“Ədəbiyyat yazıçının, şairin ruhunu ortaya qoymağıdır” Mədəniyyət

“Ədəbiyyat yazıçının, şairin ruhunu ortaya qoymağıdır”

Ədəbi-tənqidi məqalələrdə, publisist yazılarda, mətbuatda tez-tez "qadın yazıçı", "qadın şair" ifadələrinə rast gəlirik. Qadınlar bu münasibətə etiraz edir və bu ifadələrin seksist olduğunu düşünür. Onların fikrincə "kişi yazıçı" ifadəsi yoxdursa "qadın yazıçı" ifadəsi də işlənməməlidir.
Bəs qarşı tərəfin bu ifadələrə münasibəti necədir?
Kulis.Az bu barədə sorğu keçirib. Cavabları oxucularımıza təqdim edirik.

Rüstəm Behrudi:

- Böyük mənada əsaslı bir fərq görmürəm. Ancaq ədəbiyyat həm də yazıçının, şairin ruhunu ortaya qoymağıdır. Bax, burda məsələ bir az ciddiləşir. Qadın və kişi ruhu (düşüncəsi yox ha! – R.B.) tamamilə fərqlidir. Qadın fenomendir. Kişilərin bütün həyatları boyu öyrəndiklərini qadınlar doğuluşdan bilirlər. Bununla belə, bir qadının yazdığını ilk oxunuşdan fərqləndirə bilərəm. A.Axmatova, M.Svetayevanın şerlərinin altında imzaları olmasa belə bir qadın tərəfindən yazıldığını hiss eləyə bilərəm. Ancaq qadın-kişi ədəbi təsnifatını qəbul etmirəm. Adam ya yazıçıdır, ya da deyil. Bunun cinsə dəxli yoxdur.

Seyran Səxavət:

- Qadınların işi-gücü yoxdur? Getsinlər əsərlərini yazsınlar. Qadın olmaqdan xoşları gəlmir? Qadın qadındır, kişi də kişidir də... Əsas olan ortaya əsər qoymaqdır. Onların yerinə qadın ola bilmərik ki. Burda inciməli heç nə yoxdur. Qadın yazarlarımız da var, içində istedadlıları da var, istedadsızları da. Eləcə də kişi yazarlarımız da... Qadınlar, deyəsən ayrı şey istəyirlər. Ancaq mən onların nə istədiklərini başa düşə bilmirəm. Allah köməkləri olsun!

Aqil Abbas:

- Qadınlar haqlıdır etiraz etməkdə, düz deyirlər. Yazıçılığının kişi və qadını olar? Yaradıcılıqda nə qadın nə kişi?! Yazıçını, şairi, filosofu qadına və kişiyə ayırmaq olar? Bizim Məhsəti Gəncəvi kimi böyük bir şairimiz var. XII əsrdə özü də. Mirvarid Dilbazi, Nigar Rəfibəyli necə gözəl şairləridir. Əzizə Cəfərzadə kimi tarixi romanlar yazan heç kişi yazıçı yoxdur Azərbaycanda. Ruslarda Anna Axmatova kimi şair var? Sadəcə bizdə qadınlar zəifdirlər deyə, məişət qayğıları ilə məşğuldurlar deyə onları həmişə ayırırlar bu məsələdə. Mən qəti şəkildə "qadın yazıçı", "qadın şair" ifadələrinə etiraz eləyirəm. Bizdə, müsəlmanlarda qadına birtəhər baxırlar. Bu ifadələr də ordan yaranır. Amma baxın islamda qadınlar Avropadan lap əvvəl yaradıcılıqla məşğul olublar. Avropada 19-cu əsrdə qadınlar yazmağa başlayıb, bizdə isə XII əsrdə. Göydən enən mələk qadındır, yoxsa kişi? Bilinmir, onların cinsi yoxdur. Eləcə də yaradıcı adamın da cinsi olmur. Allahın mələkləridir yaradıcı adamlar.

Səfər Alışarlı:

- Biz gözümüzü açandan qadınla kişi arasında fərqin mövcudluğunu görmüşük. Özü də bunun elə əndazələrini görmüşük ki, onları bütün realistik tutumu ilə heç ədəbiyyata da gətirmək mümkün deyil. Qadını azad və kişi ilə bərabərhüquqlu edən onun cəmiyyətdəki sosial durumudur. Qadınla kişi arasında ictimai fərqin kəskinliyi yalnız kasıblığın hökm sürdüyü ölkələrdə nəzərə çarpır. Qadını azad olmayan cəmiyyət heç zaman azad ola bilməz. İnsanlara yaxşı yaşamağı qadağan edən sovet hökuməti müsəlman respublikalarında köləliyi qorumaq üçün çoxlu "namus kateqoriyaları" icad etmişdi. Onların çoxu hələ də qüvvədədir və qadın azadlığına mane olur. Bir az əvvələ baxsaq, biz türk qadınını daha azad görərik. O ki, qaldı qadın yazarlara münasibətə, mənə elə gəlir ki, istehsal etdikləri ədəbi məhsullarda ciddi fərq olmadığı üçün bizim ədəbi mühitdə kişi və qadın yazarları bir-birindən seçməyə və ayırmağa lüzum yoxdur.

Aqşin Yenisey:

- Deyirlər, bizə qadın deməyin, deməyək də! Bu qədər dərdin-sərin içində kiminsə qadın olub-olmadığını ədəbiyyatın probleminə çevirməyin nə mənası var? Bir kişi öz diliylə desə ki, mənə kişi deməyin, mən kişi deyiləm, yığışıb onu kişi etməyin bir önəmi varmı? Bu da o cür şəxsi, intim məsələdir.

Qan Turalı:

- Əsrlərdir ədəbiyyat kişilərin nəzarətindədir. Sapfo sadəcə bir istisnadır. Qədim Yunanlarda azadlıq vardı. Amma bu azadlıq belə qadını kölə halına salırdı. Bu, XX əsrə qədər belə gəldi. Deyirlər, qadından yazıçı olmaz. Qadının ruhunun olub-olmadığı belə müzakirə olundu. Qadından peyğəmbər də olmazdı. Qadınlara səsvermə hüququ XX əsrdə verilib. O cümlədən təhsil hüququ. Virginiya Vulf elitar ailədən idi, bununla belə XX əsrdə ali təhsil almaq hüququ yox idi. Bu dəhşətli bərabərsizlik atmosferində əlbəttə ki, qadın yazıçı çıxması imkansıza yaxın bir şey idi. Bu gün biz qadın yazıçı deyəndə də məhz bu seksist münasibətdən çıxış edirik. Bu zehniyyət qadını məktəbə getməyə qadağan edən zehniyyətdir. Kişi yazıçı demirik, amma qadın yazıçı deyirik. Çünki qadının nəsr yazmağı bizə qəribə gəlir. Mütləq vurğulamalıyıq, bu qadındır ha… Bəzi tənqidçilərimiz də sağ olsunlar, qadınları ayrı bir kateqoriyada qiymətləndirirlər. Zaman keçib. Allahdan olan kimi indi qadına şairə olmağa qoyurlar. "Hə, şeir olar, amma nəsr qadınlıq deyil". Əlbəttə, zamanla qadınlar yazıçı olmaq "haqqı"nı da alacaqlar. Bu qarşısıalınmaz prosesdir, zamanın tələbidir. "Qadın yazıçılar" sözü isə son dərəcə təhqiramizdir. Biz bu sözdən imtina etməliyik, vəssalam! Ədəbiyyat yazı sənətidir, fikir sənətidir, dünyanın idrakıdır. Burda nə kişi, nə qadın!