23 ay mövcud olan Cümhuriyyət Siyasət

23 ay mövcud olan Cümhuriyyət

Yaşar Kələntərli: "Fədakar insanların zəhmətinin bəhrəsi olaraq, Azərbaycan dövlətinin ərazisi bizə miras qoyulub"

Cümhuriyyətimizin qurulduğu tarixə sayılı günlər qalır. Bu tariximizə Bütöv Azərbaycan Xalq Cəbəhəsi Partiyasının dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi Yaşar Kələntərli ilə partiyanın mətbuat xidməti olaraq birgə nəzər yetirdik.
Yaşar Kələntərli hər kəsin dönə-dönə söylədiyi "Xalq Cümhuriyyətinin baniləri - Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərləri Azərbaycan xalqının düşünən insanlar olub", ifadəni təkrarlayaraq deyir ki, bu fədakar insanların zəhmətinin bəhrəsi olaraq, Azərbaycan dövlətinin ərazisi bizə miras qoyulub:"Xalq Cümhuriyyətinin 97 min kv. km. mübahisəsiz, mübahisəli ərazilər də daxil edilərsə, 114 min kv. km. ərazisi olub. Digər mühüm tarixi fakt odur ki, 1919-cu ildə Qarabağdakı ermənilər referendum keçiriblər və Azərbaycanın tərkibində qalmağa razılaşıblar. Beləliklə də, onlar həm də Qarabağın Azərbaycan torpaqları olduğunu etiraf ediblər. Eyni zamanda, Zəngəzur və Naxçıvanın da Azərbaycan torpaqları olduğu ermənilər tərəfindən etiraf olunub".
Yaşar bəyin sözlərinə görə, Xalq Cümhuriyyəti yarananda da, Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa edəndə də Ermənistan eyni cür siyasət aparıb:"Məsələn, 1919-cu il iyulun 27-də Azərbaycan və Gürcüstan qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalayıblar. Ermənistana da bu müqaviləyə qoşulmaq dəvət olunub. Ancaq Ermənistan fərqli hərəkət edib, Cənubi Qafqaz ölkələrinin müstəqilliyinə təhlükə sayılan Denikinlə müqavilə bağlayıb. Bu müqavilə əslində Azərbaycan və Gürcüstana qarşı yönəlib. Elə Denikin Dağıstandan Qafqaza doğru hərəkətə başlayanda Ermənistan Zəngəzura hücum edib. Aprelin 28-də XI ordu hərbi əməliyyatlara başlamazdan bir neçə gün əvvəl də ermənilər Dağlıq Qarabağda qiyam qaldırıblar. Zəngəzura hücumun və Qarabağdakı qiyamın qarşısı Xalq Cümhuriyyətinin hərbi hissələri tərəfindən alınsa da, bu, ermənilərin xəyanətinin açıq göstəricisidir".
BAXCP katibi bildirir ki, ermənilər Azərbaycanın daxilində də xəyanət və fitnə-fəsadlara həmişə əl atıblar:"Məsələn, Mikoyanın başçılığıyla ermənilər sovet Rusiyasıyla danışıqlar aparıblar. Nəzərə çatdırıblar ki, əgər Ermənistana Azərbaycan ərazilərindən güzəşt olacaqsa, Azərbaycan daxilində ermənilər qiyam qaldıraraq Cümhuriyyətin süqutuna çalışa bilərlər. Aprelin ortalarında da qiyam baş verib". O, hazırda Azərbaycan ərazilərinin erməni-rus birləşmələri tərəfindən işğal olunduğunu da xatırladır.
Yaşar Kələntərli Qərbin Azərbaycana ikili standartlarla yanaşmasının əsrin əvvəllərində də özünü biruzə verdiyini söyləyir:"Türkiyəylə imzalanan Mudros barışığından sonra türk qoşunları Azərbaycandan çıxıb, bura general Tomsonun başçılığıyla Böyük Britaniya qoşunları yeridilib. Tomson Azərbaycanın hərbi nazirliyinin Gəncədə fəaliyyət göstərməsini tələb edib. Böyük Britaniyanın ən yüksək ordeniylə təltif olunmuş müdafiə naziri Səməd bəy Mehmandarov isə Tomsonla görüşür və həmin ordeni onun qarşısına qoyaraq imtina etdiyini söyləyir.
ABŞ-dan gələn "Eskel missiyası" da xristian təəssübkeşliyindən çıxış edib. Missiya əvvəlcə Zəngəzuru Ermənistana vermək istəyib. Lakin yerli azərbaycanlı əhalinin müqavimətini gördükdən sonra qərara gəlib ki, Zəngəzur azad zona elan edilsin və ABŞ-ın mandatına verilsin".
Yaşar Kələntərli 1991-ci ildə qəbul olunan müstəqillik haqqında Konstitusiya Aktında da Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunun qeyd edildiyini xatırladır:"Müstəqillik haqqında Konstitusiya Aktına görə, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir və 97 min kv. km. ərazidə dövlət müstəqilliyinin bərpa olunması üçün beynəlxalq məhkəmələrə də müraciət edə bilər".
