“Crocus City Hall”da bağlı qapılar təxliyə üçün nəzərdə tutulmayıb - Emin Ağalarov Dünya

“Crocus City Hall”da bağlı qapılar təxliyə üçün nəzərdə tutulmayıb - Emin Ağalarov

İnsanların "Crocus City Hall"dan təxliyəsi zamanı çəkilən videodakı bağlı qapılar təxliyə üçün nəzərdə tutulmayıb, bu qapılar xidməti otaqlara aid olub.

Trend xəbər verir ki, bu barədə "Crocus Group"un vitse-prezidenti Emin Ağalarov "Rossiya-24" televiziya kanalına müsahibəsində bildirib.

"Bir çoxları yazır ki, yanğın çıxışları bağlı idi. Əslində, "Crocus City Hall"da kifayət sayda yanğın çıxışı var. Bağlı qapılar isə yanğın çıxışları deyildi, bunlar xidməti otaqlara aid idi, çünki səhnə arxasında çox sayda qrim otaqları, studiyalar və anbarlar var", - o deyib.

E.Ağalarov texniki təxliyə dəhlizlərinin geriyə - foyeyə apardığını əlavə edib.

"İnsanlar foyeyə qayıtmaq istəmirdilər, çünki bilirdilər ki, orada da atəş açılır, onlar alternativ yollar axtarır və yalnız personalın daxil ola biləcəyi qapılara rast gəlirdilər", - o deyib.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən, 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.