Azərbaycanı candan sevən Şəhriyar Mədəniyyət

Azərbaycanı candan sevən Şəhriyar

"Heydərbabaya salam" poemasının Quzey Azərbaycana da böyük təsiri oldu

Bütün türk dünyasında çox böyük çəkisi olan Seyid Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması xalq həyatını, adət-ənələrini özündə güzgü kimi əks etdirən olduqca möhtəşəm bir əsərdir. İlk növbədə hamı tərəfindən qəbul olunmuş dil faktorunun xalq arasında sürətlə yayılmasının ilkin səbəbkarı olan, eyni zamanda ictimai-siyasi-iqtisadi vəziyyəti real boyalarla özündə əks etdirən, birliyə, azadlığa, istiqlala çağıran, şairin xatirələri fonunda xalqın keçmişə nəzər salmasına səbəb olan, milli varlığı coşğun və dərin vətənpərvərlik hissi ilə göstərən, qəsbkarlığa nifrətini bildirən, hər biri ayrılıqda bütöv bir əsərin mənasını ifadə edə bilən, gözəl, bitkin tablolara material verə biləcək beşliklər, unudulmaqda olan yeni, sıx çalarlarla həyata qaytarılan sözlər, məcazlar, təşbehlər, sadə sözlərlə dərin fikirləri ifadəsində əlavə xalq adət və ənənələrini olduqca gözəl, yığcam şəkildə əks etdirən əsərdir:

Bayram idi gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Heydərbaba, Mirzəməmmədin bağçası,
Bağçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.

Bayram olub qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalarda düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənir anası, qaynanansı..

Bakıçının sözü, sövu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi,
Qızlar deyər: "Atıl-matıl çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə":

Esmira Fuad yazır: "Şəhriyar "Heydərbabaya salam" mənzuməsində Azərbaycan türklərinin düşüncə tərzində, bədii yaddaşında, mifoloji təfəkküründə, folklorunda yaşadaraq bu günümüzə ərməğan etdiyi adət-ənənələri, mərasim və ayinləri, təntənəli bayram günlərini yüksək pöetik dildə vəsf edib".
Şəhriyar yaradıcılığında xalq şeirinin forma-qəliblərinə, xüsusilə onun obrazlarına, ifadə üsullarına meyli özünü parlaq şəkildə büruzə verir. Şübhəsiz ki, bu meyl ədəbi zərurət kimi xalqın zəngin ədəbi-mənəvi sərvətlərinə məhəbbətdən irəli gəlir.
Güney Azərbaycanda milli-mənəvi dirçəliş hər şeydən öncə ədəbi dilin bədii üslubuna təsir etmişdi. Ədəbi dilin inkişafı üçün isə əsas mənbə şübhəsiz ki, folklor dili idi. Güney Azərbaycanda ədəbi dilin bədii üslubunda canlanma məhz 1950-ci ildən etibarən folklor təfəkkür tərzinin bilavasitə təsiri ilə müşahidə edilirdi. Ustad Şəhriyar folklorun dilində danışaraq yeni folklor nümunələri yaradırdı. 50-ci illərdən etibarən Güney Azərbaycanda ədəbi-bədii dil folklor ənənələrinə əsaslanaraq elə bir tərzdə inkişaf eləməyə başladı ki, təkcə ustad Şəhriyarın "Heydərbabaya salam" poemasının təsiri ilə Quzey Azərbaycanda da folklora qayıdış, folklor ifadə tərzinə maraq güclənməyə başladı. Şübhəsiz ki, Güney Azərbaycanda klassik ənənələrə malik dil, qəzəl ifadə tərzi də mövcud idi, lakin folklor ifadə tərzinin aparıcı imkanları 50-ci illərdən etibarən bütün gücü ilə reallaşmağa başladı və bəzən elə nümunələr əmələ gəldi ki, bunları folklor nümunələrindən seçmək mümkün olmadı.
Ustad Şəhriyar ədəbi-bədii dilin inkişafı üçün eksprimentlər eləməyə başladı və bədii sözün ibtidai təşbehlər və oxşatmalar şəklindən daha dolğun və zəngin ifadə vasitələri ilə bitkin formalar yaratmağa başladı:

Qarı nənə uzadanda işini,
Gün bulutda əyirərdi teşini.
Qurd qocalıb çəkdirəndə dişini
Sürü qalxıb dolayıdan aşardı,
Badyaların südü aşıb-daşardı..

