Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb İqtisadiyyat

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində (DVX) qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları 2022-ci illə müqayisədə 36,6 milyon manat və ya 29,4 faiz artıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvanda keçirilən "Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri" mövzusunda tədbirdə muxtar respublikanın iqtisadiyyat naziri vəzifəsinin icraçısı, nazir müavini Abbas İsmayılov deyib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci rübündə DVX-nin xətti ilə büdcəyə 45,8 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz və ya 9,1 milyon manat çoxdur. Cari ilin birinci rübündə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,1 faiz icra olunub.

“Naxçıvanda hazırda iqtisadi aktivlik sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur. Bu il yanvarın 1-nə aktiv vergi ödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 24 faiz, aprelin 1-də ilin əvvəli ilə müqayisədə isə 9,2 faiz çoxdur”- deyə nazir müavini əlavə edib.