Səs-küylü Bakı Hadisə

Səs-küylü Bakı

Avtomobillərin səs-küyü ürək və əsəb xəstəliklərinin artmasına səbəb olur

Ərşad Hüseynov: "Hələlik bizdə köhnə standartlar qüvvədədir və bu da əlavə problemlər yaradır"

Vaqif Əsədov: "Səs siqnallarından istifadə etməyi adət halına gətirmişik"

Azərbaycan insanının siqnal sevgisi onun bütün həyatını müşayət edir; bizlər siqnalla salamlaşıb sağollaşır, evlənəndə və ya etirazımızı bildirəndə siqnaldan istifadə edirik. Siqnal insanlarımız üçün həyatda özünəməxsus yer tutur. Amma səs siqnallarının yerli-yersiz istifadəsi həm də narahatlıq və problem yaradır. Xüsusən Bakının uzunmüddətli tıxaclarının etiraz siqnalları həmin ətrafda yaşayan binaların sakinləri tərəfindən heç də xoş qarşılanmır.
Hüquqşunas Ərşad Hüseynov deyir ki, Azərbaycanda səs siqnallarından istifadə edilməsi haqqında qanunvericilik Avropa ölkələrinin qanunvericiliyinə uyğun olaraq hazırlanıb: "1968-ci ildə Vyanada qəbul edilmiş beynəlxalq konvensiyada qeyd edilir ki, yollarda hərəkət edən bütün nəqliyyat vasitələrinin səs siqnalları olmalıdır. Siqnalların avtomobillərin texniki təchizatının ayrılmaz hissəsidir və onlardan düzgün istifadə vacibdir. Müxtəlif səsli siqnallardan istifadə "Yol hərəkəti haqqında" qanunun 73-cü (sürücülər tərəfindən səs siqnallarından istifadə etmə), 74-cü (xüsusi siqnalların tətbiqi) maddələrin tələbi əsasında tənzimlənməlidir. Avtomobillərin istehsalçı zavod tərəfindən konstruksiyasında quraşdırılması nəzərdə tutulan səs siqnallarından istifadə edilməsinə yalnız 2 halda - yaşayış məntəqəsindən kənarda ötmə niyyəti aparmaq barədə başqa sürücüləri xəbərdar etmək üçün və yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün icazə verilir. Bu iki haldan başqa digər hallarda səs siqnallarından istifadə edildikdə 30 AZN cərimə tətbiq olunmalıdır. Qanunvericilikdə səs siqnalları haqqında qadağalardan digəri isə səs siqnallarının tipi və gücü ilə bağlıdır. Belə ki, yalnız monofonik (tək səsli) və səs gücü 105 desibeldən artıq olmayan siqnallardan istifadə etmək olar. Digər hallarda 115.7-ci maddəyə əsasən, sürücüyə 500 AZN-dən 800-dək cərimə tətbiq olunur və sürücünün siqnalı müsairə olunur".
Ekspertin sözlərinə görə, BMT-nin nəzdində fəaliyyət göstərən Avropa İqtisadi Komissiyasının avtomobillərlə bağlı hazırladığı standartlarda səs siqnalı standartı əksini tapıb. Bu standartlarda 3 meyarın əsas götürüldüyünü deyən Ə.Hüseynov Azərbaycanda bu təcrübənin tətbiq edildiyini qeyd edir.
Qeyd edək ki, siqnal növlərinə görə mexaniki (velosiped ) və elektron olur. Elektron siqnalların 2 parametri var - səsin tipi və gücü. Ekspert deyir ki, siqnallar monofoniq (bir səsli) olmalıdır. Çoxavazlı səsdən yalnız xüsusi xidmət orqanlarının avtomobilləri - xüsusi mühafizə orqanlarının, FHN-nin, təcili tibbi avtomobillər istifadə edə bilərlər. Digər sürücülər eyni səsli siqnaldan istifadə etməlidirlər. Qanunla qadağan olunmuş siqnallardan istifadə üçün 150 manat cərimə nəzərdə tutulur və siqnallar müsadirə olunur. Bu siqnallar sırasına "Adə Ələsgər!!!", "Sağ ol ay brat", "Fi fa, Fi fa" və s. aiddir. Həmçinin yol hərəkatı və nəqliyyat haqqında qanuna görə siqnal 2 saniyədən artıq davam etməməlidir".
