Görkəmli türkoloq dilçi Mədəniyyət

Görkəmli türkoloq dilçi

Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, Afad Qurbanov onu araşdırmasın və öz münasibətini bildirməsin

Görkəmli dilçi-alim, məşhur türkoloq Afad Qurbanov - Azərbaycanın hazırkı əlifbasının müəllifi və islahatçısı, milli və beynəlxalq akademiyaların akademiki, dünyanın bir çox linqvistik və onomastik elmi təşkilatlarının həqiqi və ya fəxri üzvü, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor... O, uzun illər boyu bütün qüvvə və bacarığını dilimizin hərtərəfli tədqiqinə və təbliğinə, yüksək ixtisaslı elmi-pedaqoji kadrların, alimlərin yetişdirilməsi işinə həsr edib. Onun ömür kitabını vərəqləyəndə gözlərimiz önündə istedadlı bir linqvist-alim, fədakar müəllim canlanır.
A.Qurbanov öz alim fərdiyyətini təsdiq edə bilən, özünü yaxşı mənada başqalarından fərqləndirə bilən alim idi. Həmişə axtarışda, fəal təfəkkür və elmi düşüncələr aləmində olan A.Qurbanov ömrünün sonunadək alim həyatının və elmi fəaliyyətinin zirvələrində idi. Dilçiliyin bir sıra sahələrinin əsasını qoyan, filoloji məktəb yaratmış Afad Qurbanov çox zəngin və məhsuldar bir yaradıcılığa malik idi. Onun elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı geniş və əhatəli olub.
Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, alim onu araşdırmasın və öz münasibətini bildirməsin. Onun çox sayda olan əsərləri elmiliyi, professionallığı ilə seçilir, müəllifin dərin, sərrast elmi təfəkküründən xəbər verir. Alimin ümumi, türkoloji və Azərbaycan dilçiliyinin tədqiqatlarına dair 70-dən artıq kitabı, dərsliyi, monoqrafiyası, 500-dən çox elmi-metodik məqaləsi nəşr edilib. Onun hər bir əsəri Azərbaycan dilçiliyində mövcud problemin həllinə kömək edib. Bu əsərlərin bir qismi müxtəlif mükafatlara layiq görülüb, bir qismi isə xarici ölkələrdə, o cümlədən Rusiya, Türkiyə və başqa dövlətlərdə dərc edilib. Alimin iki cildlik "Ümumi dilçilik", "Müasir Azərbaycan ədəbi dili", "Azərbaycan dilinin onomalogiyası" və s. kitabları dünya və milli dilçilik xəzinəsinin ən kamil və dəyərli incilərindəndir. Afad Qurbanov yazdığı əsərlərə görə dövlət tərəfindən təltif edilmiş az sayda dilçi alimlərimizdən biridir. O, dövlət mükafatına çoxsaylı əsərlərindən elə ancaq birinə - iki cildlik "Azərbaycan dilinin onomalogiyası" monoqrafiyasına görə layiq görülüb.
A.Qurbanov istedadlı alim və peşəkar müəllim olmaqla yanaşı həm də fəal təşkilatçı xadim idi. O, müxtəlif vəzifələrdə işlədiyi dövrdə yüksək təşkilatçılıq bacarığı nümayiş etdirib, 1990-1995-ci illərdə isə Azərbaycan Parlamentinin
deputatı kimi fəaliyyəti xalq və dövlət tərəfindən yüksək qiymətləndirilib.
O, 1929-cu ildə Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində yüksək rütbəli hərbçi ailəsində anadan olub. Orta təhsilini Ermənistanın Qızıl Şəfəq və İlməzli məktəblərində alıb. Müharibə illərindəki kadr qıtlığı, habelə onun savadı və təşkilatçılıq bacarığı nəzərə alınaraq 1945-ci ildə 16 yaşlı yeniyetmə Qızıl Şəfəq yeddiillik məktəbinin direktoru və Azərbaycan dili müəllimi təyin edilib. Məhz həmin ildən Afad Qurbanov pedaqoji fəaliyyətə başlayıb. Sonradan 1948-ci ildə Gürcüstan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirən Afad Qurbanovu Başkeçid rayonundakı Qruzman yeddiillik kənd məktəbinə direktor və Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin etmişlər. Təhsilini davam etdirmək məqsədi ilə o, öz xahişi ilə vəzifədən azad olunaraq elə həmin il Bakıya gəlib və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olub.
