Milli Məclisin plenar iclası keçirilib Siyasət

Milli Məclisin plenar iclası keçirilib

Millət vəkilləri Xocalıya soyqırımına məruz qalmış şəhər statusunun verilməsini təklif ediblər

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 30 məsələ daxil edilib. Gündəlikdə "Korrupsiyaya qarşı mübarizə haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Təhsil haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət borcu haqqında", "Dövlət rüsumu haqqında", "Büdcə sistemi haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Dövlət qulluğu haqqında", "Azərbaycan Respublikasının "Şücaətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Yol hərəkəti haqqında" və "Dərman vasitələri haqqında" qanunlara dəyişiklər, eyni zamanda İnzibati Xətalar, Mülki Prosessual, Əmək Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri yer alıb.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, gündəliyə daxil olan Vergi Məcəlləsinə və "Reklam haqqında" qanuna dəyişikliklərin müzakirəsi təxirə salınıb. Yeni gündəlik səsə qoyularaq deputatlar tərəfindən təsdiq edilib.
Gündəlikdə olan qanun layihələri ilə bağlı müzakirələr aparılıb.
Milli Məclisin iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna təklif edilən dəyişikliklə əlaqədar çıxış edən deputat Elman Məmmədov deyib ki, rayonlarda olan Xocalı şəhidlərinin məzarlarına diqqətsizlik göstərilir. O bildirib ki, Xocalı soyqırımı qurbanlarının məzarlarının əksəriyyəti Ağdamda olub, sonra həmin ərazilər də işğal edilib: "Yəni şəhidlərimizin məzarları da indi işğal altındadır. Xocalı şəhidlərindən yalnız 12-nin məzarı Bakıda, 50-si isə rayonlardadır. Rayonlarda 50 məzarın üzəri 1992-ci ildə primitiv qaydada götürülüb, bu gün diqqətdən kənarda qalıb".
E. Məmmədov vurğulayıb ki, soyqırıma məruz qalmış insanlara müəyyən imtiyazların verilməsi gündəmə gətirilməlidir: "Biz istəyirik ki, dünya Xocalı soyqırımını tanınsın. Biz niyə indiyə qədər Xocalı şəhərini soyqırımına məruz qalmış şəhər kimi qəbul edib, Xocalı sakinlərinə müvafiq status vermirik? Söhbət maddi təminatdan yox, mənəvi məsələlərdən gedir".

