Rusiya-Azərbaycan Regionlararası Forumu İqtisadiyyat

Rusiya-Azərbaycan Regionlararası Forumu

Sentyabrın 28-də Stavropolda "İnvestisiyalar, innovasiyalar, turizm" mövzusunda VIII Rusiya-Azərbaycan regionlararası forumu işə başlayıb. Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə 120 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.
Forum çərçivəsində bir sıra mövzularda dəyirmi masalar təşkil edilib, sənaye, kənd təsərrüfatı, turizm, səhiyyə və humanitar sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olunub. "Sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı" adlı dəyirmi masada uzunmüddətli əməkdaşlığın bünövrəsi kimi iki ölkənin sənaye potensialının inkişafı, sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, Rusiya və Azərbaycanın sənaye klasterləri və texnoparlarının potensialı və təcrübəsinin təqdimatı keçirilib.
Rusiya və Azərbaycanın regionlarının turizm potensialının təqdimatı keçirildiyi "İnvestisiyaların cəlb edilməsində turizmin inkişafı vacib faktor kimi" adlı dəyirmi masada isə iki ölkə arasında turist axını mübadiləsinin tənzimlənməsi, turizm sahəsində birgə layihələrin reallaşdırılması müzakirə olunub.
Dəyirmi masalardan biri Rusiya və Azərbaycan arasında səhiyyə sahəsində əlaqələrin inkişafına həsr olunub. Bu tədbirdə səhiyyə sisteminin innovativ inkişafı və səhiyyənin maliyyələşdirilmə sistemi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. "Humanitar sahədə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi" adlı dəyirmi masada Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin inkişafından danışılıb. Dəyirmi masanın moderatoru Azərbaycanın təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov və "Rossotrudniçestvo"nun MDB üzrə idarəsinin rəisi Sergey Malenko Rusiya-Azərbaycan ali təhsil müəssisələrinin təhsil təşkilatları assosiasiyası çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafından, təhsil, elm, mədəniyyət və idman sahəsində birgə layihələrin həyata keçirilməsindən danışıblar.
Aqrar sənaye kompleksləri sahəsində əməkdaşlığa həsr olunan dəyirmi masada aqrara sənaye sahəsində ikitərəfli əməkdaşlığın inkişafına dəstək mexanizmləri və maliyyə institutları, kiçik və orta biznes sahəsində tərəfdaşlıq münasibətlərinə dəstək və təcrübə mübadiləsi məsələsi müzakirə olunub. Forum çərçivəsində Rusiya və Azərbaycanın iş adamları arasında ikitərəfli görüşlər də təşkil olunub. Qeyd edək ki, forum öz işini plenar iclasla başa vuracaq. Stavropolun hökumət evində keçirilən plenar iclasda Rusiya və Azərbaycan prezidentlərinin Forum iştirakçılarını təbrik məktubu oxunacaq və iki ölkənin dövlət rəsmilərinin çıxışı olacaq. Sonda Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanması nəzərdə tutulur.