Şəhriyarşünas alim Elman Quliyev ustad Şəhriyarın bu misraları ilə əlaqədar "Şəhriyar poeziyası və milli təkamül" adlı monoqrafiyasında yazır; "Xalqımızın folklor yaradıcılığında qədimliyinə görə seçilən janrlardan biri əmək nəğmələridir. Aydındır ki, burada əsas məqsəd əməyi ritmləşdirmək, yüngülləşdirmək olub. O biri tərəfdən bu nəğmələr hər hansı əməyin yerinə yetirilməsi barədə müfəssəl məlumat baxımından əhəmiyyətlidir. Məlumdur ki, əmək nəğmələri əvvəllər bəsit olub, sonralar kamil nümunələr yaradılıb. Əmək nəğmələrində demək olar ki, əməyin bütün növləri əhatə olunub. Azərbaycanda adi üsulla yun əyirmək geniş yayılmış işdir. Saf əmək adamları bu işi "cəhrə" deyilən alətlə həyata keçirirlər. Bu zaman yundan əyrilmiş ip milə dolanır və düyünçə şəklində hazır məhsula çevrilir. Güney Azərbaycanda həmin milə "teşi" deyilir. Ustad sənətkar bu xüsusda əmək nəğməsi yaratmasa da bu gözəl əməyi-adəti poeziyada əks etdirir".
Xalqın dünənindən, bugünündən və sabahından bəhs etmək üçün şairlərin tez-tez müraciət etdikləri mövzulardan biri də ana dili məsələsidir. Xalqın varlığının ümdə əlaməti, beynində, şuurunda, təfəkküründə qoruya-qoruya yaşatdığı doğma dilin uzun bir dövr üçün qayğıdan məhrum olmasında daim söz ustaları, söz sərrafları özlərini günahkar hesab edir. Ümumiyyətlə, insan elə bir varlıqdır ki, əgər ətrafında baş vermiş mənfiliklərə, problemlərə görə ilk növbədə özünü qınaq obyekti olaraq seçirsə, bu, onun xəlqiliyini, vətənpərvərliyini, vicdanlı olmasına dəlalət edir. Əgər bir insan çevrəsində baş verən çatışmazlıqlara görə özü-özünə hesabat vermirsə, deməli, mənəviyyatı boşdur. Belə olan halda isə həmin şəxsdən heç zaman sənətkar ola bilməz. Şairlər isə xalqın həyatının bütün bəşəriyyətə açılan güzgüsüdür. Şübhəsiz ki, Güney Azərbaycan şairləri də tək İranda və yaxud Azərbaycanda baş verən təlatümlü hadisələrə biganə qalmayıblar, eyni zamanda bütün dünyanın dərdinə daim acıyıb, imkan daxilində iti qələmləri vasitəsilə bütün əyrilikləri, haqsızlıqları xarakterizə ediblər.
Şübhəsiz ki, burda sadə xalqın, daha doğrusu, şahların, xaqanların fironluğu nəticəsində inanılmaz dərəcədə əziyyət çəkən kəndlilərin olduqca acınacaqlı həyatına acıyan, onların dərdlərini, qəm-möhnətlərini özününkü hesab eləyən Şəhriyar yaradıcılığındakı əsas ali məqsəd hər şeydən öncə xalqının taleyini bütün problemlərdən vacib hesab etməsindədir və bəlkə də dahi şairin şeirlərindəki obrazlı düşüncələr oxucunu valeh edir.. Şəhriyar Azərbaycanı həqiqətən sevən bir şair kimi öz əsərlərində Azərbaycanı, eyni zamanda Azərbaycan xalqını dünyaya tanıtmağa çalışıb. O, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərini, nəcib sifətlərini, humanizmini göstərməklə yanaşı, onun yaşadığı həyatı, adət və ənənələrini də qüdrətli qələmi ilə təcəssüm etdirib. Xalqın həyatında, məşişətində nə varsa, hamısını bədii boyalarla, poetik lövhələrlə göstərib, bir sözlə, sadə xalqın sürdüyü həyatı, adət-ənənəsini, bayramlarını, mərasimlərini hər cəhətdən olduqca yüksək bir formada əks etdirib.
Yaradıcılığı boyu folklor ənənələrinə söykənən Şəhriyar bu ənənələrdən olduqca incəliklə, dəqiqliklə istifadə edərək bədii məqsədinə müvafiq surətdə dəyişərək əsərlərinə qiymətsiz ləllərlə bəzənmiş formalar geyindirib. Şairin əsərlərini xarakterizə etdikdə onun xeyli nağıl, rəvayət, dastan mötivləri, folklor deyim tərzləri, sayaçı sözlər, atalar sözləri, zərb-məsəllərdən və s. olduqca peşəkarcasına, məharətlə faydalandığını görürük:

Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib çarmayınca yatmaram...

Şəhriyar xalqımızın adət-ənənələrinə mükəmməl surətdə bələd idi. Əlbəttə, başqa cür ola da bilməzdi. Xalqın içindən çıxmış, xalqın içində böyümüş, hər adəti, ənənəni öz içində yaşatmış, eyni zamanda bütün bunları həyatının mənası hesab etmiş şair olduqca qədim və zəngin mədəniyyətə, tarixə malik olan xalqının məişətinə, milli xüsusiyyətinə bütün incəliklərilə bələd olmaya bilməzdi.
Elə təkcə Novruz bayramı ərəfəsində çox sayda adət-ənənələr nümayiş etdirən xalq heç bir şeyi nəzərdən qaçırmayan, vətənpərvər və həssas qəlbli Şəhriyar üçün əvəzolunmaz bir qaynaq, suyu heç vaxt qurumayan bir çeşmə idi. Hamıya məlumdur ki, Novruz bayramı xalqın həyatını, məişətini, adət-ənənələrini olduqca qabarıq şəkildə özündə əks etdirir. Şəhriyar artıq bütün türk dünyasının poeziya bayrağına çevrilmiş "Heydərbabaya salam" poemasında Novruz bayramı ilə əlaqədar adət və ənənələri olduqca poetik lövhələrlə oxucunun qarşısında nümayiş etdirir:

Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub, otaqları bəzərlər,
Taxçalara düzmələri düzərlər,
Qız gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.

Xalqımız ruzu qazanmaqdan ötrü daim əkinçiliklə və heyvandarlıqla da məşğul olub. Bu da bilavasitə xalqın mənəviyyatının zənginləşməsinə xidmət göstərib. Ustad Şəhriyar "Heydərbabaya salam" poemasında bütün bunlarla yanaşı, xalqın yaşaması üçün çox vacib olan qışa tədarükünü də da olduqca əlvan boyalarla əks etdirir. Məlum məsələdir ki, insanın əsas qidası olan taxıl məhsullarının hasilə gəlməsi olduqca çətin və uzun bir prosesdir. Taxıl əkilib-becəriləndən və yetişəndən sonra biçilərək, dərzlərdən "pəncə" bağlayıb yük heyvanlarının belində və yaxud öküz arabalarında möhkəm yerlərdə düzəldilmiş xırmanlara daşınırdı. Ustad Şəhriyar bu prosesin üzərində xüsusilə dayanır və bütün poema boyu bunu canlı səhnələrlə nümayiş etdirir:

Xəlvərçilər burda xəlvər daşırdı,
Bu külliükdən uşaqlar dırmaşırdı,
Sellər kimi nemət aşıb-daşırdı,
Hər iş dedin, hər kimsəyə görərdi,
Can dərmanı istəsəydin verərdi.

Milli dəyərlərə, soyuna-kökünə, mədəniyyətinə, tarixinə, yeddi arxa dönəninə bağlı olan Şəhriyarın bütün yaradıcılığından bütün bunlar bir qızıl xətt kimi keçib və xalqının adətini, ənənəsini, məişətini, yüksək mənəvi keyfiyyətlərini öyrənmək istəyən hər kəs üçün olduqca böyük əhəmiyyət kəsb edib.

Vüqar ƏHməd,
professor