“Müsavatin qərargahında saxtakarlığa rəvac verən dəstə oturub” Siyasət

“Müsavatin qərargahında saxtakarlığa rəvac verən dəstə oturub”

Səxavət Əlisoy: "Bu gün Müsavat üzvlüyü olan ziyalılar heç partiyanın qapısı açmırlar"


Müsavat Partiyasından uzaqlaşdırılan, başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatı təşkilatlanma ilə məşğuldur. Rəsmi olaraq noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılmayan ADR-çilər bu ilin sonunadək qurultay keçirmək niyyətindədirlər. ADR sədrinin müavini Səxavət Əlisoyun sözlərinə görə, hərəkat təxminən 40-a yaxın rayonda təşkilat yaradıb: "Parlament seçkiləri önə keçdi deyə belə qərara gəldik ki, təşkilatlanma məsələsinə seçkidən sonra qayıdaq. ADR sədrinin müavini Vurğun Əyyubun fərdi qaydada namizədliyi qeydə alınıb. Biz də ona fərd olaraq dəstək verəcəyik. ADR hazırda sırf təşkilatlanmaya köklənib, seçkidən sonra ilin sonunadək Azərbaycanın bütün rayonlarında təşkilatlanma məsələsini bitirəcəyik. Biz əhalinin daha gur məskunlaşdığı bölgələrdə təşkilatımızı qururuq. Ondan sonra ümumrespublika konfransına gedəcəyik və ADR olaraq cəmiyyəti taktika və strategiyamızla açıq şəkildə tanış edəcəyik".
O, ADR sədrinin müavini Vurğun Əyyubun namizəd olduğu 30 saylı dairədən Müsavat üzvünün namizəd olmasına da toxunub. Onun sözlərinə görə, Müsavat Partiyasının tanınmış ziyalıları Arif Hacılı tərəfindən partiyadan kənarlaşdırılıb: "Mən Vurğun bəyin müsavatçı rəqibinin kim olduğunu bilmirəm. Kimliyindən asılı olmayaraq namizəd olan şəxs öz siyasi reytinqi ilə Vurğun Əyyubun reytinqini müqayisə etməlidir. Partiyada 20 ilə yaxın üzv olmuş və onun həyatında mühüm yer tutmuş şəxslə rəqib olmaq mənəvi baxımdan doğru deyil. Mən həkim olsam da, Arif Hacılının dəstəsində olan insanların zehniyyətini anlamaqda çətinlik çəkirəm. Ekspertiza keçirib həkimlərin iştirakı ilə yoxlamaq lazımdır ki, onlar barədə daha dəqiq diaqnoz qoya biləsən. Arif Hacılının özü belə namizədliyini Vurğun Əyyubun namizəd olduğu dairədən versəydi, ən azı 5 dəfə az səs toplayardı. Çünki Vurğun Əyyub insanların yaddaşında pozitiv olaraq qalmış siyasətçidir. Arif Hacılı isə populist, şüarçı insan kimi yaddaşda qalıb. O tipli insanların Azərbaycan siyasətindən getməsi cəmiyyət üçün fayda verər".
Səxavət Əlisoy ötən il keçirilən Müsavatın VIII qurultayın nəticəsinin ləğvinə dair bir qrup keçmiş müsavatçının və ADR üzvünün məhkəməyə müraciət istəyinə də aydınlıq gətirib: "ADR rəhbərliyində bu məsələ müzakirə olunmayıb. O insanlara heç tövsiyə də verməmişik ki, harasa müraciət etsinlər. Sadəcə olaraq, fərdi olaraq ADR üzvü və hərəkatımızın üzvü olmayan keçmiş müsavatçılar öz iradlarını bildirmək və öz hüquqlarını müdafiə etmək üçün Ədliyyə Nazirliyinə müraciət etmişdi. Burada söhbətin mənəvi tərəflərinə daha çox önəm vermək lazımdır. İnsanlar 15-20 il həyatını partiyaya həsr edib, sağlamlıqlarını itiriblər, indi isə bir qrup saxtakar partiyanı ələ keçirib. Məhkəməyə müraciət etmək istəyənləri anlamaq lazımdır, çünki bu insanlar xəyal qırıqlığına məruz qalıblar. ADR üzvü olan və olmayan keçmiş müsavataçların öz haqqını tələb etməsinə müsbət yanaşıram. Bir daha xatırladıram ki, ADR hərəkatının bu məsələ ilə bağlı rəsmi qərarı yoxdur".
