“Məişət zorakılığı uşaqlarımızın psixi inkişafına mane olur” Layihə

“Məişət zorakılığı uşaqlarımızın psixi inkişafına mane olur”

Dünya Əliyeva: “Bu bəlanın cinayət hadisəsinə çevrilməsi artıq cəmiyyət üçün faciəvi hal hesab edilməlidir”

Son vaxtlar ölkəmizdə məişət zorakılığı kimi sosial bəlanın gender probleminə çevrilməsi halları müşayiət olunur. Belə ki, məişət zorakılığının qurbanı əsasən qadınlar olduğu (statistika qadınların 95% qurban olduğunu qeyd edir) üçün və bu zorakılıq bir-birinə yaxın olan insanlar tərəfindən həyata keçirildiyi üçün faciəvi hal alıb.

"Dünya Ana və Uşaq" ictimai birliyinin sədri Dünya Əliyeva “Xalq Cəbhəsi”nə bildirib ki, məişət zorakılığının növləri hesab edilən fiziki, psixoloji, mənəvi və iqtisadi zorakılıq halları cəmiyyətimizdə gələcəyimizin zəmanəti hesab olunan uşaqlarımızın psixi inkişafına mane olur və bir layiqli vətəndaş kimi yetişməsinə öz mənfi təsirini göstərir: “Statistika göstərir ki, məişət zorakılığının qurbanı olan uşaqlarımız daha sonra özləri ailə həyatı qurduqdan sonra məişət zorakılığını törədən məhz həmin şəxslər olurlar. Bunun ilk səbəbi uşaq ikən aldığı psixi travmalar və “böyükdən örnək” kimi yetişən anlayışlar olur. Buna görə də cəmiyyətin gələcəyinə inamla baxmağımız və zəmanət verməyimiz məişət zorakılığı kimi sosial bəlanın aradan qaldırılması sayəsində mümkün olacaq”.

Təşkilat rəhbəri əlavə edib ki, Dövlət Statistika Komitəsinin 2021-2022-ci illərdə qeydə alınmış məişət zorakılığı ilə cinayətlərin statistikasına baxdığımızda zərəkçəkən şəxslərin əsasən qadınlar olduğunu və bu zorakılığın əsasən bədən xəsarətləri ilə, bəzi hallarda isə qəsdən adam öldürmə ilə nəticələndiyini görə bilirik: “Yəni, məişət zorakılığı kimi sosial bəlanın cinayət hadisəsinə çevrilməsi artıq cəmiyyət üçün faciəvi hal hesab edilməlidir. Problemin ictimai əhəmiyyəti isə ondadır ki, bəzən cəmiyyət özü bu problemlə mübarizə aparmağa qadir deyildir. Buna görə də məişət zorakılığı cəmiyyət və dövlətin ortaq probleminə çevrilməli və birlikdə mübarizə aparılmalıdır.

Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən məişət zorakılığı “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır”. Göründüyü kimi, məişət zorakılığının aktual olması aydın görünür. Yəni bu zorakılıq bir-birinə yaxın olan və ya qohumluq münasibətlərində olan insanlar tərəfindən törədilən hallar ilə müşayiət olunduğu üçün cəmiyyətin aktual probleminə çevrilməkdədir. Bununla yanaşı, bir-birinə yaxın olan şəxslər tərəfindən törədilən cinayətlərin əsasən qəsd xarakteri daşıması özlüyündə cəmiyyətdə təbil çalınası bir məsələdir. Son vaxtlar yəni 2022-ci il tarixində kütləvi informasiya vasitələrində məişət zorakılığının nəticəsi qəsdən adam öldürmənin ağırlaşdırıcı halları ilə müşayiət olunur. Bu da öz növbəsində uşaqlarımızın valideynlərsiz böyüməsinə, güclü psixi travmalara və onların gələcəyimizin layiqli vətəndaş kimi yetişməsinə mənfi təsirini göstərir. Problemin aktuallığı həm də ondadır ki, məişət zorakılığına məruz qalan şəxsin dövlət orqanlarına əsasən də polis orqanlarına müraciət etməsi onun ictimai qınaq obyektinə çevrilməsi ilə nəticələnir. Bütün bunlar da son olaraq cəmiyyətin dağılmasına və mənəvi dəyərlərin məhv olması ilə nəticələnir”.

D.Əliyeva əlavə edib ki, təşkilat olaraq bu isyiqamətdə çoxsaylı layihələr həyata keçiriblər və bundan sonra da keçirəcəklər: “Əsas hədəf qruplarımız kollec və universitet tələbələri, valideynlər və müəllimlərdir. Bu qrupa daxil olan şəxslər birbaşa məişət zorakığının qurbanı, məişət zorakılığını törədən şəxslər və məişət zorakılığı baş verdiyi təqdirdə müraciət olunan şəxslər olduğu üçün faydalanan qrupuna daxil edilib.

