11:09
896
Yeni reysin açılması Şımkentdən olan sərnişinlərə Bakı üzərindən AZAL-ın Avropa və digər beynəlxalq istiqamətlərinə geniş marşrut şəbəkəsinə çıxış imkanı yaradacaq.
"APA-Economics" in Şımkentə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mərkəzi Asiya üzrə satış nümayəndəsi Xəyal Qədirzadə Şımkent şəhərində turizm operatorları və media nümayəndələri ilə görüş zamanı bildirib.
Onun sözlərinə görə, yeni Bakı–Şımkent reysi sərnişinlər üçün təkcə iki şəhər arasında birbaşa əlaqə yaratmır, geniş əhatə imkanları yaradır.
Xəyal Qədidzadə onu da bildirib ki, AZAL hal-hazırda 70-dən çox istiqamət üzrə uçuşlar həyata keçirir və sərnişinlər Bakı üzərindən Avropa, Yaxın Şərq və digər regionlara rahat tranzit imkanlarından yararlana bilirlər.
"Qeyd edim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya sahəsində yüksək nüfuza malikdir və regionun əsas nəqliyyat qovşaqlarından biri hesab olunur. Bakı-Şımkent istiqaməti üzrə uçuş cədvəli sərnişinlərin AZAL-ın Avropa şəhərlərinə həyata keçirdiyi reyslərlə rahat bağlantı qurmasına imkan verir. Bu baxımdan Berlin, Milan, Paris və Praqa kimi istiqamətlərə səyahət edən sərnişinlər üçün yeni marşrut əlavə üstünlüklər yaradır", - Xəyal Qədidzadə vurğulayıb.