“BMT və onun qurumlarında Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyini həmişə dəstəkləyirik” Müsahibə

“BMT və onun qurumlarında Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyini həmişə dəstəkləyirik”

Suzan Cəmil:"Əvvəlcə terrorizmlə mübarizə aparılmalı, sonra Bəşər Əsədin taleyi müəyyənləşdirilməlidir"

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan Cəmilin APA-ya müsahibəsini təqdim edirik.

- Azərbaycana yeni səfir təyin olunmusunuz. Bura gəlməzdən əvvəl Azərbaycan barədə təsəvvürləriniz nələr idi və qarşılaşdıqlarınız sizin təsəvvürlərinizlə uzlaşdımı?
- Səfir kimi fəaliyyətə başlamazdan öncə Azərbaycan barədə təsəvvürlərim ancaq işimdən əldə etdiyim məlumatlarla məhdudlaşırdı. Həmin vaxtı mən MDB ölkələri ilə Texniki Əməkdaşlıq üzrə Misir Fondunun konsulluq departamentində çalışırdım. Dediyim müddət 1996-2001-ci illəri əhatə edir. Azərbaycan barədə olan bütün məlumatlarım səfirliyin məruzələrindən ibarət idi. Bildiyiniz kimi, biz Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biriyik. Bizim MDB-dən də əvvəl yaxşı, tarixi münasibətlərimiz olub. İki dövlət arasındakı münasibətlərin inkişafı üçün güclü potensial olduğunu düşünürəm. Bura gələndə böyük fərq olduğunu gördüm. Çünki ölkəniz bir neçə il ərzində yüksək iqtisadi inkişafa nail ola bilib. Gördüklərim mənim gözləntilərimi üstələmişdi. Misirin səfiri olaraq Azərbaycanda fəaliyyətdə başlamağımdan çox məmnunluq duyuram. Aeroportdan şəhər mərkəzinə doğru gələndə gördüyüm işıqlandırılmış tikililər, bulvar, ticarət mərkəzləri heyrətamiz idi. Ən böyük sərvətiniz isə mehriban insanlardır. Mənə qarşı çox xoş davranırlar. Mən sadəcə Misirdən olduğumu deyəndə burdakı insanların ölkəmi necə sevdiyini hiss etdim. İnsanların bu xoş münasibəti mənim işimi çox asanlaşdırır.
- Azərbaycanda səfir olduğunuz müddətdə fəaliyyətinizdə hansı sahələr prioritet təşkil edəcək?
- Biz bütün sahələrdə əməkdaşlığı davam etdirməliyik. Lakin xüsusi olaraq siyasi müstəvidən söhbət gedirsə, biz BMT və onun ixtisaslaşmış qurumlarında Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik. Azərbaycan da, həmçinin, Misirə münasibətdə dəstəyini göstərir. Bizim Azərbaycanla siyasi müstəvidə razılaşdırmadığımız hər hansı məsələ yoxdur. Biz bütün məsələlərdə razılığa gəlmişik. Lakin ikitərəfli ticarət münasibətlərinin səviyyəsinə gəldikdə, biz bu sahədə inkişafı dərinləşdirməliyik. Bildiyiniz kimi, Misir Azərbaycandan neft və qaz idxal edir. Lakin bu, kifayət deyil. Biz ikitərəfli münasibətlərimizi ticarət, iqtisadiyyat və mədəniyyət sahələrində gücləndirməliyik. Mən iki ölkədə bir-biri haqqında informasiya çatışmazlığı olduğunu gördüm. İnsanlar əsasən Misiri tarixi nöqteyi-nəzərdən daha yaxşı tanıyırlar, lakin Misirin turizmlə məşhur olan şəhər və bölgələri olduğunu bilməlidirlər. Eyni zamanda, Misirdə də insanlar Azərbaycan haqqında indi bildiklərindən daha çox bilməlidirlər. İnsanlar, media, Azərbaycanın Dağlıq Qarabağmünaqişəsi ilə bağlı mövqeyini bilməlidirlər. Burda təbii ki, mənim və həmkarım, Misir Mədəniyyət Mərkəzinin direktoru Dr. Əhməd Saminin səyləri də vacibdir. Biz bu kimi fəaliyyətlərlə insanlar arasında Misir barəsində məlumatlılığı artırmağa, necə deyərlər iki sivilizasiyanı bir-birinə daha da yaxınlaşdırmağa çalışmalıyıq.
