Makedoniyalı fatehin iki taleyi: Aleksandr və İsgəndər Mədəniyyət

Makedoniyalı fatehin iki taleyi: Aleksandr və İsgəndər

Hər şey qeyri-adi idi, sanki bir an içərisində baş verirdi...

I yazı

O, dünya tarixinin ən parlaq, ən məşhur və ən sirli şəxsiyyətlərindəndir. Makedoniya hökmdarı II Filippin (bizim eradan əvvəl 359-336-cı illərdə hakimiyyətdə olub) oğlu olan Aleksandr atasının yunan şəhər-dövlətlərinə qarşı apardığı vuruşlarda özünü cəsur igid kimi göstərirdi. B.e.ə. 338-ci ildə Xeroneya şəhəri yaxınlığında II Filippin yaxşı təşkil olunmuş, yüksək nizamlı ordusu ilə məşhur natiq Demosfenin rəhbərlik etdiyi birləşmiş Afina-yunan qoşunları arasında qanlı və çətin döyüş oldu. Bu döyüş makedoniyalılara qələbə, yunan şəhər-dövlətlərinə məğlubiyyət, 18 yaşlı Aleksandara isə qeyri-adi qəhrəman şöhrəti gətirdi. Onun bu döyüşdə göstərdiyi sərkərdəlik qabiliyyəti dillərə düşüb gənc döyüşçünün coşğun fatehlik arzusunu daha da alovlandırdı.
II Filipp Yunanıstanı fəth etdikdən sonra o dövrün qüdrətli dövləti İrana qarşı yürüşə hazırlaşdı. İran imperiyası Əhəmənilər sülaləsi tərəfindən idarə olunurdu və daim Yunanıstanla müharibə edirdi. İranı məğlub etmədən Şərqi fəth etmək mümkün deyildi. Lakin bu, II Filippə qismət olmadı. Yürüşdən qabaq ona sui-qəsd edib öldürdülər. Aleksandr 20 yaşında hökmdar elan edildi.

Makedoniyalı Aleksandrın fatehlik tarixi

Anadan sanki bir cəngavər kimi doğulmuş Aleksandr gənc, coşğun, hədsiz inadcıl və iradəli idi. İçində alovlanıb-yanan passionar enerji onu hər an döyüşlərə itələyirdi. Atasının Şərqə yürüş planı bir ideya kimi onu özünə əsir etmişdi. O, Şərqin fəthi ideyasını özünün və Makedoniya dövlətinin amalı kimi hər kəsə aşılamağı bacardı. Hakimiyyətə gələndən cəmi 2 il sonra 22 yaşlı sərkərdə b.e.ə. 334-cü ildə özünün 30 minlik piyadadan və 50 minlik atlı döyüşçüdən ibarət ordusuna Şərqə yürüş komandası verdi.
İlk döyüşlərdə qarşısını kəsən İran ordusunu məğlub edib, Misirə doğru hərəkət etdi. Finikiyada ona çox ciddi müqavimət göstərən Tir şəhərini dağıtdı. Ardı ilə Finikiyanın başqa şəhərlərini tutdu. Misir kahinləri Makedoniyadan gələn bu qeyri-adi güc sahibini göylərin sakral-mistik iradəsi (yazısı) kimi qiymətləndirib, onun tanrı-firon olduğunu elan etdilər. Ona görə də Misir döyüşsüz təslim oldu.
Əsas döyüş Yunanıstanın tarixi və daimi rəqibi İranla olmalı idi. İran hökmdarı III Dara Makedoniyalı Aleksandra qarşı o dövrün hərbi göstəriciləri baxımından çox böyük və hərbi cəhətdən mükəmməl təchiz olunmuş qoşunla çıxdı. Dünyanın bu iri hərbi qüvvələri arasında b.e.ə. 334-331-ci illərdə üç yerdə çoxlu döyüşlər oldu və nəhayət, sonuncu – Qavqamela (Cancal) adlanan yerdəki döyüşdə İran ordusu qəti məğlubiyyətə uğradı. Yunanlar İran şəhərlərini tutub talan etdilər.
İsgəndər Mərkəzi Asiyanı tutub Hindistana doğru irəliləməyə başladı. Lakin uzunillik müharibələr ordunu gücdən salmış və ordu tədricən formadan düşmüşdü. Bu, özünü hindlilərlə döyüşlərdə açıq şəkildə göstərməyə başladı. Artıq döyüşməyə gücü çatmayan ordu böyük itkilər verməyə başladı. Bu, ordudakı əhvali-ruhiyyəni dəyişdi. İndi hamı döyüşlərdən bezmişdi. Aleksandr geri qayıtmağa məcbur oldu.
Makedoniyalı Aleksandr üç qitədə (Afrika, Avropa və Asiyada) Balkan yarımadası və Misirdən başlayaraq Hind çayına qədər çox böyük bir ərazidə nəhəng imperiya qurmuşdu. Bu imperiyada müxtəlif etnoslar, dillər, mədəniyyətlər və fərqli iqtisadi-təsərrüfat tipləri vahid dövlətdə birləşmişdi. Aleksandr Babil şəhərini özünə paytaxt seçib, imperator həyatı yaşamağa başladı.
Onun paltarları qiymətli daş-qaşla bəzənmişdi. Ətrafında siyasi və mistik kult qurulmuşdu. Aleksandar təkcə siyasi hakimiyyətin yox, eyni zamanda sakral-mistik hakimiyyətin daşıyıcısı hesab olunurdu. Kahinlər onu tanrı elan etmişdilər. Bu qeyri-adi güc sahibini insanlar mistik varlıq hesab edərək ona səcdə edirdilər.
Lakin hökmdar-tanrı Aleksandrın bu həyatı uzun çəkmədi. O, b.e.ə. 323-cü ildə qısamüddətli xəstəlik keçirdi və 33 yaşında vəfat etdi. Aleksandrın cəsədini onun ilk dəfə tanrı-firon elan edildiyi Misirə aparıb, bünövrəsini özü qoyduğu Aleksandriya şəhərində dəfn etdilər. Makedoniyalı fatehin 33 illik cismani ömür limiti tamamlandı.

