“Fransanın Ermənistana təsir gücü artır” Siyasət

“Fransanın Ermənistana təsir gücü artır”

“Fransa və Ermənistan arasındakı əlaqələr davam edir. İki ölkə arasında çox güclü əlaqələr var. Məsələn, ticarət dövriyyəsi sürətli şəkildə artır, iqtisadi əlaqələr mövcuddur. Həmçinin diplomatik müstəvidə çox geniş əlaqələr var, bunlardan hərbi əlaqələr də istisna deyil. Son zamanlarda Ermənistanın Fransadan aldığı silahların sayında artım var. Digər sahələrlə birlikdə iki ölkə arasında hərbi sahədə də əlaqələrin güclənməsinin şahidi oluruq”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Z.Əmrəliyev əlavə edib ki, əvvəllər Ermənistanın müdafiə arsenalında əsas yeri məhz Rusiyadan alınan silahlar tuturdusa indi əsas yeri Fransadan alınan silahlar tutur: “Bu, bir faktdır ki, Fransanın Ermənistana təsir gücü artır. Burada digər önəmli bir məsələ isə Ermənistanın nəyə görə bu qədər silahlanmaya getməsidir. Ermənistan tək Fransadan deyil, digər ölkələrdən də ardıcıl şəkildə, eyni zamanda, çox əhəmiyyətli silahlar alır. Sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistana bu silahlar nəyə lazımdır?”.

O, burada iki məqsədin ola biləcəyini deyib: “Alınan silahların əsasən Rusiyadan kənarda alınan silahlar olduğunu görürük. Ya Ermənistan Rusiyanın silahlarını digər ölkələrin silahları ilə, məsələn, Fransa, Hindistan, digər Qərb ölkələrinin silahları ilə əvəz etmək istəyir, ya da Ermənistanın gələcəklə bağlı nəsə bir planları var. Açığı, mən Ermənistanın hansısa təxribat planlaşdırdığını gözləmirəm. Çünki hazırkı situasiya indiki Ermənistan hökumətinə sərf edir. Azərbaycanla sülh danışıqları, sülhün irəliyə doğru aparılması üçün əllərindən gələni etməlidirlər. Ermənistanda da yaxşı bilirlər ki, əgər hansısa bir formada müharibə etsələr, yenidən bu sülhü pozmağa cəhd etsələr, onlar bu müharibədə uduzacaqlar. Buna görə də indiki halda ən yaxşı variant Azərbaycanla sülhə sadiq qalmaqdır”.

Röya İsrafilova