- Ticarət münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğuladınız. Bu sahənin inkişafı üçün hansı tədbirlər görülməlidir?
- Burda təkcə səfirliyin cəhdləri kifayət etmir. Hər iki ölkədən olan biznesmenlərin qarşılıqlı faydalı məsələləri müzakirə etməsi üçün bir forum çərçivəsində birləşmələri vacibdir. Məhz onlar Azərbaycan və Misir tərəfi üçün hansı potensialın mövcud olduğunu müəyyənləşdirməlidirlər. Səfirliyin bütün xırda detallarla bağlı məlumatı olmadığı üçün hər iki tərəf əyləşib bu detalları müzakirə etməlidirlər. Əlbəttə, bizim hər iki tərəfin nümayəndələrinin də daxil olduğu hökumətlərarası komissiyamız var. Onun keçirilməsi ilk əvvəl gələn ilin 26-27 yanvar tarixlərinə planlaşdırılsa da, baş verən son hadisələrlə bağlı Misir tərəfi onun təxirə salınması üçün müraciət edib. Lakin bu dediyim hökumət səviyyəsində olan təşəbbüsdür. Bundan başqa, biz xüsusi sektor sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün bu sektordan olan nümayəndələrin görüşüb, hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmasını dəstəkləyirik. Hökumət səviyyəsindəki münasibətlərimiz əladır. Bütün müqavilələr imzalanıb, lakin biz bu sahədə əməkdaşlığın daha da effektivləşdirilməsini istəyirik.
- Misir Ərəb Respublikasından Azərbaycana yüksək səviyyəli səfərlər gözlənilir?
- Prezident Əbdül Fəttah əs Sisinin Azərbaycana səfərə gələcəyinə ümid edirik. Lakin bildiyim qədər hələlik ona rəsmi dəvət göndərilməyib. Eşitdiyimə görə, SOCAR prezidenti Misirə səfəri zamanı bizim baş nazirlə görüşmüşdü. O, görüşdə prezidentin Azərbaycana səfərə dəvət edilməsi ilə bağlı müraciət göndərib. Lakin bu dəvət rəsmi - prezident səviyyəsində olmalıdır.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Misirin yanaşması necədir?
- BMT qətnamələrində, eləcə də İslam Əməkdaşlıq Təşkilatının qərarlarında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suverenliyi dəstəklənir. Yekun həllə nail olmaq üçün tərəflərin Minsk Qrupu ilə birgə müzakirələr aparması vacibdir. Çoxlu sayda azərbaycanlı yaşadığı torpaqlardan çıxmaq məcburiyyətində qalıb. 20 ildən artıq müddətdir ki, bu münaqişə həll edilməmiş vəziyyətdə qaldığı üçün bu, həmin insanlar üçün də xoş olmayan mənzərə yaradır. Misir olaraq biz Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik.
- Keçdiyimiz günlərdə Misir Rusiya təyyarəsinin qəzaya uğradığı ərazi olaraq dünya mediasının gündəminə gəlmişdi. Hazırda bu insidentlə bağlı vəziyyət nə yerdədir?
- Rusiya təyyarənin göyərtəsində bomba olduğunu demişdi. Lakin indiyə kimi bununla bağlı araşdırmalar davam edir. Lakin bu, o demək deyil ki, biz nə isə gizlətmək istəyirik. Biz yekun nəticə hasil olunana kimi orada bombanın olub-olmadığını deyə bilmərik. Ona görə də təhqiqatın yekun nəticələri və rəsmi məlumatı gözləməliyik. Təhqiqat komitəsinin tərkibinə artıq bir neçə ölkə daxildir. Almaniya, Fransa, Rusiya, eləcə də Misir bu komitənin tərkibində araşdırmalar aparırlar. Bu isə bizim hansısa məlumatı gizlətdiyimizi göstərmir. Hadisə barədə yekun nəticələri gözləməliyik.
- Misirə təxirə salınan xarici ölkələrin reysləri bərpa olunub?
- Uçuşları təxirə salan yeganə ölkə Rusiyadır. Biz hələ də dünyanın müxtəlif ölkələrindən uçuşlar qəbul edirik.
- İnsidentlə bağlı Şarm-əl-Şeyx hava limanında təhlükəsizlik qaydalarına əməl edilmədiyi barədə fikirlər səsləndirildi.

