Milli Məclis amnistiya aktını qəbul etdi Siyasət

Milli Məclis amnistiya aktını qəbul etdi

Əli Hüseynli: "Bütövlükdə amnistiya aktı 10 min nəfərə şamil olunur"

Milli Məclisin dünənki xüsusi iclasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunan "28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisdə 28 may Respublika günü ilə əlaqədar daxil olan amnistiya aktı ilə bağlı müzakirələrə başlanılıb. İlk olaraq Mehriban Əliyeva çıxış edib.
Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, sənəd qanunvericilik baxımından dürüst və amnistiya hqqında qərarlarının indiyədək təcrübəsinə əsaslanaraq mükəmməl hazırlanıb. O qeyd edib ki, artıq ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilməsi, xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan müsbət ənənəyə çevrilib: "Fondun amnistiya təşəbbüsləri ölkəmidə cinayət hüquq siysətinin liberallaşdırılması məhkumaların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib. Bu təşəbbüs həmçinin ölkəmizdə ictimai- siyasi sabitliyinin qorunmasına da öz töhfəsini verir. Əvvəllər də söylədiyimiz cəzaçəkən məhkumların sayına görə, ölkəmiz keçmiş sovet respublikalarını qabaqlayıb və Avropa ölkələri ilə bir sıradadaır. Nəzərə alsaq ki yeni amnistiya qərarından sonra burada söylənildiyi kimi təxminən 10 min şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir. Bu məhkumların ümumi sayının təxminən 1/3-dir. Belə olan halda, ölkəmiz yuxarıda sadalanan müsbət göstəricini yenə də qoruyub saxlayacaq. Bu qərar əvvəlki qərala müqayisədə 3500 şəxsin tam azadlığa buraxılmasını da özündə ehtiva edir. Əvvəlki qərarda 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər ciddi rəqəmdir".
Ə.Hüseynli qeyd edib ki, bütövlükdə amnistiya aktı 10 min nəfərə şamil olunur: "Əvvəlkilərlə müqayisədə 1000 nəfər çoxdur. Təbii ki, amnistiya qərarının ikinci hissəsi özündə bir neçə məhdudiyyətləri ehtiva edir. Bu da təbiidir. Çünki, ağır cinayətlərə ümumiyyətlə amnistiya qərarlarında yer verilmir. Cinayətin xarakteri və ictimai təhlükəsizliyi nəzərə alınmalıdır. Əks tədbirdə onun humanizm ideyası tətbiq edilə bilməz".
Deputat bildirib ki, qərar 2016-cı ilin iyun ayının 15-də qüvvəyə minəcək. "Amnistiyanın hansı orqanlar tərəfindən hansı qaydada icra olunacağı müəyyən edilib.Qərarın ümumi icra müddəti 4 aydır. Amma tam əminliklə deyə bilərəm ki, Azərbaycanın ədliyyə, məhkəmə və hüquq-mühafizə orqanları bu qərarın daha tez icrasına nail olacaqlar. Hörmətli millət vəkilləri! Şübhə yoxdur ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu nəcib təşəbbüsü də hamılıqla dəstəklənəcək, amnistiya qərarı qəbul olunacaq və azad olunmuş minlərlə insanlar cəmiyyətə qovuşacaq. Araşdırmalar onu göstərir ki, fond tərəfindən təqdim edilmiş son amnistiya aktları ilə azadlığa buraxılanların arasında yenidən cinayət törətmək meylləri demək olar ki yoxdur. Bu onu göstərir ki, Heydər Əliyev Fondu insan hüquqlarının qorunması sahəsində də qarşıya qoyduğu məqsədə nail olub. Buna görə əminliklə demək olar ki, respublika günü münasibətilə irəli sürülən amnistiya təşəbbüsü vətəndaşlarımızın dövlətə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasında öz töhfəsini verəcək. İnsanların haqq- ədalət inamını daha da möhkəmləndirəcək".
Deputat Zahid Oruc bildirib ki, bu təşəbbüslə bir Azərbaycan xanımı çıxış edir. O deyib ki, bu, Azərbaycan qadının nəcib, mərhəmətli obrazının formalaşmasında önəmli addımdır: "Dövlət əfv edir, yenidən cəmiyyətə qayıdışa şərait yaradır. Bir dəqiqəsini bir ay kimi yaşayanlar dövlətin mənəvi mexanizmlə cəmiyyətə, ailəsinə qaytarır. Biz və siyasi partiyalar bağışlamağı bacırmalıyıq. Gələcək amnistisya qərarlarında nəzərə almağınızı istədiyim bir məqamı nəzərənizə çatdırmaq istəyirəm. Hörmətli Mehriban xanım, müstəqillik dövründə evlənməklə əlaqədar qız qaçırma məsələsini adam oğurluğu maddəsi ilə cinayətə çevirdik. Bu vəziyyətdə problem həll olunmur. Ailə həyatını o cür qurmaq istəyənlər, ona kömək edənlər 11-13 illik cəzaya layiq görürlər. Bu problemin həlli üçün başqa yanaşma lazımdır. Biz həmin şəxslərə də şans verməliyik ki, onlar da azadlığa çıxsın. Çox gümanki onlar yenidən belə addımlar atmayacaqlar".
