Ermənistan "Qafqazın Ukraynası"na çevrilə bilər Siyasət

Ermənistan "Qafqazın Ukraynası"na çevrilə bilər

Ermənistan öz əməllərindən əl çəkə bilmir. Növbəti dəfə regiona yeni qüvvələri cəlb etməyə və bununla da yeni təxribatlara yol açmağa çalışır. Ukraynada cəbhəsində Rusiyanın qüvvələrini parçalamağa çalışan Qərb isə bundan istifadə etməyə çalışır. Ermənistanı idarə edənlərin vəziyyəti düzgün qiymətləndirməməsinə görə regionda yeni gərginlik yaranır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Zeynal Əmrəliyev deyib.

Onun fikrincə, Ermənistanın kənar qüvvələri regiona gətirməsi həm Rusiya, həm İranın qəbul etməyəcəyi bir məsələ olacaq:

"Çox təəssüflər olsun ki, bu görüş sırf hərbi müttəfiqliyə yönəlib. Sual olunur ki, bu hərbi ittifaq kimə qarşı yönəlir ? Görünür ki, Ermənistanın sürətli şəkildə Qərb hərbi bloklarına inteqrasiya edilməsi prossesi gedir. Rusiyanın buna verəcəyi reaksiya məlum məsələdir. Paşinyan hökumətinin bu məsuliyyətsiz addımları tək Ermənistanı yox, bütün regionu təhlükəyə qoyacaq. Məsələnin bu şəkildə davam etməsi Ermənistanı "Qafqazın Ukraynası"na çevirə bilər. Hazırda Ermənistanda Rusiyanın hərbi qüvvələri var və Paşinyan hökuməti onları ölkədən çıxarmağa çalışır. Moskvadan verilən açıqlamalardan görünür ki, Rusiya bu məsələdə çox həssasdır və Moldovadan verilən açıqlamalarda da bunu görə bilərik. Qərb və Ermənistan arasında yaranan bu razılaşma həm də Azərbaycan - Ermənistan sülh yaxınlaşmasına ciddi təhdiddir. Ermənistana bu şəkildə hərbi əməkdaşlıq qurmaq, yardım göstərmək bu ölkənin gələcəkdə revanşa qalxmasına səbəb ola bilər. Qərb rəsmiləri ilə görüş zamanı Ermənistan rəhbərliyinin Azərbaycan əlehinə verdiyi açıqlamalar məlumdur. Buna görə bu ittifaqlar regiona müsbət heç nə vəd etmir. Təəssüflər olsun ki, ABŞ və Avropa regionu yeni fəlakətə sürükləyir. Bu pakt təkcə Azərbaycana qarşı yonəlməyib. Bu pakt bu gün regionu təhdid edir".

Cavid