Etibarlı münasibətlər Siyasət

Etibarlı münasibətlər

Azərbaycan Respublikasının çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Tacikistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Bakı ilə Düşənbə arasındakı diplomatik münasibətlərin təməli isə 1992-ci il mayın 29-da qoyulmuşdur. Yəni Tacikistan Prezidentinin Bakı səfəri və bizim bu sətirlərimiz diplomatik əlaqələrimizin 32-ci ildönümü günlərinə təsadüf edir. O da vurğulanmalıdır ki, Tacikistan dövləti artıq tarixin arxivinə göndərilmiş keçmiş münaqişənin davam etdiyi bütün dövrlərdə Azərbaycanın haqq işini dəstəkləmiş, bizim Zəfərimizlə nəticələnən İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqları isə alqışlamış və xalqımızın sevincinə şərik olmuşdur. Bu regionda Tacikistanla münasibətlər isə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir.

Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Tacikistanla münasibətlərin yüksələn xətlə inkişafını yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.”

Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənədin, ümumilikdə 14 sənədin imzalandığını qeyd edən ölkə başçısı bildirib ki, bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forumun keçirildiyini bildirən cənab İlham Əliyev bildirib ki, forumun nəticələri qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.”

Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.

Ölkələrimiz arasında rəsmən əsası qoyulan strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edəcək. Daha bir dost ölkə ilə strateji tərəfdaşlığın təsbit edilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasi sistemdə nüfuzunun artmasına və mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri