Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir Siyasət

Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir

İrəvanda maraqlı proseslər yaşanır və onların hazırda iki məcrası var: birinci istiqamət baş nazir Nikol Paşinyanın tapşırığı ilə sürətlə inkişaf etdirilən "Ermənistan-Avropa İttifaqı əməkadşlığının perspektivləri və Qərb siyasətçiləri ilə daha sıx təmaslar" mövzusudursa, ikinci istiqamət Rusiyadan asılılığın azaldılması çərçivəsində Ermənistandakı rusiyalı hərbçilərin sayının aşağı salınmasına yönəlmiş cəhdlərdir.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın dediyinə görə, İrəvandakı "Zvartnots" hava limanından Rusiyanın Federal Təhlükəsizlirk Xidmətinin (FTX) nəzdindəki Sərhəd Qoşunlarının mənsublarının çıxarılması məsələsi artıq bütünlüklə, tam həllini tapıb.

A.Simonyan bildirib ki, rusiyalı sərhədçilər "Zvartnots"u avqustun 1-dək tərk edəcəklər.

Onun sözlərinə görə, İrəvanla Moskva artıq bu məsələni müzakirə etmirlər.

Nikol Paşinyanın komandası bu minvalla Qərbə meiylli siyasətini daha fəal davam etdirəcəyini və Rusiyadan asılılıqdan qurtulmaqda əzmli olduğunu göstərmək istəyir.

Bu səbəbdən Alen Simonyan Moskvanın ünvanına "cəsarət"lə danışır, amma eyni zamanda, Ermənistanın Rusiya ilə əlaqələri sürətlə sərinləşdirmək niyyətində olmadığını vurğulayır.

Rəsmi İrəvan Qərbin verdiyi vədlərə güvənir və o vədlərin arasında qərbli siyasətçilərin fəaliyyətləri də var.

Ermənilərə zahirən canfəşanlıq edən, onları var qüvvəsi ilə dəstəklədiyini sürəkli nümayiş etdirməyə çalışan marionetlər arasında Danimarkanın sabiq baş naziri, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen xüsusilə fərqlənir.

"Ermənistanın Dostları Şəbəkəsi" adlı "yüksək səviyyəli qrup" yaradaraq, ona başçılıq edən Rasmussen bu yığnağın adından hesabat yayıb.

"Avropa İttifaqı-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa, Avropada daha çox Ermənistan" adlı hesabatda Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarına, habelə siyasətçilərinə belə "məsləhət"lər var:

1. Ermənistana Aİ üzvlüyünə namizəd ölkə statusu təqdim olunmalıdır

2. Avropa Sülh Fondundan (EPF) Ermənistana zəruri vəsait ayrılmalıdır

3. Aİ ölkələrinin Ermənistana ikitərəfli hərbi-texniki yardımları artırılmalıdır

4. Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsi üçün birgə hərbi təlimlər və treninqlər keçirilməlidir

5. Ermənistanın təhlükəsizliyinin təminatı sahəsi islahatlara uğramalıdır

6. Ermənistanın sərhədləri üzərində nəzarəti gücləndirilməlidir

7. Ermənistana Avropa Energetika Birliyinin üzvlüyü təklif edilməlidir

8. Ermənistanın ərzaq təhlükəsizliyinin təminatı gücləndirilməlidir

9. Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin liberallaşması ilə bağlı danışıqlara başlanmalıdır

10. Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsində ona yardımlar göstərilməlidir

11. Türkiyə ilə Azərbaycanın maraqları kəsişsə də, identik deyil: bu səbəbdən İrəvanla Ankara arasında yüksək səviyyədə danışıqlara başlanmalı, münasibətlərin normallaşması və sərhədlərin açılması üçün konkret addımlar atılmalıdır

12. Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) heyəti və imkanları artırılmalıdır.

... Göründüyü kimi, Rasmussenin və onun başına topladığı "sabiqlər"dən ibarət marionet komandasının hazırladığı sənəd hesabat yox, Ermənistanın ən geniş müstəvidə dəstəklənməsinə yönəlmiş bəsit propaqandadır.

A.Rasmussenə məxsus olan "Rasmussen Global" konsaltinq şirkətinin rəsmi İrəvanla anlaşma imzaladığını nəzərə alsaq, təsadüfi heç nə yoxdur.