Aleksandrın mistik 33 ili

Aleksandr cəmi 33 il yaşadı. Bu 33 il qədim dünyanın tarixində ildırım kimi çaxdı. Dövlətlər və insanlar nə baş verdiyini anlamağa imkan tapmadan onun əsarəti altına düşdülər. Hər şey qeyri-adi idi və sanki bir an içərisində baş verirdi. Bu "bir an" 33 il çəkdi. 33 il Aleksandrın sadəcə bir insan ömrü idi. Lakin bu ömür başqa insanların nəzərində bir tanrı-hökmdarın yer üzündəki 33 illik zühuru idi.
Aleksandrın ilahiləşməsi dövr insanlarının şüurunun mifoloji-sakral spesifikası ilə şərtlənirdi. Dini-mifoloji düşüncə qanunlarına görə, hökmdar insanların profan dünyası ilə sakral göylər aləmi arasında vasitəçi – mediator idi. Ona görə də bir çox dövlətlər və xalqlar Aleksandrın gəlişini göylərin iradəsi kimi qəbul edirdilər.
Onun 33 il yaşamasının özündə də bir mistika var. Şərq mifoloji-mistik ənənələrində 33 rəqəmi magik mənaya malik idi. Maraqlıdır ki, oğuz türklərinin mifologiyasında 33 rəqəmi həyat dünyası ilə ölüm dünyası arasındakı hüdudu müəyyənləşdirirdi: 33 universumuna çata bilmək ölüm – xaos dünyasının sərhəddinə çatmağın və o biri dünyaya keçməyin şərti hesab olunurdu. Ölmüş insanların ruhunu ölüm dünyasına yola salan şaman Dəli Domrul ruhu qəbul etməli olan ölüm mələyinə xidmət haqqı olaraq məhz 33 axça ödəyirdi. Oğuz şamanları ruhlar dünyasına getmək üçün 32 can qurban verir, 33 can kimi özləri müvəqqəti ölüb (ritual ölümü keçirib), qısa müddət üçün xaosa daxil olurdular. Təsadüfi deyil ki, ölüm – xaos dünyasına "33" universumu ilə adlayan Aleksandrın epik-mifoloji obrazı oğuzların epik ənənəsində onların ulu əcdadı mifoloji Oğuz kağan obrazı ilə qovuşub. Hər ikisi ilahi hakimiyyət simvolu kimi buynuzlu hökmdar hesab olunan Aleksandr və Oğuz kağan şərq epik-mifoloji ənənəsində diri ikən ölüm dünyasına – Zülmət ölkəsinə səfər edirlər.
Makedoniyalı Aleksandr tipində liderlərin 33 il yaşaması səbəbi biz insanlara hələ aydın olmayan tarixi qanunauyğunluqla bağlıdır. Belə insanlar passionar tiplər – coşqun, aşıb-daşan və qarşısıalınmaz daxili enerjiyə malik adamlar olurlar. Onlar uşaqlıqdan qeyri-adi güc və qabiliyyətlərlə doğulur, bu güc özünü tez bir zamanda büruzə verib həmin insanları hamıdan irəliyə – hakim mövqeyə çıxarır. Və belə insanlar qısa bir müddətdə öz həyat məqsədlərini həyata keçirdikdən sonra dünyanı, bir qayda olaraq, tez bir zamanda tərk edirlər.
Maraqlıdır ki, tarixdə bir çox passionar hökmdar Makedoniyalı Aleksandrın taleyini "təkrarlayıb". Bunlardan biri orta əsrlər tarixinin ən parlaq simalarından biri Səfəvilər sülaləsindən olan Azərbaycan hökmdarı Şah İsmayıl Xətaidir (1487-1524). O, mistik şəcərəyə malik idi. Babaları təriqət başçıları idi və qeyri-adi adamlar hesab olunurdular. Körpəlikdən siyasi təqiblərə məruz qalan İsmayıl 7 yaşında artıq rəsmi Səfəviyyə ordeninin başçısı idi. 13 yaşında (1501-ci ildə) şah elan edildi və Azərbaycan taxtına oturdu. Hələ uşaqlıqdan səvəfiyyə ordusuna sərkərdəlik edən İsmayıl döyüşlərdə Makedoniyalı Aleksandr kimi qeyri-adi şücaət və heç kəsin təkrarlaya bilməyəcəyi qəhrəmanlıqlar göstərirdi. Ordu və xalq onu ilahi gücün təcəllası (zühuru, təcəssümü) hesab edirdi. O, 14 illik hakimiyyəti dövründə 14 ölkəni fəth etdi.
Böyük tarixi işləri Makedoniyalı Aleksandr kimi qısa müddət ərzində həyata keçirən Şah İsmayıl Xətai öz "sələfi" kimi çox yaşamadı. Onun da ölümü mistik oldu. O, şir ovunun həvəskarı idi. Şir ovlamaq üçün Şəki vilayətindəki Baba dağına gəlmişdi. Bu dağın magik-mistik qüvvəyə malik olduğunu şaha söyləyib, onu dağdakı şiri ovlamaqdan saxlamaq istədilər. Lakin o, ova gedib şiri öldürdü. Qayıtdıqdan sonra Makedoniyalı İskəndər kimi qızdırması qalxdı və qısamüddətli xəstəlikdən sonra 38 yaşında vəfat etdi. Tarix dünyanın qanunauyğunluqlar əsasında qurulduğunu bir daha təsdiq etdi...
Makedoniyalı Aleksandr b.e.ə. 323-cü ildə vəfat etdi və indi onun ölümündən 2333 il keçib. Tarix ona iki ömür yazdı. O, bunlardan birincisini Aleksandr adı altında 33 il yaşadı, ikincisini isə İsgəndər adı altında 2333 il. Birinci ömrünü ona Uca Allah, ikinci ömrü isə Şərq epik mədəniyyəti bəxş etdi. Hələ öz sağlığında insanlıqdan çıxarılıb tanrılaşdırılan Aleksandrın adını Şərq epik tarixə İsgəndər adı ilə həkk etdi. İsgəndərin tarixi Aleksandrın tarixindən uzunömürlü və əbədi oldu. Aleksandr adı dünyada nə qədər geniş yayılıbsa, İsgəndər adı da Şərq-müsəlman mədəniyyətində bu gün də yaşayan məşhur addır. Və təsadüfi deyil ki, Şərq tarix kitablarında Makedoniyalı Aleksandrın adı bu gün daha doğma olan "Makedoniyalı İsgəndər" kimi yazılır.

