Bu da vahid strategiyaların tətbiqi ilə bağlı yeni imkanlar açıb. Bu gün bir çox ölkə eyni problemlə üzləşib. Odur ki, effektiv uyğunlaşma strategiyalarının həm milli, həm də beynəlxalq səviyyədə hazırlanmasına ehtiyac duyulur. Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizəyə ardıcıl töhfələrini verir. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan bu istiqamətdə irəli sürüləcək hər hansısa strategiyalara dəstək verməyə hazırdır”, - deyə o əlavə edib.