1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vuran Afad Qurbanovun dərin bilik və bacarığına bələd olan Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Əbdüləzəl Dəmirçizadə institutda saxlanılması üçün rektorluğa müraciət edib. Lakin bu müraciətə o zaman əhəmiyyət verilməyib, dilçilik üzrə aspiranturaya yer ayrılmayıb və Afad Qurbanov bir müddət orta məktəbdə fəaliyyət göstərməli olub.
Afad Qurbanov savadına, təşkilatçılıq bacarığına görə Gürcüstan Maarif Nazirliyi tərəfindən azərbaycanlıların ən böyük təhsil ocağı olan Başkeçid rayonundakı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilib. İyirmi iki yaşlı gəncin iki mindən artıq şagirdi, onlarca müəllimi olan böyük təhsil ocağına rəhbərlik etməsi nadir hadisə idi. Afad Qurbanov ona göstərilən etimadı ləyaqətlə doğruldur və direktor işlədiyi dörd il ərzində Hamamlı orta məktəbini qabaqcıl təhsil ocaqları sırasına çıxarır.
Bununla kifayətlənməyən Afad Qurbanov elm-təhsil yolunu seçir, Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda qısa müddətli müəllimlik fəaliyyətindən sonra 1956-cı ildə Bakıya qayıdır və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasında aspiranturaya daxil olur. Eyni zamanda Bakı Ali Partiya məktəbində və Azərbaycan Dövlət Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllimlik fəaliyyətini davam etdirir.
Aspiranturada oxuyarkən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Ə.Dəmirçizadənin elmi rəhbərliyi altında Səməd Vurğunun dramaturgiyasının dili üzərində tədqiqat işləri aparır, elmi işini vaxtından əvvəl yazıb qurtardığı üçün institutda saxlanılır. 1962-ci ildə S.Vurğunun "Vaqif" pyesinin dili və üslubu mövzusunda namizədlik, 1968-ci ildə "Müasir Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə edir.
1970-ci ildə Ali Attestasiya Komissiyası Afad Qurbanovu professor vəzifəsinə layiq görür. Afad Qunbanov 1959-cu ildən Azərbaycan dilçiliyi kafedrasında assistent, müəllim, 1965-ci ildən dosent vəzifələrində çalışır. 1967-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekan müavini, 13 il dekanı işləyir, 1981-1989-cu illərdə institutun rektoru vəzifəsində çalışır, həmin dövrdə də Filologiya Elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika Elmləri üzrə Müdafiə Şurasının sədri olur. 1979-cu ildən həyatının sonuna kimi 30 il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri işləyir.
1979-cu ildən "Azərbaycan toponimlər lüğəti" ensiklopedik nəşrinin, "Dil və ədəbiyyat" məcmuəsinin "Elm və həyat" jurnalının "Təhsil və Türkologiya" jurnalının redaksiya heyətinin üzvü, "Dilçilik" elmi-linqvistik və "Onomastika" elmi-onomastik jurnalının təsisçisi, baş redaktoru olur.
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir. 1987-ci ildə ABŞ-ın İndiana Universitetində keçirilən Türk Tədqiqatları üzrə İkinci Beynəlxalq Konfransında "Azərbaycan onomastikası sahəsində elmi tədqiqatlar" mövzusunda məruzəsi, 1989-cu ildə isə Norveçin Ural-Altay İnstitutu tərəfindən Oslo şəhərində keçirilən Daimi Beynəlxalq Altayşünaslıq Konfransının 32-ci iclasında "Kutianlar və onların şəxsi adları" adlı məruzəsi dinlənilib.
