ABŞ cəbhə xəttindəki vəziyyətdən narahatdır Siyasət

ABŞ cəbhə xəttindəki vəziyyətdən narahatdır

Dövlət Departamenti: "Bu məsələ əvvəlki kimi ABŞ-ın diqqət mərkəzindədir"
Azərbaycan XİN: "Cəbhədəki gərginlik Ermənistanın "Böyük sülh sazişi"nə mane olmaq siyasətinin bariz nümunəsidir"

"ABŞ hakimiyyəti Dağlıq Qarabağda atəşkəsin pozulması barədə məlumatlardan narahatdır". Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.
O deyib: "Biz son günlər Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması, eləcə də zərərçəkənlər barədə məlumatlardan narahatıq. ABŞ əvvəlki kimi Azərbaycan və Ermənistanı problemin ATƏT-in Minsk qrupunun himayəsi altında sülh yolu ilə həllinə cağırır. Biz hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlar prosesində iştiraka çağırırıq".
C.Psaki qeyd edib ki, bu məsələ əvvəlki kimi ABŞ-ın diqqət mərkəzindədir.
Öz növbəsində Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bəyan edib ki, Dağlıq Qarabağda gərginliyin eskalasiyası münaqişənin sülh yolu ilə həllinə imkan verməyəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin cəbhə xəttində yaranmış gərginliklə əlaqədar söylədiklərini şərh edib: "Cəbhəboyu zonada yaranan son gərginlik Ermənistanın təxribatçı əməlləri ilə hər vəchlə "Böyük sülh sazişi" üzrə işə başlamağa mane olmaq siyasətinin bariz nümunəsidir".
Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir: "ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi, tərəflər sülh sazişi üzrə danışıqlarda iştirak etməlidirlər. Amma təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə "Böyük sülh sazişi" üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhəboyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir".
H.Hacıyev qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur. Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
XİN sözçüsü Uruqvay xarici işlər naziri Luis Almagronun Dağlıq Qarabağın "müstəqiliyinin" tanınmasına çağırış etməsi barədə Ermənistan mətbuatının yaydığı məlumata da münasibət bildirib.
"Bir çox hallarda Ermənistan kütləvi informasiya vasitələrində xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir".
H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay XİN-lə araşdıracaq: "Bir çox hallarda "Asbarez" kimi erməni kütləvi informasiya vasitələrində belə xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir. Xatırladaq ki, Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunmuşdu".
XİN rəsmisi əlavə edib ki, Danilo Astorinin söylədiyi iddia olunan fikirləri aydınlaşdırarkən Uruqvay Xarici İşlər Nazirliyi həmin şəxsin özünə istinadən bildirib ki, bu məlumat həqiqətəuyğun deyil, onun tərəfindən belə fikirlər səsləndirilməyib və Uruqvayın rəsmi mövqeyi münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir.