Çempionlar Liqasında həftənin hesabatı - FAKTLAR İdman

Çempionlar Liqasında həftənin hesabatı - FAKTLAR

Bu həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS baş tutan 4 matçdakı rekord və digər statistik faktlardan ibarət hesabat hazırlayıb.

“Arsenal” – “Porto” matçı son 8 ilə yaxın müddətdə Çempionlar Liqasının pley-offunda ilk penaltilər seriyası ilə nəticələnib. Son belə hadisə 2016-cı ildə “Atletiko” ilə “Real” arasındakı finalda yaşanıb.

Ardıcıl 7 dəfə 1/8 finalda mübarizəni dayandıran “Arsenal” tilsimi qırıb. İngiltərə klubu bunadək sonuncu dəfə 2009/10 mövsümündə 1/4 finala yüksəlib.

“Arsenal” tarixində ikinci dəfə Çempionlar Liqasında əlavə vaxt oynayıb. Onlar 2008/09 mövsümündə “Roma”nı penaltilərlə məğlub edib.

“Barselona” “Napoli” səddini keçməklə 2020-ci ildən sonra ilk dəfə 1/4 finala yüksəlib. Maraqlıdır ki, 2019/20 mövsümündə də İspaniya klubu eyni rəqibi – “Napoli”ni eyni hesablarla üstələyib – 1:1, 3:1.

Robert Levandovski ilk dəfə “Barselona”nın ardıcıl iki Çempionlar Liqası matçında qol vurub.

“Barselona” Çempionlar Liqası tarixinə pley-off matçında 18 yaşadək iki futbolçuya güvənən ilk komanda olub. Lamin Yamal 16 yaş 243, Pau Kubarsi 17 yaş 50 günlüyündə meydana çıxıb.

Pau Kubarsi Çempionlar Liqasının pley-offunda start heyətdə debüt edən ən gənc oyunçu olub. O, David Alaba (17 yaş 258 gün) və Viktor Froholdtı (18 yaş 10 gün) keçib.

Kubarsi turnirin 69 illik tarixində pley-offda start heyətdə yer alan ən gənc müdafiəçidir. O, Cüzeppe Berqomini (17 yaş 72 gün) arxada qoyub.

Dortmund “Borussiya”sı ikinci dəfə Edin Terziçin rəhbərliyi altında 1/4 finala yüksəlib. 2020/21 mövsümündə də belə uğur yaşanıb.

Terziç “Borussiya”nı iki dəfə 1/4 finala daşıyan üçüncü baş məşqçidir. Ottmar Hitsfeld 1995/96 və 1996/97, Yurgen Klopp 2012/13 və 2013/14 mövsümlərində bunu bacarıb.

“Atletiko” “İnter”lə cavab görüşünə orta yaşı 30-dan yuxarı olan start heyəti ilə çıxıb. Madridlilər pley-offda orta yaşı 30-dan yuxarı olan start heyətə malik ilk İspaniya klubudur.

“İnter”ə qol vuran Antuan Qrizmann Çempionlar Liqasında 25-ci fərqli rəqibin qapısına yol tapıb. O, bu göstəricidə kərim Benzemadan (34) sonra ikinci fransalıdır.

1/4 finalda 4 ölkə təmsil olunacaq. İspaniyadan 3, İngiltərə və Almaniyanın hərəsindən 2, Fransadan 1 komanda 1/8 final səddini adlayıb.