Solovyovun təxribatçı addımı: məqsəd nədir? Siyasət

Solovyovun təxribatçı addımı: məqsəd nədir?

Mübariz Göyüşlü: “Bu hadisədə azərbaycanlıları hədəf kimi göstərmək cəhdi onun erməni dairələrlə işbirliyini sübut edir”

Fuad Hüseynzadə: “O, dəfələrlə ölkəmizə qarşı əsassız və böhtan xarakterli çıxışlar edib”

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı xüsusunda yaranmış durum hadisə ilə bağlı yayılmış informasiyalara həssas yanaşılmasını aktuallaşdırır. Təəssüf ki, Rusiyada bu həssaslığı heç də hər kəs ciddi şəkildə düşünmür. Teleaparıcı, jurnalist Vladimir Slovyov belələrindən biri, bəlkə birincisidir.

Məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır. Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun konsprioloji təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur”. Bu fikirlər Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda yer alıb.

Amma Rusiyanın da Solovyovun ağzı ilə siyasət yürütməyəcəyi bəlli məsələdir. Ən azı Rusiyanın rəsmi açıqlamaları hər şeyi ortaya qoyur. Belə olan halda Solovyovun bu addımı nəyə hesablanıb?

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi, Mübariz Göyüşlü bildirdi ki, Rusiyada baş vermiş sonuncu terror hadisəsi informasiya ilə məşğul olan hər kəsdən həssaslıqla yanaşma tələb edir: “Bu məqamda jurnalist Vladimr Solovyovun açıqlamaları, davranışları çox ciddi problemlər yarada bilər. Ona görə də diqqətli olması lazımdır.

Azərbaycana qarşı növbəti qərəz və təxribat dolu açıqlamalar verməsi ilə tanınan Solovyovun terrordan sonrakı çıxışı provakasiya cəhdidir.

Hadisəni kimlərin törətməsi, hansı dairələrdən sifarişin verilməsi bəlli olduğu halda Solovyovun əsilsiz iddiaları qəbuledilən deyil.

Terrorun, terrorçunun dini, milliyəti olmur. Solovyovun bu hadisədə azərbaycanlıları hədəf kimi göstərmək cəhdi onun erməni dairələrlə işbirliyini sübut edir.

Bu cür açıqlama və bəyanatlar Rusiya Azərbaycan maraqlarına ziddir, iki dövltə arasında münasibətləri pisləşdirmək cəhdidir.

Amma Rusiyada uzaqgörən liderlərin, dövlət adamlarının mövcudluğu əsas verir deyək ki belə açıqlama və çıxışlar münasibətləri pisləşdirə bilməz, zərbə vura bilməz”.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, Azərbaycan uzun illər terrordan əziyyət çəkib: “Buna görə də Azərbaycan istər daxili, istərsə də beynəlxalq olaraq terrorizmə qarşı mübarizə aparır. Eyni zamanda, terrorizmə qarşı beynəlxalq mübarizə tədbirlərində daima ölkəmiz fəaldır. İndi belə bir məqamda Solovyovun Azərbaycana qarşı çıxışı qərəzdən başqa bir şey deyil”. O, bildirib ki, Solovyovdan belə bir açıqlama gözləniləndir: "Çünki o, dəfələrlə ölkəmizə qarşı əsassız və böhtan xarakterli çıxışlar edib. Artıq Solovyov özünə jurnalistlik əvəzinə təxribatçı imici yaradıb. Onun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyinin də heç bir əsası yoxdur. O, bu kimi çıxışlarla ölkələrarası münasibətlərə zədə vurmağa çalışır. Azərbaycan hər zaman terroru pisləyib. “Crocus City Hall” konsert zalında törədilmiş terroru da Azərbaycan dövləti və xalqı pisləyir".

Əli