"Məsələ təkcə  “Başkənd” deyil" Siyasət

"Məsələ təkcə  “Başkənd” deyil"

"Deputat Rasim Musabəyov Başkəndin heç bir “strateji əhəmiyyəti” olmadığını bildirib. Bundan başqa deputat gələcəkdə sanki “mübadilə” olacaqmış kimi bir təəssürat yaradıb.
Ümumiyyətlə hazırda regionda həssas geosiyasi vəziyyət hakimdir. Azərbaycan 30 il sonra regionda reallıqları dəyişib. Qazaxın 4 qeyri-anklav kəndi bir güllə belə atılmadan Azərbaycana qaytarılıb". Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib: "Delimitasiya prosesi uğurla davam edir və ən əsası prosesin davamı üçün sərhəd komissiyalarının görüşləri keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı qeyd etdi ki, “Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.
Belə bir zamanda “Başkənd” kimi həssas bir məsələyə toxunmaq və yanlış fikir səsləndirmək ciddi səhvdir.
Məsələ təkcə “Başkənd” də deyil. Yəni prosesin bundan sonra necə olacağına dair konkret nəsə demək hələlik mümkün deyil. Bəli, sülh müqaviləsinə çox yaxınıq, amma ölkə başçısının da dediyi kimi, delimitasiya prosesi uzun bir məsələdir və sülh müqaviləsindən sonra da davam edə bilər. Bundan başqa regiondakı həssas siyasi və geosiyasi vəziyyəti də unutmaq olmaz".