Deputat Musa Quliyev vurğulayıb ki, həm şəhid ailələrinin, həm də valideynlərini itirmiş uşaqların 23 yaş məhdudiyyəti götürlməlidir: "Yəni onlar istənilən yaşda ödənişsiz təhsil ala bilsinlər. Həm şəhid ailərinin övladları, həm də valideynini itirmiş şəxslərin ödənişsiz təhsil almasına yaş məhdudiyyəti qoyulmamalıdır. Cənab prezidentin 2014-cü ildə imzaladığı sərəncamda da yaş məhdudiyyəti yoxdur. Növbəti təklifim isə onların özəl, dövlət və həm də bələdiyyə hesabına olan təhsil müəssisələrində ödənisiz təhsil almalıdırlar. Burada da 23 yaş məhdiyyəti götürülməlidir".
Parlamentin İdman və gənclər komitəsinin sədri Fuad Muradov deyib ki, Heydər Əliyev Fondu Xocalılara xüsusi diqqət göstərir: "Bu gün dövlət və cəmiyyət tərəfindən şəhid ailələrinə çox böyük qayğı və dəstək var. Şəhidlərimzi heç vaxt unutmuruq. Onlara cəmiyyət və dövlət də böyük mənəvi və maddi qayğı göstərir. Xocalıdan olan, ata və anasını itirmiş 26 gəncə və digər şəhid ailələrinə göstərilən xüsusi qayğı, diqqət və köməyə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkür düşür. Xocalı haqqında son zamanlar görülən işlər böyük siyasi əhəmiyyət daşıyır. Dünyanın bir çox ölkələrində soyqırımı törədilmiş şəhərlər var. Biz də Xocalı şəhərinin statusu ilə bağlı ayrıca mexanizm düşünüb hazırlamalıyıq. Yəni Xocalıya soyqırımına məruz qalmış şəhər statusunun verilməsi də müsbət addım olar ".
Fuad Muradov deyib ki, bu illər ərzində dünya parlamentlərində Xocalını tanıtmaq üçün xeyli işlər görülüb: "Dünyada soyqırımları ilə bağlı xüsusi bir yanaşma var. Bizdə də bununla bağlı işlər getməkdədir. 25 il ərzində Xocalını dünyanın müxtəlif parlamentlərində tanıda bilmişik. Xahiş edirəm ki, Xocalı ilə bağlı görülən işlərin müsbət tərəflərini də deyək. Bəzən sarı mətbuat yazır ki, dövlət filan şəhid ailəsinə kömək etmədi. Amma belə deyil. Biz həyata keçirilən işləri də deməliyik. Bu işdə son zamanlar QHT-lər də çox aktivdirlər. QHT-lər də şəhidlərlə bağlı məsələlərdə xüsusi işlər görürlər. Deputat həmkarlarımla da razıyam ki, Xocalı şəhəri və oradan olan insanlarla bağlı hər zaman xüsusi yanaşma olmaldır".
Deputat Əflatun Amaşov şəhid ailələrinə ödənilən birdəfəlik 10 min manat sığortapulunun artırılmasını təklif edib: "Azərbaycanda elə şirkət var ki, bir işçisinin həyat sığortasına görə 100 min manat vəsait ödəyir. Bizim torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan şəxslərin ailələrinə isə cəmi 10 min manat sığortapulu ödənilir. Bu məbləğin artırılması şəhid ailələri üçün müsbət hal olardı".
Deputat Aydın Mirzəzadə də həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, büdcəmizdə bunun üçün kifayət qədər vəsait var: "Ona görə də şəhid ailələrinə ayrılan vəsaiti 10 dəfə artırıb, 100 min manata çatdırmaq lazımdır".
Deputat Tahir Kərimli şəhid ailələrinə status verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib: "Mən də şəhid dayısıyam, bir bacım oğlu şəhid olub, digər bacım oğlu da müharibə əlilidir. Elə şəhid ailələri var ki, 18 ildir mənzil növbəsində dayanıb. Bu insanların mənzillə təmin olunması üçün 272 milyon 550 min manat vəsait lazımdır. Ancaq indiyədək cəmi 40 milyon manat ayrılıb. Bu iş də 2018-ci ildə başa çatmalıdır. Prezidentin sərəncamı yerinə yetirilməyəcək hala düşüb. Demirəm ki, kimlərsə bilə-bilə prezidentin sərəncamını pozur, ola bilsin ki, yaddan çıxıb".
Deputat Bəxtiyar Əliyev deyib ki, harada adamlar çox yığışır, ora parkomatlar düzdülər: "Təsəvvür edin ki, enli 4 zolaqlı küçədən cəmi bir maşın keçə bilir. Bu da yol hərəkəti təhlükəsizliyinə ciddi maneə yaradır". Onun sözlərinə görə, bu mənzərəyə hər gün "Elmlər Akademiyası" metrosu ətrafında rast gəlmək mümkündür: "Metronun giriş-çıxışılarına parkomatlar düzüblər. Bu da sıxlıq yaradır. Sabah orada kimsə həlak olsa məsuliyyəti kim daşıyacaq? Hesab edirəm ki, kütləvi yerlərdə xüsusi dayanacaqlar yaradılmalıdır. Ancaq xüsusi qazanc güdən qurumlar var. Buna hansı qurum nəzarət edir? Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələsi yalnız bir quruma verilməlidir. Kimə müraciət edirsən deyir ki, biz baxmırıq".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycan milli valyutasının üzərində ümumilli lider Heydər Əliyevin şəkli olmalıdır. O vurğulayıb ki, Türkiyənin milli valyutasının üzərində də Mustafa Kamal Atatürkün şəkli var: "Dünyanın bir neçə ölkəsində bu ənənə var. Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdur. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır".
O həmçinin əlavə edib ki, bu gün Qarabağda olmayan şəxs cibində vəsiqə gəzdirir, ancaq orada canını qoyan şəxs bu gün də veteran statusunu ala bilmir. Onun sözlərinə görə, bir sıra ictimai birliklər tərəfindən müraciətlər var: "Həmin müraciətlər Əfqanıstan, Qarabağ döyüşlərində iştirak etmiş şəxslərlə bağlıdır. Azərbaycanda hərc-mərclik dövründə Azərbaycanın bütövlüyü uğrunda döyüşən şəxs döyüşlərdə iştirakı ilə bağlı veteran vəsiqəsini ala bilməyib. Ancaq döyüş bölgəsini tanımayan şəxs cibində veteran vəsiqəsi gəzdirir. Bu şəxslər də hara da gəldi veteran vəsiqəsindən isitfadə edirlər. Odur ki, çalışmalıyıq ki, haqqı olanlar haqqını alsınlar". Deputat əlavə edib ki, vetrenalara verilən 50 manatlıq müavinətin pensiyaya çıxan zaman kəsilməsi ciddi naratalıq doğurur: "Qanuna görə, vetreanlar pensiyaya və ya təqaüdə çıxdıqda həmin 50 manat müavinət kəsilir. Təklif edirəm ki, bu 50 manat müavinət veteranlara təqaüdə çıxan zaman da verilməlidir. Bu məsələlər əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla müzakirə etmişik. Müzakirə zamanı nazir veteran və pensiyaya çıxanlar haqqında elə bir rəqəm səsləndirdi ki, onu dilə gətirmək mümkün deyil. Odur ki, elə etməliyik ki, haqqı olan haqqını almalıdır. O baxımdan bu məsələnin həlli üçün ciddi müzakirələrə ehtiyac var".
Deputat Gövhər Baxşəliyeva dərmanların televiziyalarda reklamı ilə bağlı narahatlğını ifadə edib. G.Baxşəliyeva bildirib ki, insanlar həkimə getmədən televiziyalarda reklam edilən dərmanlardan istifadə edirlər: "İnsanlar ağrıyanda reklam olunan ağrıkəsici dərmanlardan alıb atırlar. Ancaq ağrı hansısa xəstəliklərin işarəsi ola bilər. İnsanlar reklam olunan dərmanlardan istifadə etməklə vaxt itirirlər və xəstəliklərinin müalicəsini çətinləşdirirlər". Deputat bildirib ki, həkim zəmanəti və göstərişi olmadan dərmanların qəbul edilməsi düzgün deyil, insanların daha ağır xəstəliklərə düçar olmasına gətirib çıxarır. O bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır.
Müzakirələrədn sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.