Mövsümün sonu və ya son püşk İdman

Mövsümün sonu və ya son püşk

Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Bayer"i ilə qarşılaşacaq "Qarabağ"ın növbəti rəqibi sabah müəyyənləşə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Leverkuzen təmsilçisini mübarizədən kənarlaşdıra bilsə, martın 15-də keçiriləcək püşkatmanı gözləyəcək.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki Futbol Evində 2023/24 mövsümünün son püşkü atılacaq. Tədbirdə 1/4 final, 1/2 final və finalın cütləri bəlli olacaq.

Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 1/8 final səddini adlayan 8 klub 4 cüt təşkil edəcək. "Qarabağ"ın "Bayer"lə duelinin qalibi də rəqibini tanıyacaq.

Ardınca bu cütlərin yarımfinaldakı mümkün rəqibləri bəlli olacaq. Yəni hansı cütlərin qaliblərinin üz-üzə gələcəyi müəyyənləşəcək. Sonda Dublindəki finalın nominal meydan sahibinin hansı "dördlük"dən olacağına aydınlıq gələcək.

Bakıda 2:2 hesablı heç-heçəyə imza atan "Qarabağ" "BayArena"ya iki "son" arasında seçim üçün çıxacaq: ya mövsümün sonu, ya son püşkə qatılmaq imkanı.

Ümumiyyətlə, sabah Futbol Evində son püşkatmalar günüdür. Saat 15:00-da Çempionlar Liqası, 16:00-da Avropa Liqası, 17:00-da Konfrans Liqasında həlledici üç mərhələnin püşkü atılacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları Çempionlar Liqasında aprelin 9-10-da və 16-17-də, digər iki turnirdə isə 11-də və 18-də keçiriləcək.