Tanrı-firon və transmilli insan

Makedoniyalı İsgəndər 33 illik ömrü çərçivəsində Misir və İran kimi nəhəng dövlətləri fəth etməklə onların mədəniyyət tarixini də kökündən dəyişdi. Maraqlıdır ki, birincisi Afrikada, ikincisi isə Asiyada yerləşən Misir və İranda onların "əbədi dövlət" ideyasını alt-üst edən sərkərdəyə münasibət eyni cür oldu. Aleksandrın bu ölkələri fəth etməsi ilə onların milli kimlik təsəvvürü və milli tarix haqqındakı düşüncələrinə böyük zərbə dəydi. Həm misirlilər, həm də iranlılar özlərini məğlubedilməz, dövlətlərini isə əbədi sayırdılar. Aleksandr onları məğlub edib, dövlətlərini özünə tabe etməklə bu təsəvvür və tarixi sarsıtdı. Lakin hər iki xalq bu milli sarsıntıdan tarixin sınanmış milli özünüyaşatma mexanizmi ilə qurtuldu. Əvvəlcə milli özünüqoruma instinktinin təsiri altında makedoniyalı fatehi həm Misirdə, həm də İranda işğalçı saydılar. Lakin bu instinkt özünü doğrultmadı. Çünki bu hal Misir və İran teokratik dövlətçilik ənənələrinə ziddi idi. Bundan sonra milli özünütəsdiq instinkti işə düşdü. Əvvəlcə Aleksandrı işğalçı kimi rədd edən Misir və İran aristokratiyası indi onu öz milli dövlətçilik teokratiyasına daxil edib, özününküləşdirməyə başladı.

Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru