Fransa “ilhaq”a “Zvartnos”dan başladı Siyasət

Fransa “ilhaq”a “Zvartnos”dan başladı

Ermənistanın “Zvartnos” hava limanındakı Rusiya hərbçiləri ilə bağlı atacağı addımların təlimatı hələ 2021-ci iyulunda, həm də həmin dövrdə Fransanın bu ölkədəki səfiri Conatan Lakotun vasitəsilə verilib. Daha dəqiq desək, ictimailəşdirilib.

Fransalı səfir sözügedən “ictimailəşdirmə” xarakterli açıqlamasında qeyd edib ki, Fransa Ermənistanın enerji və infrastruktur sahələrində, o cümlədən dəmir yolu sektorunda yer almaq istəyir və bu Fransanın Ermənistandakı iqtisadi mövcudluğuna keyfiyyət dəyişiklikləri qata bilər. Sitat: “Dəmir yolu sahəsinə gəlincə, İrəvan – “Zvartnos” hava limanı - Eçmiədzin və Armaviri vahid dəmir yolu bağlantısı ilə birləşdirəcək layihənin həyata keçirilməsi ideyası var. Və təbii ki, biz regional dəmir yollarının tikintisi layihələrini nəzərdən keçirməyə də hazırıq”.

Ermənistanın baş naziri Nikol Paşinyanın martın 12-də keçirdiyi mətbuat konfransında “Zvartnos” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı qərarını iqtisadi amillərlə əlaqələndirilməsi də məsələnin təməlində “fransız barmağı”nın olduğunu təsdiqləyir.

Amma Fransa, təkcə “Zvartnos” hava limanı ilə kifayətlənmək niyyətində deyil və bu, fransız səfirin iqtibas gətirdiyim açıqlamasından da açıq-aşkar sezilir. Növbəti addım, çox güman ki, Rusiya şirkətlərinin nəzarətində olan enerji və dəmir yolu sektorlarını da əhatə edəcək.

Qeyd edim ki, 2008-ci il fevralın 13-də İrəvanda “Rusiya Dəmir Yolları” ASC ilə Ermənistan Respublikası arasında dövlətə məxsus “Ermənistan Dəmir Yolu” QSC-nin “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin idarəçiliyinə verilməsi haqqında konsessiya müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə işin ilk iyirmi ilindən sonra daha 10 il uzadılması hüququ ilə konsessiya idarəçiliyi müddəti 30 ildir. Beləliklə, “Ermənistan Dəmir Yolu” QSC-nin “Rusiya Dəmir Yolları”nın 100%-lik törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin idarəçiliyinə verilməsi ilə bağlı müqaviləyə, ən geci 2038-ci ildə xitam verilə bilər. Müqavilənin müddətinin şərtlərə və öhdəliklərə uyğun olaraq, 10 il tez, yəni 2028-ci ildə başa çatması da mümkündür. Tərəflərdən birinin öhdəliklərinə əməl etməməsi, yəni Rusiyanın “Ermənistan dəmir yollarının inkişafına sərmayə yatırmaması” isə müqaviləyə daha tez, elə yaxın günlərdə son qoyulmasına əsas verə bilər.

Ermənistanın elektrik sektoruna gəldikdə isə, xatırladım ki, “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin səhmlərinin 100%-i 2015-ci ilin sentyabrından “Tashir Group”un nəzarətindədir. Sahibi Samvel Karapetyan olan “Tashir Group” Rusiya şirkətidir və əsas aktivləri, məhz Rusiyada yerləşir. Forbes-in məlumatına görə, Karapetyanın şirkəti Rusiyada 830 min kvadratmetr pərakəndə satış, 61 min kvadratmetr ofis daşınmaz əmlakı, ticarət və əyləncə mərkəzləri şəbəkəsi də daxil olmaqla 33 ticarət mərkəzinin sahibidir. Yəni erməni olsa da, “noxtası” Rusiyanın əlindədir. Çünki Ermənistan elektrik şəbəkələrindən qazandığı vəsait, ən yaxşı halda, Karapeytanın təkcə Rusiyadakı əmlakının icarəyə verilməsindən qazandığı pulların 8%-ni təşkil edir.

Fransız səfirin anons xarakterli açıqlamasından göründüyü kimi Fransa Ermənistanın elektrik şəbəkəsinə də sahiblənmək niyyətindədir. “Sahiblənmə”nin hüquqi baxımdan necə həyata keçiriləcəyini bilmirəm. Bunu zaman göstərəcək.

Ermənistanın qaz nəqli sisteminə gəldikdə isə, buraya 1682,2 km-lik qaz kəmərləri və qaz qolları daxildir. Ermənistanda dövlətlərarası boru kəmərləri və respublikadaxili təbii qaz paylayıcı şəbəkəsinin səhmlərinin 100%-i Rusiya “Qazprom”unun törəmə müəssisəsi olan olan “Qazprom Ermənistan” şirkətinə məxsusdur. Fransanın bu sektora müdaxiləsi inandırıcı görünməsə də, bu sahədə Parisin Tehranla anlaşa biləcəyi ehtimalı var. Fransanın Ermənistandakı yeni, yəni bu ölkəyə Conatan Lakotdan sonra gələn səfiri Olivye Dekotininin ötən həftə “Armenpress”ə müsahibəsində ölkəsinin İranla bir çox məsələlərdə fikir ayrılığınin olduğuna baxmayaraq, Ermənistanla bağlı yekdil olduğunu bəyan etməsi də belə bir ehtimalın mümkünlüyü barədə düşünməyə əsas verir.

İranın son günlər ölkəmiz əleyhinə ikinci Qarabağ müharibəsindən öncəki təxribatlarını, çirkin əməllərini təkrarlamağa cəhd göstərməsindən isə belə anlaşılır ki, Tehran Parislə sinxron hərəkət etməkdədir.

Baş verənlərin fonunda Rusiyanın ənənəvi ətalətli davranışlarında dəyişikliklərin, ehtiyatlı “oyanmalar”ın baş verməsi, Moskvanın hələlik bilavasitə öz ərazisindən həyata keçirəcəyi təzyiq tutarğaclarını işə salmasına gətirib çıxara bilər. Hər halda hadisələrin dinamik inkişafı “böyüklükdən döğan ətalət”in sükutunu da poza bilər.

Elçin Mirzəbəyli