Ekspertin bildirdiyinə görə, Azərbaycanda səs siqnalı ilə bağlı mövcud standart problem yaradır və onu dəyişmək lazımdır: "1968-ci ildə qəbul olunan Yol hərəkəti haqda Konvensiya var. Onun əlavəsində qeyd olunub ki, mühərriki olan bütün nəqliyyat vasitələrində effektiv səsboğanla təchiz olunmalıdır. Bu, hətta çox kiçik motoru olan mopedlərə də aiddir.
BMT-nin Avropa İqtisadi Komisiyası uzun illərin təcrübələri, elmi araşdrımalar əsasında bütün növ nəqliyyat növləri üzrə standartlar hazırlayır. Bu Komissiyanın təsdiq etdiyi 51 nömrəli qaydalarda səs normaları ilə bağlı standartlar bütün detalları ilə qeyd olunub. Təkcə səsboğandan çıxan səs yox, ümumilikdə avtomobilin səsi üzrə standartlar var. Sovet hökuməti həmin o 51 nömrəli qaydaları əsasında özünün QOST standartında bu parametrləri təsdiq etmişdi. Hazırda Azərbaycanda bu QOST standartı qüvvədədir, orada göstərilir ki, minik avtomobillərinin səsinin yolverilən maksimum səviyyəsi 84 desibeldir. Bundan artıq səs olduqda maşın yararsız sayılır. Bunu ölçən cihazlar var. Bu həmin dövrə görə standart idi, indi texnologiya dəyişib və beynəlxalq standartlar azaldılıb - indi 74 desibelə salınıb. Rusiyada hazırda yeni standartlarla işləyirlər, sadəcə Rusiya Nazirlər Kabineti həmin 51 nömrəli qaydanın milli standart olması haqda qərar qəbul edib. Ukraynada, Qazaxstan və s. respublikalarda da bu qəbul olunub. İndi bu norması 68 desibelə salınası haqda müzakirələr gedir - çünki texnologiya getdikcə təkmilləşir. Siqnallarla bağlı da aryıca standartlar var. Avropada bu standart 105 desibelə qədərdir. Operativ nəqliyyat vasitələrində, məsələn yol polisi maşınlarında miqalkada bu səsin yolverilən yuxarı həddi 125 desibeldir. İndi bunu da azaltmaq üçün müzakirələr gedir. Çünki araşdırmalar var ki, bu hədd insana işgəncə verməyə bərabər səviyyədədir. Nəqliyyat vasitələrində başqa standartlar da var, şüşələrin rəngi, keyfiyyəti və s. detallara bağlı. Mən dəfələrlə müvafiq orqanlara müraciət etmişəm ki, beynəlxalq standartlar qəbul edilsin. Lakin hələ ki, bizdə köhnə standartlar qüvvədədir və bu da əlavə problemlər yaradır".
Hüquqşünasın fikrincə, mövcud qanunların tətbiqinə daha ciddi yanaşmaqla məsələni həll etmək mümkündür: "Bu sahədə kifayət qədər qayda-qanun və cərimə tədbirləri mövcuddur. Əsas məsələ isə, həmin qayda-qanunu tətbiq etməkdədir. Məsələyə bir az daha ciddi yanaşılsa problemin zamanla həll olacağını düşünürəm".
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov mətbuata müsahibəsində bildirmişdi ki, məsələyə nəzarət kifayət qədər güclüdür: "Yol hərəkəti haqqında" qanunun 71-ci maddəsinin tələbinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə etmə qaydaları tənzimlənir. Məhz bu qaydaların tələblərini pozan sürücülər qanunvericiliklə nəzərdə tutulan formada məsuliyyətə cəlb olunur. İlk növbədə bildiririk ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə uyğun olaraq səs siqnallarından ancaq ötmə aparma niyyətilə yaşayış məntəqələrindən kənarda başqa sürücüləri xəbərdar etmək və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün istifadəsinə icazə verilir. Yəni səs siqnallarından istifadə yalnız iki halda mümükündür".