Hazırda ABŞ-da səfərdə olan ADR sədri Qubad İbadoğlunun Azərbaycana qayıtma tarixinə gəlincə, Səxavət Əlisoy vurğulayıb ki, ADR sədri xüsusi proqramla səfərdədir və səfər fevral ayında bitəcək: "Qubad bəy fevralda Bakıya qayıdacaq. Özü də dəfələrlə açıq şəkildə bu barədə məlumat verib. Xüsusi proqram bütün siyasətçilərin arzuladığı və hər kəsə nəsib olmayan proqramdır. Onun vətənə dönməməyinə əsas görmürəm. Çox zaman Arif Hacılının dəstəsi Qubad bəyin rəhbəri olduğu QHT-nin adını hallandırıb, guya onun Azərbaycana qayıtmayacağını deyirlər. Bildirmək istəyirəm ki, Qubad İbadoğlunun rəhbəri olduğu QHT-nin fəaliyyəti tam şəffafdır, özü bu barədə bəyanat verib".
ADR sədrinin müavini Avropada yaşayan müsavatçıların mövqeyinə də aydınlıq gətirib. Səxavət Əlisoyun fikrincə, Avropadakı müsavatçılar Arif Hacılını Müsavat başqanı kimi qəbul etmirlər, əksinə ADR-i dəstəkləyirlər: "Sosial şəbəkələrdə "Mühacir müsavatçılar" qrupu var. Müsavatda vəsiqə alveri məsələsi ortaya çıxanda, onlar əndişələndilər, məsələnin mediada geniş yer aldığını görəndən sonra Arif Hacılının tapşırığı ilə bəyanat hazırladılar və guya məni ittiham etmək istədilər. Qrupun 39 üzvü var, cəmi 7 nəfər həmin bəyanata imza atmışdı, təşkilatçı da Eldəniz Yusibov idi. Oğlu və başqa dörd nəfər imza atmışdı. Mənə həmin adamlar zəng edib nəyə imza atdıqlarını bilmədiklərini söylədilər. Bəyanatda guya hakimiyyətin mənim əlimlə Müsavatı parçalamaq iddiasını ortaya qoymuşdular. Mentalitetimizə uyğun şəkildə onlara mesajlarımı göndərdim, bildirdim ki, ortaya faktlar qoyun. Avropada olanda mühacir müsavatçıların bir qismi ilə görüşdüm. Bu qərardayam ki, bu gün Avropada olan bir neçə müsavatçını çıxmaq şərtilə qalanları Arif Hacılını dəstəkləmir. Onlar Müsavat cameəsində qarşıdurma yaranmasın deyə öz fikirlərini mediaya açıq şəkildə çatdırmırlar. Fakt ondan ibarətdir ki, Müsavat Partiyasında vəsiqə alveri olub və alverin başında Arif Hacılı dayanıb. Avropada isə bunu Eldəniz Yusibov həyata keçirib. Müsavatın Təşkilat Komitəsinin cəsarəti varsa, kimlərə vəsiqə verildiyini açıqlasınlar. Bu cür alver saxtakarlığın daha ağır formalarından biridir. Necə ki, 2003 və 2008-ci ildə seçki qərargahına toplanmış ianə və vəsaitlər, üzvlük haqlarının miqdarı açıqlanmırdı, indi də heç bir vəsaitlə bağlı rəqəm açıqlanmır, belə olan təqdirdə Müsavatı zəbt etmiş Hacılının demokratiyadan danışmağa mənəvi haqqı yoxdur. 4-5 il bundan əvvəl Avropada olanda Müsavat adından Avropaya üz tutan adamla tanış oldum, soruşdum ki, İsa Qəmbərin müavini kimdir? Bir dəfə Etibar Məmmədov, bir dəfə Zərdüşt Əlizadənin adını dedi. 10 il İsa Qəmbərin müşaviri olmuşam, məni belə tanımadı. Tam təsadüf nəticəsində Avropaya getmiş adam idi". Onun sözlərinə görə, əllərində daha ciddi faktlar var: "Nəinki vəsait və vəsiqə alveri faktoru var, digər açıqlamadığımız, əlimizdə açıqlamağa mənliyimizin yol vermədiyini faktlar var. Söhbət mental dəyərlərdən gedir. Bu faktlardan xəbəri olan insanlar birmənalı şəkildə Arif Hacılının yanında qalmağı özlərinə həqarət sayırlar. Bu gün Müsavat üzvlüyü olan ziyalılar heç partiyanın qapısı açmırlar. Partiya qərargahında qurultayda Arif Hacılının saxtakarlıq etməsinə rəvac verən dəstə oturub".