“Bu gün Qərbdə bir çox qurumlar insan hüquqları məsələsindən alver predmeti kimi istifadə edir” Dünya

“Bu gün Qərbdə bir çox qurumlar insan hüquqları məsələsindən alver predmeti kimi istifadə edir”

Rövşən Məmmədli: "İstədikləri dövləti öz təsirləri altında saxlamaq üçün "insan hüquqları" həmişə onların işinə yarayır"

Son vaxtlar Qərbdə maraqlı tendensiya müşahidə edilməkdədir. Belə ki, hər hansı bir müstəqil dövlət Qərbin maraqlarının əksinə çıxış edirsə, dərhal həmin ölkə "qara sıyahı"ya salınır və orada insan haqlarının pozulduğu iddia edilərək ona qarşı müxtəlif istiqamətlərdən təzyiqlər olur. Hazırkı beynəlxalq münasibətlər sistemində insan hüquqlarını müdafiə məsələsi müstəqil dövlətlərə qarşı demək olar ki, ən yaxşı təsir vasitəsinə çevrilib. Təəccüb doğuran məqam isə ondan ibarətdir ki, insan hüquqlarını əldə bayraq tutan həmin dairələr irad bildirdikləri ölkədə insan hüquqlarının müdafiəsindən başqa hər bir işlə məşğul olurlar.
Yeni Turan Partiyasının sədri Rövşən Məmmədli deyir ki, bu gün Qərbdə bir çox qurumlar insan hüquqları məsələsindən alver predmeti kimi istifadə edir, istədikləri dövləti öz təsirləri altında saxlamaq və istədikləri vaxt onların daxili işlərinə qarışmaq üçün "insan hüquqları" həmişə onların işinə yarayır. Onun sözlərinə görə, bu məqsədlə də həmin dövlətlərdə yaratdıqları və müxtəlif adlar altında maliyyələşdirdikləri QHT-lər, özlərinin həmin ölkələrdəki ofislərindən, səfirliklərdən və s. kimi qurumlardan faydalanırlar: "Maraqlıdır ki, bu Qərb dövlətlərinin və qurumlarının istək və maraqlarını təmin edən ölkələrin hakimiyyətləri də buna güvənib öz ölkələrinin daxilində həqiqətən insan hüquqlarını pozur, ona hörmət etmir, etinasız yanaşır". Rövşən Məmmədli bildirib ki, Qərb dövlətləri Azərbaycana da insan haqları adı altında təsir etməyə çalışır. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi Qərb ölkələrini qane etmir: "Azərbaycandakı hakimiyyət möhkəmlənib artıq çox şeyə özü nəzarət etdikcə və öz maddi maraqlarını üstün tutduqca, həmçinin üz-üzə gəlmiş imperialist maraqlar arasında uğurlu manevr etdikcə Qərb dövlətləri və qurumları "Azərbaycanda insan hüquqları pozuldu" deyib haray-həşir salırlar. Ancaq diqqət edəndə görürük ki, Qərb dövlətləri "insan hüquqları" deyəndə yalnız hakimiyyəti tənqid edən şəxsləri nəzərdə tuturlar. Onlar yalnız hakimiyyətə qarşı çıxanların hüquqlarını müdafiə edir, başqa pozulan hüquqları isə görmürlər. Bunun fəlsəfəsi yalnız istədikləri hakimiyyətə təsir etməkdir vəssəlam". Partiya sədri bildirib ki, 1 milyon azərbaycanlı 23 ildir erməni-rus birləşmələri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınaraq Azərbaycanın digər bölgələrində əzablı həyat sürürlər: "Son illərə qədər yağışda, qarda, istidə çadırlarda yaşayan, isti yeməyə aylarla həsrət qalan, hər cür sanitar xidmətlərdən məhrum olan həmin qaçqın və məcburi köçkünlər heç onların yadlarına da düşmür. Məgər bir milyon qaçqın və məcburi köçkün insan deyil? Onların öz vətənlərində, tarixi yurdlarında, doğulduqları eldə yaşam hüquqlar yoxdur? Bu hadisə başqa qitədə deyil, məhz Avropanın üzvülüyə qəbul etdiyi iki ölkə arasında yaşanır. Nə üçün insan hüququnu qoruyan dövlət və qurumlar Ermənistanı bir milyon qaçqın və məcburi köçkünə qarşı həyata keçirdiyi saysız-hesabsız cinayətlərə görə qınamır, 23 ildir onların öz doğma elinə, obasına qayıtmaları üçün hər hansı bir tədbir görmürlər? Həmçinin Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etmir, ondan beynəlxalq hüququn normalarına əməl etməsini istəmirlər. Əksinə Ermənistanı bu işğalçılıq hərəkətlərini davam etdirməyə dolayısı ilə şirnikləşdirir və bundan Azərbaycana qarşı basqı kimi istifadə edirlər. Təəssüflər olsun ki, Qərb Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır. Bu zaman isə insan hüquqları unudulur, dini təəssübkeşlik ortaya gəlir, Ermənistana və Dağlıq Qarabağdakı separatçılara mal, pul dəstəyi verilir. Hansı ki, Qərb doğrudan da haqqı ədaləti üstün tutsa, beynəlxalq hüququn tələbləri ilə hərəkət etsə, Avropada sülhün daimiliyi üçün üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydi, hazırda Ermənistanla Azərbyacan arasındakı münaqişə həll olunmuş və Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdi. Bütün bunlarla yanaşı Dağlıq Qarabağdakı ermənilərin də vətəndaşlıq, yerli özünüidarəçilik hüquqları da təmin olunmuşdu. Görünür Qərbi bunlar maraqlandırmır. Onların da marağı Rusiya kimi bu münaqişədən tərəflərə basqı kimi istifadə edib öz istəklərini onlara həzm etdirməkdir. Bu həqiqəti hamı görür, ona görə də artıq Qərbin bu oyunbazlığından heç Azərbaycan hakimiyyəti də çəkinmir. Bir milyon qaçqın və məcburi köçkün isə həsrətlə o cənnət Qarabağa, Günəş altda canlı muzey olan Zəngəzura qayıdacağı xoşbəxt günü gözləyir. Ancaq bu xoşbəxtliyi onlara verməli olan qüvvələr hələ öz maraqlarının hayındadır. Odur ki, bir milyon qaçqın öz-özlüyündə böyük bir gücdür. Bu güc heç kimə yox, özünə güvənib, elə dünyanın acığına ayağa qalxıb öz doğma elinə-obasına yürüməlidir. Yoxsa nəyəsə ümid etmək bizi o ellərə qayıtmaq imkanlarımızı əngəlləyəcəkdir. Elə ermənilər də buna ümid edirlər ki, zaman-zaman bizi o elləri unudarıq, düşmən də məqsədinə çatar. Odur ki, biz ermənilərin və onları dəstəkləyənlərin arzularını gözlərində qoyub öz elimizə ən tez zamanda qayıtmaq üçün lazım olanları etməliyik.