Köhnələn avtomobil parkı və yenilən idxal gömrük vergiləri İqtisadiyyat

Köhnələn avtomobil parkı və yenilən idxal gömrük vergiləri

Hökumət gələn ildən avtomobil bazarına ciddi təsir göstərəcək gömrük tarifləri tədbiq etməyə hazırlaşır. Belə ki, Milli Məclisə təqdim olunan və müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən ölkəyə gətirilən avtomobillərə görə aksiz vergisinin dərəcələri artırılacaq. Nəticədə onların qiymətlərində artım baş verəcək.
Aksizlərin artırılması 2022-ci ilin büdcə zərfi çərçivəsində nəzərdə tutulur. Bu, həm avtomobilin istehsal ilindən, həm də mühərrikinin həcmindən asılı olaraq dəyişək. Belə ki, mühərrikin həcmi 2.5 litrdən yuxarı olan maşınlar üçün daha çox aksiz tutulacaq, istehsal ili yeni olan elektrik və hibrid avtomobillər isə müyəən vergilərdən azad edilir. Mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə isə fərqli, daha yüksək aksiz dərəcələri tətbiq olunacaq. Eyni zamanda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək. Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat; 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat; 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.
Müsbət cəhət ondan ibarətdir ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb olunmayacaq. Bununla belə, köhnə hibrid maşınlar üçün vergi güzəştləri nəzərdə tutulmur.
Əslində hökumət ekologiyaya daha az ziyan vuran və ətraf mühiti mümkün qədər çirkləndirməyən avtomobil idxalını stimullaşdırmalıdır. Bunlar isə elektromobillər və hibrid avtomobillərdir. Doğrudur, gələn ilin əvvəlində qüvvəyə minəcək yeni qərarlarda bu istiqamətdə mühüm addımlar atılır. Lakin burada son 3 ilin avomobiilləri üçün vergi güzəşti olacaq. Bu o deməkdir ki, yalnzı təzə maşınlara belə güzəşt var. Ancaq bunu 7 il də etmək olardı. Yeni avtomobillərin qiyməti yüksək olduğundan orta təbəqnin, xüsusən də taksi xidməti göstərənlərin son 3 ilin avomobilini almaq imkanı olmayacaq. Yenə də köhnələrə tələbat yüksək olacaq və köhnə avtoparka malik avtomobil bazarımızn arzu edilən və nəzərəçarpan yenilənməsinin şahidi olmayacağıq.
Məsələ ondadır ki, Azərbaycanda köhnə avtomobillərin idxalının artması nəticəsində avtomobil parkının köhnəlməsi prosesi hələ də davam edir. 2017-ci ildə avtomobillərin73,5 faizi köhnə (istehsal tarixi 10 ildən artıq olan) olduğu halda ötən il köhnə avtomobillərin payı 80 faizə çatıb. Çünki yeni avtomobillərlə müqayisədə köhnə minik avtomobillərinin idxalı daha çoxdur. Hətta ABŞ-da dövriyyədən çıxarılmış yararsız maşınların Azərbaycan bazarına axını başlayıb. Vaxtilə 2005-ci ilə qədər istehsal tarixi olan alman maşınlarına qadağalar qoyulduqdan sonra daha ucuz başa gələn ABŞ-da suda batmış, vurulmuş maşınların idxalına maraq artıb.
Eyni zamanda, digər avtomobil növlərindən fərqli olaraq köhnələn minik avtomobilləri istifadədən çıxarılmır, əksinə təmir edilərək davamlı istifadə edilir. Bu səbəbdən minik avtomobillər arasında köhnə avtomobillərin payı sürətlə artır. 2021-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə 1,474 milyon ədəd avtomobil var. Onların 1,265 milyon ədədi (85,8 faiz) minik avtomobili, 154,6 min ədədi yük avtomobili, 30, 757 min ədədi avtobus, 11,6 min ədədi xüsusi təyinatlı, 12 mini isə digər təyinatlı avtomobillərdir. Hazırda minik avtomobillərinin 1 milyona qədəri köhnədir. Yük avtomobillərinin 135,7 mini və ya 87,7 faizi köhnədir. 2017-ci ildə sayı 143 min olan yük avtomobilinin 116,5 mini və ya 81,4 faizi köhnə olub. Üç il ərzində köhnə yük avtomobillərinin sayı 16,5 faiz artıb.