BAXCP katibi 28 mayda Azərbaycanın istiqlaliyyətini elan edən insanların təhsil və maliyyə imkanları baxımından böyük şəxsiyyətlər olduğunu vurğulayır:"Bu insanları düşündürən yalnız Azərbaycan amalı olub. Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura üçün də əsas amal istiqlaliyyət olub. Məsələn, Nuru paşa Gəncədə olarkən hökumətin buraxılmasını, yenidən təşkilini tələb kimi irəli sürür. O zaman Məhəmməd Əmin Rəsulzadə deyir ki, onlar vəzifə yox, Azərbaycan davası aparırlar. Beləliklə, hökumət buraxılır və yenidən təşkil olunur".
Yaşər bəyin qənaətincə, Xalq Cümhuriyyətinin fəaliyyəti, onun liderlərinin, yaradıcılarının ideyaları Cümhuriyyət süquta uğrasa da, yaddaşlardan silinməyib:"Sovetlər dönəmində xalqımızın bir çox hərəkətlərində, çıxışlarında da bu, özünü göstərib. Məsələn, Azərbaycan xalqının Rusiya və Ermənistan işğalçılarına qarşı mübarizə əzmi 20 Yanvar şəhidlərinin apardığı mübarizədə, Qarabağ uğrunda şəhid getmiş minlərlə mərd oğul və qızların nümunəsində özünü parlaq şəkildə göstərir.
Azərbaycan ikinci dəfə müstəqillik qazananda Xalq Cümhuriyyətinin irsindən bəhrələndi. 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu və müstəqilliyimiz bərpa edildi. Bu da Xalq Cümhuriyyətindən gələn bir niyyətin, idealların bərqərar olunması üçün atılmış addım hesab olunmalıdır. Məhz Xalq Cümhuriyyətinin ənənələrinin yaşaması və müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi fəaliyyətini təmin edən bir sıra maddələr də Konstitusiya Aktına daxil edildi. Konstitusiya Aktının elan olunmasından sonra Türkiyə, ardınca da digər ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. Nəhayət, 1992-ci il mart ayının 2-də BMT də Azərbaycanı öz sıralarına qəbul etdi. Azərbaycan beynəlxalq hüququn subyekti oldu. Bu, Azərbaycan xalqının böyük uğuru, qələbəsi idi.
Yuxarıda qeyd etdim ki, Xalq Cümhuriyyəti sovet Rusiyasının işğalçılıq planları ilə üzləşəndə Qərb ölkələri tamamilə biganə qalıb, seyirçi mövqe tutublar. Azərbaycan ikinci dəfə müstəqillik elan edəndən sonra da bu, özünü göstərib və indiyə kimi də göstərir. Ermənilərin qondarma Dağlıq Qarabağ problemini ortaya atmaları, rus-erməni birləşmələrinin Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğal etmələrinə yenə də xristian Qərb ölkələri biganə qalıblar. Azərbaycanın haqlı mövqeyini lazımı qədər müdafiə etmirlər. Ermənistanı təcavüzkar dövlət kimi tanımaq istəmirlər. Tarixi müqayisələr göstərir ki, keçən əsrin əvvəllərində olduğu kimi yenə də Qərb ölkələri Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarının işğalına göz yumur, ermənipərst mövqedən çıxış edirlər".
Yaşar Kələntərli Xalq Cümhuriyyətinin 23 ay mövcud olduğu dövrün mürəkkəbliyilə seçildiyini də bildirir: "Bu gün o vaxtkı vəziyyət olardısa, nə vəziyyətə düşəcəyimizi bilmək olmazdı. Bu gün çox sevindirici haldır ki, Azərbaycanda 28 may Respublika Günü kimi qeyd olunur. Həmin gün Azərbaycanı dünya dövlətləri təbrik edirlər".
BAXCP funksioneri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin mövcud olduğu XX əsrin əvvəliylə müqayisədə heç nəyin dəyişmədiyi qənaətindədir: "XX əsrin əvvəlində də Azərbaycan Xalq Cümhuriyyətinə tək dəstək verən Türkiyə olub, indi də elədir. O zaman Gürcüstan Xalq Cümhuriyyətiylə əlaqə saxlamaqda, müstəqilliyimizin mövcudluğunda, dəmiryolunun işləməsində, Bakı neftinin ərazisindən keçməklə nəqlində maraqlı olub, bu gün də elədir".
BAXCP-nin Bütöv Azərbaycan uğrunda mübarizə apardığını vurğulayan Yaşar Kələntərli bu partiyanın NATO-ya qəbulda, Azərbaycan, Türkiyə və Gürcüstanın Avropa Birliyi tipli qurumda birləşməsini də dəstəklədiyini qeyd edir: "Türkiyə diplomatları keçən əsrin əvvəllərində də Azərbaycanı öz diplomatlarımız kimi müdafiə ediblər. Nuru paşa hələ müstəqilliyimiz elan edilməmişdən əvvəl Gəncəyə gəlib. Bu gün də eyni proses davam edir".