Azərbaycan və NATO arasında rasional münasibətlər mövcuddur - ŞƏRH Siyasət

Azərbaycan və NATO arasında rasional münasibətlər mövcuddur - ŞƏRH

Azərbaycan və NATO arasında rasional münasibətlər mövcuddur.

Bu barədə Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan MDB məkanındakı bir çox dövlətlərdən fərqli olaraq öz dövlət təhlükəsizliyini bu və ya digər hərbi-siyasi təşkilatlarla münasibəltər kontekstində zərbə altında qoymadı.

"Əksinə dövlətin maraqları o qədər maksimal və səlis şəkildə idarə edildi ki, nəticə etibarilə ətrafımızda olan həm KTMT, həm də NATO ilə ikitərəfli strateji münasibətlər qurmağı bacardıq. İkinci Qarabağ müharibəsindən öncə də, sonra da həmin ölkələrin Ermənistan- Azərbaycan danışıqları ilə bağlı Azərbaycanın yanında olduğunu gördük.

NATO baş katibi Yens Stoltenberqin bölgəyə səfəri müxtəlif cür şərh edilə bilər. Əgər onun Ermənistana səfəri, KTMT-dən çıxması kontekstində müzakirə predmetidirsə, o, N.Paşinyanla siyasi konsultasiya aparacaq ki, İrəvan Rusiya ilə gələcəkdə hansı siyasəti yürütsün.

Azərbaycana səfəri isə daha çox logistik, kommunikasiya, Mərkəzi Asiya və Avropa arasında Azərbaycanın strateji mövqeyi və əhəmiyyəti ilə bağlıdır. Buna görə də bu kimi səfərlər Bakının düzgün mövqedə olduğunu göstərir. Stoltenberqin Azərbaycanın sülhə sadiq qaldığını bildirməsi çox vacib nüans idi", - deyə o bildirib.