Tələbələr arasında belə bir maarifləndirilmə işinin aparılması onların gələcək həyatlarında məişət zorakılığı ilə qarşılaşmamaları və cəmiyyətimizin gələcəyini məhz gənclər təşkil etməsi ilə əlaqədardır. Valideynlər isə beynəlxalq təcrübədə formalaşmış müdafiə mexanizmləri barədə məlumat almalıdırlar. Polis əməkdaşlarının faydalanan qrupuna seçilməsi “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunundan doğan bir məsələdir. Çünki həmin qanuna əsasən məişət zorakılığı məişət zorakılığına məruz qalan şəxslərin ilk müraciət etdiyi dövlət orqanı məhz polis orqanlarıdır”. Təşkilat rəhbəri onu da əlavə edib ki, bu istiqamətdə yeni layihə həyata keçirəcəklər: “Layihənin əsas ideyası məişət zorakılığının aradan qaldırılması və beynəlxalq təcrübədə formalaşmış müdafiə mexanizmlərinin ölkəmizdə tətbiqi barədə maarifləndirilmə işinin aparılmasıdır. Layihə regionlarda məişət zorakılığı və onun zərərli nəticələri və layihənin predmetinə cəmiyyətin və dövlətin ortaq problemi kimi yanaşma barədə ictimai müzakirələrin aparılması nəzərdə tutulur. Belə ki, layihənin icrasına hüquqşünas ekspert cəlb olunacaq. Qanunvericilikdə məişət zorakılığına qarşı inzibati və cinayət məsuliyyəti barədə məlumat və dövlətin həyata keçirdiyi islahatlar, əsasən qadın hüquqları barədə məlumatları özündə birləşdirən bukletlər hazırlanacaq və layihə icra olunan regionlarda paylanılacaq.

Layihənin məqsədi məişət zorakılığından qorunmağın həlli yolları, beynəlxalq təcrübədə formalaşmış müdafiə mexanizmlərinin işləyib hazırlanması və bu barədə təlimlər vasitəsilə maarifləndirilmə işinin aparılmasıdır”.

Onun sözlərinə görə, eynəlxaq təcrübənin regionlarda formalaşması üçün layihələrin icra edilməsinin zərurəti olaraq təlimlər keçiriləcək: “Təlimlər 5 dəfə olmaqla hər rayonda 1 dəfə keçirilməsi planlaşdırılır. Hər rayonda bir təlimin keçirilməsi planlaşdırılır. Layihələrin rayonlarda əhalinin sıx məskunlaşdığı ərazilərdə və ya təhsil ocaqlarında keçirilməsi nəzərdə tutulur. Layihə üzrə benefisiar sayının təxminən hər təlim üzrə 25 nəfər olmaqla təxminən ümumi 125 nəfərə yaxın şəxsin təlimlərə qatılacağı gözlənilir. Hər bir təlimin sonunda təlim iştirakçıları tərəfindən ekspert qiymətləndirilməsi aparılacaq. Təlimlərə dövlət orqanlarının nümayəndələri və bələdiyyə üzvləri də dəvət olunacaq. Qanunvericilikdə məişət zorakılığına qarşı inzibati və cinayət məsuliyyəti barədə məlumat və dövlətin həyata keçirdiyi islahatlar, əsasən qadın hüquqları barədə məlumatları özündə birləşdirən 1000 (min) ədəd buklet paylanacaqdır. Layihə Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında reallaşdırılacaq. Məişət zorakılığının qarşısının alınması üzrə formalaşmış beynəlxalq təcrübənin məhz həmin regionlarda paylaşılması bu barədə layihələrin orada keçirilməməsidir”.

D.Əliyeva onu da əlavə edib ki, layihənin icrasından gözlənilən nəticələr çoxdur: “Belə ki, layihə icra olunan regionlarda məişət zorakılığı hallarının çoxluq təşkil etməsi (əsasən kənd və qəsəbələrdə), məişət zorakılığı hallarından müdafiənin formalaşmış beynəlxalq təcrübəsinin həmin regionlarda paylaşılmaması və məişət zorakılığı halları ilə üzləşən insanların müraciət olunan dövlət orqanlar ilə rastlaşdıqları problemlər çox olduğu üçün layihədən gözləntilər böyükdür: “Layihə icra olunduqdan sonra təlimlərdə iştirak edən şəxslər məişət zorakılığının qarşısının alınmasının həlli yolları və beynəlxalq təcrübə ilə yaxından tanış olmaq imkanları yaranacaq. Beynəlxalq təcrübədən yararlanmaq məişət zorakılığı baş verdiyi anda düzgün reaksiya verilməsinə və vaxtında dövlət orqanlarına bu barədə məlumat verilməsi üçün əhəmiyyətli hesab olunur”.

Əli