
28 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Van İ ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Azərbaycan Respublikası Prezidentinin Çinə ötən ilin aprel ayında həyata keçirdiyi dövlət səfəri zamanı imzalanmış çoxsaylı müqavilələrin bir sıra istiqamətlərdə əməkdaşlığa əlavə təkan verdiyi vurğulanıb.
2027-ci il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illik yubileyinin qeyd olunacağı məmnunluqla xatırlanıb.
Nazirlər qarşılıqlı etimad və hörmətə əsaslanan əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə görülən işlərdə birgə əməkdaşlıq təqdir olunub.
Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Qoşulmama Hərəkatı və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Tərəflər, həmçinin, xalqlararası əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin genişləndirilməsinin ikitərəfli münasibətlərin dayanıqlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib. Görüşdə, həmçinin post-münaqişə dövründə bərpa-quruculuq işləri və mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Minasızlaşdırma fəaliyyətində ANAMA-ya dəstəyə görə Çin tərəfinə təşəkkür ifadə olunub.
Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
15:37
Pekində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında geniştərkibli görüş keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlığın mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçiriblər.
Ceyhun Bayramovla Van İ yüksək səviyyəli siyasi dialoqun əhəmiyyətini və Xarici İşlər nazirlikləri arasında mütəmadi təmasları əhəmiyyətini vurğulayıblar.
Ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanları, konnektivlik və nəqliyyat dəhlizləri, enerji əməkdaşlığı, eləcə də innovasiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq görüşdə müzakirə edilən mövzular arasında olub.
Tərəflər həm də regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar və çoxtərəfli çərçivələrdə əməkdaşlığın önəminə toxunublar.
Hər iki nazir bu səfərin ikitərəfli əlaqələrin güclənməsinə töhfə verəcəyi və bir çox sektorda praktiki əməkdaşlığın genişləndirilməsinə yardım edəcəyi barədə əminliklərini ifadə ediblər.