Deputat Fərəc Quliyev bildirib ki, bu amnistiya aktı həm də humanizm aktıdır və bu Qarabağ danışıqlarında, münaqişənin diplomatik həll yolunda Azərbaycanın müsbət mənada manevr imkanlarını artıracaq.
Deputat Rəfael Cəbrayılov bildirib ki, amnistiya aktı həbsdəki şəxslərin tamamilə azadlığa buraxılması demək deyil: "Amnistiya aktı islah olunma yoluna qədəm qoymuş və gələcəkdə yeni cinayətlərə gedə bilməyəcək insanların bağışlanmasıdır. Amnistiya aktları təcrübəsində bu amnistiya aktının xüsusi yeri olacaq, böyük insan kütləsinə cəlb edilməsi baxımından vacibdir".
Deputat Çingiz Qənizadə qeyd edib ki, bu amnistiya aktı vaxtında qəbul edilmiş qərardır. "Mən azadlıqdan məhrum edilmə yerlərində tutulan şəxslərin çoxluğu ilə bağlı danışmışdım. 3500-ə yaxın şəxs azadlığa çıxacaq və nəticədə həbsxanalarda sıxlıq da aradan qalxacaq. Biz hesablamışdıq ki, il 24 min məhkum üçün 80-100 milyondan artıq vəsait ayrılır. 3500 məıhbusun azad olunması 12 milyon vəsaitə qənaət olunacaq ki, bu vəsait də əhalimizin sosial problemlərin həllinə yönəlik sosial layihələrə cəlb olunacaq".
Millət vəkili Siyavuş Novruzov "biz şahidi oluruq ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müəyyən məsələlərlə əlaqədar Heydər Əliyev Fonduna müraciət edirlər", - deyə bildirib: "Bu müraciətlər ən müxtəlif məsələləri əhatə edir. Məsələn, ölkəmizdə müalicəsi mümkün olmayan və ciddi müalicə vəsaitinə ehtiyac duyan xəstələrin xaricdə müalicəsinin təmin olunması yönündə Fond ciddi addımlar atır. Eləcə də, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xaricdə təhsil alan gənclərimizin problemlərinin həlli yönündə reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir. Bütövlükdə Fond tərəfindən bir çox humanitar layihələr reallaşdırılır ki, bu da cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanır".
Siyavuş Novruzov qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevavnın amnistiya elan olunması ilə bağlı müraciətləri də Milli Məclis tərəfindən yüksək qiymətləndirilir: "Bu amnistiya aktı da Heydər Əliyev Fonduna ünvanlanmış çoxsaylı müraciətlərin nəticəsidir".
Siyavuş Novruzov deyib ki, hazırki amnistiya aktı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır: "Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən bu yana ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər ölkəmizdə hər hansı amnistiya və əfv haqqında qərar və sərəncam olmayıb. Məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq amnistiya haqqında qərarlar qəbul olunub. Mehriban xanım Əliyevanın təqdim etdiyi indiki amnistiya haqqında müraciətə qədər Azərbaycanda bu yöndə 10 qərar qəbul olunub. 7 amnistiya aktı ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilib".
Siyavuş Novruzov bildirib ki, digər 3 amnistiya aktının təşəbbüskarı isə məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevadır: "Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil edilib, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib. Hazırda isə Mehriban Əliyeva tərəfindən təqdim edilən indiki amnistiya aktının 10 min nəfərə şamil ediləcəyi, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir."
Siyavuş Novruzov deyib ki, nəticə etibarilə Mehriban Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktlarının şamil olunma dərəcəsi 40 min nəfərdən çox olacaq: "Bütövlükdə isə ölkəmizdə qəbul olunmuş amnistiya aktlarının əhatə dairəsi 110 min insanı əhatə edir...".
Müzakirələrdən sonra amnistiya aktı səsə qoyularaq qəbul edilib.
Ammnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər. Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir.
Qeyd edək ki, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

Əli