Baş Prokurorluq Bakıda iaşə obyektində iki nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi barədə məlumat yayıb Hadisə

Baş Prokurorluq Bakıda iaşə obyektində iki nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi barədə məlumat yayıb

Mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdıma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub.
Çağırış ünvanında 2 nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.
2 nəfər (kişi cinsli) isə dəqiqləşməmiş koma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmət göstərilib, müalicələri davam etdirilir. Vəziyyətləri ağır stabil olaraq qiymətləndirilir.