Avtomobillərin idxal şərtləri daha ciddi şəkildə dəyişməzsə, yəni yeni avtomobillər üçün gömrük tarifləri endirilməzsə, növbəti illərdə də ölkəmizdə avoparkın köhnəlməsi prosesi davam edəcək. Belə vəziyyət isə ətrafa atılan zərərli qazların miqdarının bir qədər də artmasına səbəb olur, xüsusən də avomobillərin daha çox cəmləşdiyi paytaxt Bakıda ekoloji durumu pisləşdirəm əsas faktor olaraq qalır.
Yeni dəyişikliklər gələn il ölkədə avtomobillərin qiymətinin artmasına da təsir göstərəcək. 30-50 min manata yeni avtomobil ala bilməyənlər məcbur olacaqlar ki, işlənmiş maşınlara üz tutsunlar. Bu isə onların qiymətinin bir qədər də yüksəlməsinə şərait yaradacaq. Dizel maşınların qiyməti isə daha çox arta bilər. Cünki onlara təbiq olunacaq yeni aksiz vergisi əmsalı daha yüksəkdir – 1.5. Əslində dizelllə işləyən minik maşaınlarına daha sərt məhdudiyyətlərin qoyulması məqsədəuyğundur. Cünki bir çox ölkələr artıq belə avtomobillərdən istifadəyə qadağalar tədbiq etməyə başlayıb. Cükni ekologiyanın təmizliyinin qorunması daha önəmli amil hesab edilir. Hətta bir çox inkişaf etmiş ölkələr elektromobillərin istehsalını və daxili bazarda satışını stimullaşdıran addımlar atırlar. Məsələn, Norveçdə elektrik avtomobili alanlar üçün küçələrdə maşınların batereyalarını enerji ilə pulsuz yükləmə aparatları qurşadırılıb. Azərbaycan da bu sahədə ilk addımını atır. Belə ki, gələn ildən Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir. Elektrik enerji doldurucularının idxalı zamanı - 2022-ci il yanvarın 1-dən 3 il müddətində vergi alınmayacaq.
Dünya avomobil bazarında yaxın 10 ildə çox dəyişikliklər gözlənilir. Belə ki, həm istehsalda, həm də satışda daha çox hibrid və elektromobillərə üstünlük veriləcək. Hətta bir sıra avtomobil istehsalçıları benzin və dizellə işləyən daxili yanma mühərriklərindən imtina etməklə, tam şəkildə elektromobil istehsalına keçəcəklər. Artqlq ABŞ (Tesla) və Çin bu sahədə öndədirlər. Yaponiya hökuməti ötən il istixana qazları tullantılarının azaldılması ilə bağlı plan qəbul edib. Bu plana həmçinin 2030-cu ilədək benzin və dizel avtomobillərinin istehsalının tam dayandırılması da daxildir. Yaponiyanın ən böyük avtomobil konserni olan “Toyota Motor” gələn il özünün ilk elektromobillərinin satışına başlayacaq. “Toyota bZ4X” krossoverinin satışının bütün dünyada həyata keçiriləcəyi bildirilib. Bununla belə, modelin qiyməti barədə açıqlama verilməyib. Avtomobilin bir cərəyanla 500 km-dək məsafə qət edə biləcəyi, batareyanın 80%-dək doldurulmasının, təxminən, yarım saat vaxt aparacağı bildirilir. Hətta günəş batareyaları ilə təchiz edilmiş modifikasiyanın da olacağı gözlənilir.
Qardaş Türkiyə də bu sahədə aktivləşib və gələcəyin avtomobil bazarında öz sözünü deməyə can atır. Çünki yaxşı bilirlər ki, bu sahədə dünya bazarında böyük və ciddi rəqabət olacaq. Hətta bu yaxınlarda "Formula 1" yarışlarının keçirildiyi İstanbul Park yolunda Türkiyə istehsalı olan TOGG elektromobili sınaqdan keçirilib. Avtomobil müxtəlif seqmentləri sınaqdan keçirilib. Dörd sərnişini olan elektromobil 0-dan 100 km/saata 4,8 saniyəyə sürət yığa bilir. Azərbaycan da dünya avtomobil bazarında gedən bu dəyişiklikləri nəzərə almalı, elektromobillərdən və hibrid avtomobillərdən istifadəni stimullaşdıran addımlar atmalıdır. Hətta iqtisadiyyatı yenidən qurulan Qarabağda xarici şirkətlərlə birgə bu tip avtomobil istehsalının təşkili də faydalı ola bilər.
Mahir Həmzəoğlu