

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Atvars Vildekomandanın Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatındakı çıxışını dəyərləndirib.
Latviyalı mütəxəssis bu barədə “Report”a açqlama verib.
O, turnirdəki məqsədlərindən danışıb:
“Əla turnir oldu və çoxlu oyunlar keçirdik. Əsas məqsədimiz hər xal uğrunda mübarizə aparmaq idi. Və biz bunu etdik, bu da o deməkdir ki, set və oyun qazana bilərik. Komanda olaraq necə inkişaf etdiyimizi görmək məni həqiqətən sevindirir. Mənim üçün ən vacibi də budur. İşimizə davam edirik və bu turnir göstərdi ki, biz düzgün yoldayıq”.
Baş məşqçi komandaya daha çox təcrübə lazım olduğunu söyləyib:
“Qrup oyunları və pley-off fərqlidir, indi hər oyunda ən yaxşı performansımızı göstərməliyik. Bunu da etdik. Zəhmətimiz bəhrə verir. Bizə, sadəcə, daha çox təcrübə lazımdır və bəlkə növbəti dəfə ilk “4-lük”də olarıq. Latviyanın ikinci komandasına qalib gəlsək də, birinci heyətinə uduzduq”.
U-20 yığmasına da rəhbərlik edən baş məşqçi bu komandaların yarışında Ermənistan üzərində qələbəni xüsusi qeyd edib:
“Ermənistan üzərində qələbə çox gözəl oldu. Çünki bu, Azərbaycan komandası ilə rəsmi Avropa turnirində qazandığım ilk qələbə idi. Ona görə də çox önəmli idi və biz gücümüzü göstərməliyik”.
O, qarşıdakı planlardan da danışıb:
“Azərbaycan, həmçinin U-18, U-20 və U-22 Avropa çempionatlarına hazırlaşacağıq. İndi bir neçə gün istirahət vaxtıdır və daha sonra yenilənmiş beyinlə geri dönəcəyik”.
Qeyd edək ki, A.Vildenin rəhbərlik etdiyi U-18 millimiz EEVZA çempionatını beşinci pillədə başa vurub.