Ötən il Ermənistanda səfərdə olarkən Rasmussen Azərbaycanla şərti dövlət sərhədinə gəlmiş, Həkəri çayının üzərindəki nəzarət-buraxılış məntəqəsinin yaxınlığında fotosessiya edərək, sosial şəbəkələrdəki profillərində paylaşmışdı.

Daha sonra o, qarabağlı ermənilərin "hüquqlarının müdafiəsi və təhlükəsizliklərinin təminatının zəruriliyi" ilə bağlı məruzə hazırlayaraq yaymıışdı.

Elə həmin səfər zamanı "Rasmussen Global" konsaltinq şirkəti ilə İrəvan arasında "əməkdaşlıq və lobbinq fəaliyyəti" ilə bağlı müqavilə imzalanmışdı.

Həmin sənəd ötən ilin fevralında, Münhendə keçirilmiş beynəlxalq təhlükəsizlik konfransında A.Rasmussenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdə yenilənmişdi.

Yəni A.Rasmussen və onun komandası Ermənistanın maraqları çərçivəsində muzdlu fəaliyyət göstərir.

NATO-nun sabiq baş katibi vəzifəsindən kənarlaşdırılandan sonra pullu təxribatçıya və sifarişçilərinə sürəkli problemlər yaradan təxribatçıya çevrilib.

Xatırladaq ki, Ukraynanın hakimiyyət dairələri 3 il əvvəl ölkənin üzləşdiyi risklərin və təhdidlərin zərərsizləşdirilməsinə dəstək məqsədilə A.Rasmussenə müraciət etmiş, böyük məbləğ ödəmişdilər.

Rasmussenin Ukraynada fəaliyyəti isə tam əksinə, Rusiyanın ölkəyə hərbi əməliyyatlara başlamasını sürətləndirən amillərdən birinə çevrildi.

"Ermənistanın dostları şəbəkəsi" adlanan qrupun hazırladığı hesabat rəsmi İrəvanın istəkləri, arzuları və tələbləri əsasında yazılmış mətndir.

Avropa İttifaqının rəhbərliyinə gəldikdə, Rasmusseninin qrupunun yazısı onların fəaliyyət prinsipi ola bilməz: Aİ-nin Cənubi Qafqazla bağlı maraqları fərqli, mənafeləri çeşidlidir.

Lakin istənilən halda İrəvanın sifarişi ilə ərsəyə gətirilmiş narrativlərin yer aldığı hesabatı Bakı nəzərə almaya bilməz.

Xüsusilə də A.Rasmussenin ölkəmizlə bağlı son açıqlamasından sonra.

“Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar göstərdi ki, Avropa itiifaqı bilavasitə qonşuluğundakı ölkələrdə demokratiyanın müdafiəsi üçün daha çox işlər görməlidir. 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağın etnik erməni əhalisinə hücumundan və Azərbaycan qüvvələrindən Ermənistana təhlükələrlə təhdidlərin mövcud olduğunu nəzərə alsaq, Ermənistana dəstək xüsusilə aktualdır. Əminəm ki, Cənubi Qafqazda sülhü və stabil demokratiyanı dəstəkləmək üçün Avropa İttifaqı gərəkli imkanlara malikdir", - Rasmussen deyib.

Azərbaycanı aqressiv siyasətli və işğalçı, dinc insanlara hücumlar edən dövlət, Ermənistanı isə demokratik, hücumlara məruz qalan, Qərbə meyilli ölkə kimi təqdim edən Anders Rasmussenin belə açıqlaması, yumşaq desək, siyasi həpəndlikdir.

Anders Rasmussen öz lobbi şirkəti “Rasmussen Global”ı tanıtmaq, şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir. Ermənistan hökuməti onun müştərisi kimi, “çox düşünülmədən təsdiqlənmiş” bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib.

Amma həmin pullar bölgədə sülhün bərqərar olmasına yox, Ermənistanı revanşa həvəsləndimrməkdir.

Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Avropa İttifaqı müştərək konfransı faktik olaraq regional hərbi-siyasi tərəfdaşlıq bəyanı da sayıla bilər.

Görünən budur ki, Qərb Cənubi Qafqazda ikinci Ukrayna ssenarisinin reallaşdırılmaq, bölgədə Rusiyaya qarşı ikinci cəbhə açmaq istiqamətində cəhdlərini aktivləşdirib.

Bu, Azərbaycana təzyiq və hərbi müdaxilə planının tərkib hissəsidir.

Anlayırıq və hadisələrin istənilən istiqamətdə inkişaf ssenarisinə hazırıq.