Azərbaycan dilçiliyində ümumdilçilik problemləri sahəsindəki ilk və yeganə sanballı elmi araşdırmalar, türkoloji dilçilik sahəsində əsaslı tədqiqatlar, onomastika elmi məktəbinin yaradılması, habelə Azərbaycanda əlifba islahatı və hazırkı əlifbamızın hazırlanması professor Afad Qurbanovun adı ilə bağlıdır. Onun yazdığı iki cildlik "Ümumi dilçilik", "Azərbaycan onomalogiyasının əsasları" adlı kitabları milli zəmində yazılmış ilk dərslik və monoqrafiyalar kimi böyük əhəmiyyətə malikdir. Azərbaycanda ümumi dilçiliyə aid müxtəlif tipli əsərlər yazılmasına baxmayaraq, dilçiliyin bu sahəsi konseptual səviyyəyə yüksələ bilməmiş, kitablar qəliz dildə yazılmış və ümumi dilçiliyin bütün sahələrini tam əhatə etməmişdi. Azərbaycan dilçiliyində ümumdilçilik problemləri sahəsindəki ilk sanballı elmi əsərləri, kitabları, dərslikləri, dərs vəsaitlərini, tədris proqramlarını Afad Qurbanov yazıb. "Ümumi dilçilik məsələləri" dərs vəsaiti (1972), "Dilçiliyin sistemi", "Dilçiliyin tarixi" əsərləri (1976), "Ümumi dilçilik" dərsliyi (1977), iki cildlik "Ümumi dilçilik" monoqrafiyası (1989, 1993, 2004, 2010), habelə rus və türk dillərində kitabları. 1977-ci ildən bu günə kimi istifadə olunan "Ümumi dilçilik" adlı kitabı Azərbaycan pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk və yeganə dərslik kimi aktuallığını saxlamaqdadır.
Afad Qurbanov XX əsrin görkəmli türkoloq dilçilərindəndir. O, türkologiyanın digər korifeyləri - akademik Kononov, Teneşev, Şerbak ilə birgə sovet zamanı türkologiyanın inkişafı üçün öz tarixi töhfəsini verib. Onun "Türkoloji dilçilik" monoqrafiyası, "Türk antroponimlərinin inkişaf dövrləri", "Ümumtürk antroponimiyası tarixi", "Türkoloji dilçiliyə dair biblioqrafiya", "Türk xalqlarında advermə ənənələri", "Qədim türk adları", "Ortaq türk dili" və s. kitabları fədakar alimin yorulmaz axtarışlarının nəticəsi olub.
Azərbaycanın dilçilik tarixində elmi məktəb yaratmış az sayda dillərimiz olub. XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyinin inkişafında xüsusi mərhələ hesab olunur və bu mərhələdə Azərbaycan onomalogiyasının müstəqil nəzəri dilçilik şöbəsinin - elmi məktəb kimi formalaşması bilavasitə Afad Qurbanovun adı və fəaliyyəti ilə bağlıdır. Alimin dilçiliyin bütün sahələrində, əsasən ümumdilçilik, türkologiya və onomalogiya ilə bağlı tədqiqatları təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da öyrənilir, oxunur və tədris edilir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və yeni latın qrafikalı əlifbanın müəllifi kimi böyük xidmətləri olub. İstedadlı alim, bacarıqlı təşkilatçı olan Afad Qurbanov bütün qüvvə və bacarığını xalqın arzu və istəklərini əks etdirən bu mühüm işə - Azərbaycan əlifbasının yeni latın qrafikasına keçməsinə həsr edib.
XX əsrin Azərbaycan dilçiliyinin korifeyi Afad Qurbanovun Azərbaycan dilçilik elminə verdiyi töhfələr, əsasını qoyduğu Azərbaycan onomalogiyası elmi məktəbi, yazdığı çoxsaylı sanballı əsərlər, hazırladığı və bu gün də istifadə etdiyimiz latın qrafikalı əlifbası, yetişdirdiyi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar yüksək mənada vətəndaşlığın, fədakar alim fəaliyyətinin parlaq nümunəsidir və o, Azərbaycan dilçilik elmi salnaməsində şərəfli yerlərdən birini tutur.

İsmayıl Məmmədli,
professor