- Əminəm ki, bütün təhlükəsizlik tədbirləri görülüb. Beynəlxalq Mülki Aviasiya Təşkilatı heç vaxt Şarm-əl-Şeyx aeroportunda təhlükəsizliklə bağlı nöqsanlar aşkarlamayıb. Onu da qeyd edim ki, biz yenə də təhlükəsizlik tədbirlərini gücləndirmişik.
- Qəzada məsuliyyətin İŞİD qruplaşmasının "Sinay vilayəti" adlanan qoluna aid olduğu deyildi. Bundan əvvəl də Misirdə baş verən bir sıra partlayışlarda İŞİD-in adı keçib. Necə düşünürsünüz, bütün bunlar Misirin Suriyadakı münaqişəyə müdaxilə etməsinə gətirib çıxara bilərmi?
- Əlbəttə, Suriyadakı vəziyyət bütün Yaxın Şərq regionuna təsir edib. Bildiyiniz kimi, biz Vyanada Suriya ilə bağlı baş tutan danışıqlarda iştirak etmişik. Biz İŞİD, "Əl Nusra Cəbhəsi" və digər terrorçu qruplaşmalar tərəfindən törədilən aktları pisləyirik. Lakin Sinayda baş verən hadisənin kim tərəfindən törədilməsi, kimin məsuliyyət daşıması ilə bağlı hələlik yekun qərar yoxdur. Hər bir halda, Vyana danışıqlarında vurğulandığı kimi, biz əvvəlcə terrorizmlə mübarizə aparmalı və sonra Bəşər Əsədin gələcək taleyini müəyyənləşdirməliyik.
- Rusiya-Türkiyə münasibətlərində baş verən son gərginləşmə fonunda regionda bundan sonra hadisələr hansı istiqamətdə inkişaf edəcək?
- Ümid edirəm ki, onlar bir masa arxasında əyləşib kompromisə nail olacaqlar. Bilirəm ki, prezident Putin Rusiya təyyarəsinin vurulmasından məyus olub. KİV-dən eşitdiyimiz kimi, Suriya üzərindən olan uçuşlar ABŞ-la koordinasiya edilib. Rusiyanın demək istədiyi də budur. Onlar əvvəldən bu məlumatı Birləşmiş Ştatlara göndərib və koordinasiya ediblər. Bu isə o deməkdir ki, NATO-nun bu barədə məlumatı olub. Bu da Türkiyənin bu uçuşla bağlı məlumatlı olduğu mənasına gəlir. Yenə də vəziyyətin düzələcəyinə ümid edirik. Çünki Yaxın Şərqdə bizə əlavə böhranlı vəziyyət lazım deyil. Biz kifayət qədər əziyyət çəkmişik.
- Misirin Türkiyə ilə münasibətlərində gərginlik var. Diplomatik münasibətlər aşağı səviyyəyə endirilib. Bu, regiondakı vəziyyətə necə təsir göstərə bilər?
- Bizim hələ də Türkiyə ilə diplomatik münasibətlərimiz mövcuddur. Biz Türkiyəyə səfir yox, müvəqqəti işlər vəkili göndərmişik. Bu, münasibətlərin kəsildiyi mənasına gəlmir. Hələ də Türkiyə və türk xalqı ilə yaxşı münasibətlərimiz var. Bizim vətəndaşların Türkiyəyə getməsinə heç bir məhdudiyyət yoxdur. İnsanlar gündəlik işlərinin, bizneslərinin arxasınca gedirlər. Heç bir problem yoxdur.
- Sonda vurğulamaq istədiyiniz hansısa məsələ varmı?
- Burada qaldığım müddətdə bütün sahələr üzrə əlaqələri inkişaf etdirəcəyimizə ümid edirəm. Azərbaycan perspektivlər vəd edən ölkədir. Qarşılıqlı səfərlərin artacağına ümid edirəm.