Mehriban Vəliyeva: “Cəmi bir sutka ərzində Azərbaycan Ordusu qarşıya qoyulan bütün məqsədlərə nail oldu” Siyasət

Mehriban Vəliyeva: “Cəmi bir sutka ərzində Azərbaycan Ordusu qarşıya qoyulan bütün məqsədlərə nail oldu”

“2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri dövlətimizin suveren hüquqlarının bərpası və ərazi bütövlüyümüzün təmin olunması baxımından həlledici tarixi hadisədir.
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti dəfələrlə beynəlxalq ictimaiyyətə və bölgədəki qanunsuz silahlı birləşmələrin təmsilçilərinə çağırış etmişdi ki, onlar silahı yerə qoysun, ölkəmizin qanunlarına tabe olsunlar. Təəssüf ki, separatçı qüvvələr bu çağırışlara məhəl qoymadılar, müxtəlif təxribatlara əl atdılar və bölgədə sabitliyin pozulmasına cəhd göstərdilər. Nəticə etibarilə dövlətimiz antiterror tədbirləri həyata keçirməklə həm öz hərbi qulluqçularının, həm də mülki əhalinin təhlükəsizliyini təmin etmək məcburiyyətində qaldı.
Qısa müddətdə, cəmi bir sutka ərzində Azərbaycan Ordusu qarşıya qoyulan bütün məqsədlərə nail oldu. Qanunsuz silahlı dəstələr silahlarını təhvil verərək təslim oldu, dövlətimizin ərazi bütövlüyünə və konstitusion quruluşuna qarşı təhlükə tamamilə aradan qaldırıldı. Ən vacibi isə, əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn tələblərinə ciddi şəkildə əməl olundu, mülki şəxslərin həyatına və mülki infrastruktura heç bir zərər dəymədi.
Mehriban Vəliyeva qeyd etdi ki, Bu əməliyyat həm də onu göstərdi ki, Azərbaycan dövləti heç bir halda öz suveren hüquqlarını güzəştə getməyəcək və qanunun aliliyini təmin etmək üçün qətiyyətli addımlar atacaqdır. 19–20 sentyabr 2023-cü il tədbirləri təkcə hərbi uğur deyil, həm də siyasi və diplomatik baxımdan çox mühüm dönüş nöqtəsidir. Çünki separatizmin tamamilə aradan qaldırılması ilə bölgədə uzun illər davam edən qeyri-sabitlik və qeyri-müəyyənlik dövrü başa çatdı.
Bu gün ölkəmizin qarşısında dayanan əsas hədəflərdən biri işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Əminəm ki, dövlətimizin güclü siyasi iradəsi, Ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində bu məqsədlərə də tezliklə nail olunacaqdır.
Deputat sonda onu da vurğuladı ki, 19–20 sentyabr 2023-cü il tarixi əməliyyatları Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın əzmini və milli həmrəyliyimizi bir daha bütün dünyaya nümayiş etdirdi. Bu, tarixi ədalətin, beynəlxalq hüququn və ölkəmizin ərazi bütövlüyünün tam bərpası deməkdir.”