Yeni layihələr üzərində işlər davamlı olaraq aparılır Siyasət

Yeni layihələr üzərində işlər davamlı olaraq aparılır

Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur.

16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə və genişlənməsinə böyük töhfədir.

Azərbaycan Gürcüstan iqtisadi əlaqələrinin bu gün dərinləşdirilməsi ölkələr arasındakı münasibətlərin Avropa üçün nə qədər önəmli olduğunu ortaya qoyur. Faktiki olaraq bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycan vacib rol oynayır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Gürcüstanın Baş naziri ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, əsrlər boyu xalqlarımız arasında mövcud olmuş və indi də davam edən mehriban qonşuluq və dostluq münasibətləri həm ölkələrimiz üçün, həm də bütün bölgə üçün çox vacibdir və Cənubi Qafqazın inkişafı üçün tələb olunan zəruri şərtlərdən biridir. Bu gün Azərbaycan və Gürcüstan arasında həm enerji, həm də nəqliyyat sahəsində çox böyük əməkdaşlıq layihələri həyata keçirilib və hər iki istiqamətdə fəaliyyət yüksək effektivliklə davam etdirilir. Ölkələrimizin birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.

Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə genişləndirilmiş formada fəaliyyətə başlayacağını bildirən ölkəmizin Başçısı cənab İlham Əliyev bunu böyük nailiyyət adalndıraraq bildirib ki, “Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.”

Həmçinin bu gün Azərbaycan və Gürcüstanı energetika sahəsində ənənəvi istiqamətlərdən başqa “Yaşıl enerji dəhlizi” layihəsi də birləşdirir. Burada da iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Ümumiyyətlə Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr bütün Avrasiya məkanı üçün böyük məna daşıyır.

Azərbaycan və Gürcüstan bütün dövrlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyib və bu kurs bu gün də davam edir. Hər iki ölkə uzun illər ərzində separatçılıq və təcavüzkarlıq təhdidlərindən əziyyət çəkib. İşğala, separatçılığa məruz qalmış hər bir ölkə öz ərazi bütövlüyünü, suverenliyini təmin etmək hüququna malikdir. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən biridir və beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, lakin sonda öz ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa etmiş bir ölkədir. Bu mənada biz çox yaxşı bilirik ki, “beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu bəyanatında da prinsipial mövqedən çıxış edərək bildirmişdir ki, heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir”.

Ulu Öndərin əsasını qoyduğu siyasətin uğurlu davamı olaraq qonşu dövlətlərlə həyata keçirilən iqtisadi layihələr həm də siyasi münasibətlərə yaxşı mənada ciddi təsir göstərir. Bu səfər də həmin münasibətlərin bir nümunəsi kimi dəyərləndirilməlidir.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti