Gülağa Aslanlıdan AXCP-yə atmaca Siyasət

Gülağa Aslanlıdan AXCP-yə atmaca

"Müsavat Partiyası ilə danışıqların əleyhinə olan AXCP funksionerləri 2005-2010-cu illəri xatırlasalar, yaxşı olar"

Müsavat başqanı Arif Hacılı və Əli Kərimli arasında baş tutan görüşdən sonra bəzi AXCP funksionerləri bundan real nəticə gözləməyin mənasız olduğunu vurğulayaraq, Müsavatla mümkün əməkdaşlığa qarşı çıxıblar. Onlar Ə. Kərimlinin yalnız nəzakət xətrinə A. Hacılının görüş təklifini qəbul etdiyini deyiblər.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı buna cavab olaraq Əli Kərimli tərəfdarlarına bəzi eyhamlar göndərib. O bildirib ki, Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə onunla AXCP sədri Əli Kərimli arasında keçirilən görüşdə məqsəd heç də hansısa sazişin imzalanmasından ibarət deyildi: "Müsavat Partiyası ilə danışıqların əleyhinə olan AXCP funksionerləri 2005-2010-cu illərin parlament seçkiləri ərəfəsindəki münasibətləri, danışıqları da nəzərə alsalar, daha yaxşı olar".
Sabiq müsavatçı, politoloq Qabil Hüseynli hesab edir ki, Müsavat Partiyası ilə AXCP rəhbərləri arasında baş tutan görüşün heç bir nəticə verməyəcəyi gözlənilən idi.
Q.Hüseynli deyib ki, AXCP Milli Şura ideyasını hələ dəstəkləyir, amma Müsavat Partiyası yeni bir blok yaradılması ideyası ilə çıxış edir: "Bu da faktiki olaraq Milli Şuradan çıxıb qaçmış Müsavatın avantürası kimi qəbul edilə bilər. Çünki axı nə qədər blok yaradıb onu dağıtmaq olar? Hazır blokun ətrafında birləşmək daha tezdir, nəinki yeni blok yaradıb onun ətrafında birləşmək. Həm də bu yeni bloku Müsavat Partiyası təklif edir. Bizim müxalifətin sıralarında kim bir təşəbbüşlə irəli çıxırsa, o təşəbbüsün ətrafında çox çətinliklə cəmləşirlər və yaxud cəmləşmirlər. Çünki təşəbbüsü irəli sürən həm də həmin blokda bir növ söz sahibinə çevrilir".
Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən Müsavatın Milli Şuradan çıxması Milli Şuraya bir zərbə vurduğu üçün indi də Müsavatın yeni bir blok yaradıb hamını o blok ətrafında birləşməyə çağırması əlbəttə ki, təkcə AXCP tərəfindən yox, digər partiyalar tərəfindən də o qədər məqbul qarşılanmayacaq: "Xüsusən, Müsavat daxilində olan parçalanmalar da partiyanın nüfuzuna ciddi təsir göstərir. Müsavat nə qədər öyünsə də, artıq onun o qədər gücü yoxdur ki, siyasi proseslərə təsir edə bilsin. Bu səbəbdən də özünə müttəfiq, blok və s. kimi tərəfdaşlar axtarır və çox zaman da müxtəlif ideyalar irəli sürməklə öz mövcudluğunu sübut etməyə çalışır".
Politoloq qeyd edib ki, bir sözlə, Azərbaycanda siyasi müxalifətin pərakəndəliyi davam edir. O, hesab edir ki, bu pərakəndəlik siyasi liderlərin ambisiyaları ilə bağlıdır: "Çox güman ki, onlar seçkilərə də elə bu cür pərakəndə gedəcəklər və ciddi bir uğur qazana bilməyəcəklər".