Vaqif Əsədov bu sahədəki cərimələrdən də danışdı: "İlin əvvəlindən bu günə kimi 1000-ə yaxın protokol hazırlanmış, müxtəlif avtomobil və avtobus sürücülərinə səs siqnalından istifadə qaydalarını pozduqları üçün cərimələr tədbiq olunmuşdur. Təkcə keçən ay 125 avtomobil sürücüsünə və 35 avtobus sürücüsünə İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsinə əsasən, inzibati protokol tərtib olunaraq aidiyyatı üzrə məhkəmələrə göndərilib. Qanunvericilik və qanunların tətbiqi baxımından bir problem yoxdur. Əsas məsələ odur ki, biz səs siqnallarından istifadə etməyi adət halına gətirmişik".
Vaqif bəy məsələdən çıxış yolunu bu sahədə maarifləndirmə və təbliğat işlərini aparmaqda görür: "Burada əsas günahkar özümüzük. Birmənalı olaraq başa düşməliyik ki, başqalarını narahat etməyə haqqımız yoxdur. Məsələnin ciddiyətinin dərk edilməsi üçün maarifləndirmə işləri aparılmalı, səs siqnallarının insan sağlamlığına mənfi təsirləri haqqında əhaliyə məlumat verilməlidir. Bununla yanaşı, ictimai qınaq metodundan istifadə edərək bu kimi halların qarşısını almaq mümkündür".
Qeyd edək ki, yüksək səs insan sağlamlığına, əsasən də eşitmə qabilliyətinə mənfi təsir göstərir. Normal yaşam tərzi olmadıqda isə insan sağlamlığında yaranan problemlər, işdə faydalılıq əmsalını aşağı salır. İnsan psixologiyasına təsir edən yüksək səslər stresə və hətta depresiyaya belə səbəb olur. Daim təsir göstərən akustik çirklənmə insanın sağlamlığını pozur. İlk növbədə əsəb sistemi pozulur və bu da səhhətimizdə digər problemlər yaradır. Səs-küy əqli qabiliyyətə mənfi təsir göstərir, yaddaşı zəiflədir, diqqəti yayındırır, yuxusuzluğa səbəb olur. Şəhər səs-küyü hipertonik xəstəliklərin, ürəyin tac (damar) xəstəliklərinin səbəblərindən biridir. Daimi səs-küyün (80 destibeldən çox) təsiri qastrit və mədə xorası xəstəlikləri yaradır. Vətəndaşlar səs-küydən qorunmaq üçün öz şikayət ərizələri ilə sahə rəislərinə müraciət edə bilərlər. Səs-küylə bağlı ən çox şikayət edənlər isə adətən evinin zirzəmisində kafe, restoran, çayxanalar olan binaların sakinləridir. Bəziləri saatın neçə olmasından asılı olmayaraq tikinti və təmir işləri ilə məşğul olur. Bu isə insanların narahatçılığı ilə nəticələnir. Avropa və dünya ölkələrində insanlar paytaxtın səs-küyündən qaçmaq üçün ətraf qəsəbələrdə yaşayır. Bakıda isə tam əksinədir. İmkanı olan şəxslər daha çox şəhərin mərkəzində yaşamağı üstün tuturlar.
Normativlərə görə isə, böyük şəhərlərdə gündüz səs-küyün səviyyəsi 55 destibeldən çox olmamalıdır. Londonda bu göstərici 57, Paris və Peterburqda isə 60 desibeldir. Səs-küyün 10 destibel artması ümumi xəstəliklərin 20-30 faiz, ürək və əsəb xəstəliklərinin isə 1,5-2 dəfə artmasına səbəb olur. Səs fonunun optimal səviyyəsi isə gecə 30, gündüz isə 40 destibeldir. Belə səs-küyü yarpaqların xışıltısı ilə müqayisə etmək olar. Yeri gəlmişkən, yaşıllıqlar səsin ağacların yarpaqları tərəfindən udularaq azalmasına kömək edir. Elə şəhər mühitində problemin həlli yollarından biri də yaşıllaşmadır. Avtomobil yollarının kənarlarında ağacların əkilməsi səsin udulmasına və insan orqanizminə təsirinin zəifləməsinə səbəb olur. Dünyanın bir çox ölkələrində (məsələn, Böyük Britaniyada, Rusiyada, Almaniyada və b.) şəhərlərin xüsusi səs-küy xəritələri yaradılıb ki, səs-küyün harada normadan artıq olduğunu bilmək mümkün olsun. Bizdə səs-küy xəritəsi barədə 2005-ci ildən düşünürlər, amma hələ bu baş verməyib.

Ülviyyə Tahirqızı