Qərbin Azərbaycana diqqəti artır Siyasət

Qərbin Azərbaycana diqqəti artır

Rusiyanın imperialist siyasəti Vaşinqtonun Cənubi Qafqazla bağlı ikili siyasətini dəyişdirə bilər

Cavid

Rusiyanın Ukraynanın Krım bölgəsini işğal etməsi və bu ölkənin şərqində separatçı fəaliyyətə dəstək verərək, onun ərazi ərazi bütövlüyünə qarşı təcavüzkar siyasət yürütməsi Kremlin imperialist siyasətini bir daha isbatlamış oldu. Ukrayna məsələsində Rusiya ilə üz-üzə gələn Qərb artıq Dağlıq Qarabağ münaqişəsində də Kremlin Ermənistanın işğalçı siyasətinə verdiyi dəstəyi hərdənbir də olsa dilə gətirməyə başlayıb. Ən azından ABŞ və onun avropalı müttəfiqləri rəsmi Bakının Qarabağ məsələsində bu günədək Rusiyaya müqavimət göstərdiyinin artıq fərqindədirlər.
Vaşinqtonda keçirilən "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumunda Azərbaycanla bağlı müəyyən fikirlər dediklərimizi təsdiqləyir.
Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar çıxışı zamanı deyib ki, Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsini həll etməyin vacibliyini göstərdi. O, qeyd edib ki, ABŞ və Azərbaycan arasında münasibətlər çox mühümdür və bu münasibətlər yaxşı səviyyədədir, lakin problemlərdən xali deyil. Eləcə də bu yaxınlarda Fransa səfirinin ərazi bütövlüyü prinsipinin rəsmi Paris üçün xüsusi əhəmiyyət kəsb etməsi barədə açıqlaması da Qarabağ münaqişəsinə baxış müstəvisində Azərbaycan üçün vacib elementlərdəndir
Vaşinqtonda Azərbaycanla bağlı Forumda Demokratlar Partiyasının Nyu-Yorkdan olan senatoru Çarles Şumerin də dedikləri maraqlıdır. O, çıxışında Azərbaycanın ABŞ-ın müttəfiqi və bölgədəki əhəmiyyətli bir tərəfdaşı olduğunu dilə gətirib. Azərbaycan ilə ABŞ arasında ictimai və iqtisadi əlaqələrin inkişafına yönəlik addımlara toxunan senator iki ölkə hərbçilərinin Əfqanıstan, İraq və Kosovada birlikdə xidmət etdiyini vurğulayıb.
Amerikalı senator qeyd edib ki, Ukrayna böhranı iki ölkə arasındakı əlaqələrinin əhəmiyyətini daha da artırıb: "Ukraynanın ərazi bütövlüyünü pozulmasına yönəlik hərəkətlər yaxşı hal deyil. Rusiyaya sərt sanksiyaların tətbiq olunmasını dəstəklədim və bundan sonra da dəstəkləməyə davam edəcəyəm".
Azərbaycan karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasının böyük əhəmiyyət daşıdığını deyən senator bu məsələdə daha çox əməkdaşlığa ehtiyac olduğunu ifadə edib.
Azərbaycanla ABŞ arasındakı dostluq bağlarını gücləndirən bu tədbiri təşkil edənlərə təşəkkür edən Respublikaçılar Partiyasının Virciniya ştatından olan senatoru Mark Varner "Videonu izləyəndə (Azərbaycanın təqdimat videosu) bir çox dəyərlərimizin eyni olduğunu gördüm" deyib: "Kimlərsə bunları siyasi baxımdan qiymətləndirə bilər. Ancaq açıq şəkildə ifadə edirəm ki, burada olmaqdan qürur duyuram".
Azərbaycanın 10 milyon əhalisi ilə çox kritik bir bölgədə yerləşdiyinə diqqət çəkən senator Varner qeyd edib ki, "soyuq müharibə"dən sonra Azərbaycan iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrin başında gəlir. O, Rusiyanın bölgədə atdığı son addımlardan sonra Azərbaycanla olan əlaqələrin əhəmiyyətinin daha da artdığını deyib. M.Varner bildirib ki, Rusiyanın təsirini azaltmaq mümkün olmasa, Moskvanın təbii qaz və neft sayəsində Avropa üzərindəki təsiri də artacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov çətin bir dövrdə müttəfiqlərlə bir yerdə olmasının böyük əhəmiyyət daşıdığını deyib. O, iki il əvvəl keçirilən ABŞ-Azərbaycan Konqresində Bakıdan Avropaya təbii qaz nəqli barədə söz verdiklərini xatırladıb. Bir əsr əvvəl dünya neft hasilatının yarısının Azərbaycan ilə ABŞ-ın payına düşdüyünü ifadə edən E.Nəsirov iki ölkənin müttəfiq olduğunu və bundan qürur hissi keçirdiklərini söyləyib.
Trans-Anadolu təbii qaz boru xətti layihəsindən ("TANAP") danışan E.Nəsirov Azərbaycan qazının bir neçə il ərzində Avropada olacağını söyləyib: "Plana görə, 5 il ərzində 3500 kilometr boru xəttinin inşa edilməsi nəzərdə tutulur. Layihəyə 45 milyard dollar xərclənəcək və boru kəməri 7 ölkədən keçəcək".
Texas ştatından olan respublikaçı senator Steve Stokman Azərbaycan ilə ABŞ arasındakı dostluğun uzun illər davam etməsini arzuladığını söylədi. Stokman "ABŞ təhlükəli bölgələrdə yerləşən dostların yanında dayanmalıdır. Azərbaycan da bizim dostumuzdur" deyib.
Nyu Hempşir senatoru Kelli Ayotte isə Rusiyanın işğalçı siyasətinə diqqəti yönəldib. Senator qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin siyasəti Ukraynanın müstəqilliyini təhdid edir. O bildirib ki, bu hadisələr daha əvvəl Gürcüstanda da təkrarlanıb.
Ayotte Putinin bir başqa ölkəni daha işğal etməsinə qarşı digər qonşu ölkələri məsuliyyətli və həssas olmağa çağırıb: "Bu gün buradan açıqlamaq istəyirəm ki, Putinin işğalına qarşı senat liderləri və üzvləri ilə daha sərt sanksiyalar üçün layihə təqdim edəcəyik. Sərt sanksiyalarla Rusiyanın öz sərhədləri içində qalması və digər ölkələrin müstəqilliyinə qarşı hörmət etməsini hədəfləyirik".
Senator həmçinin bildirib ki, iki ölkə arasındakı əlaqələr daha çox güclənəcək: "Əməkdaşlığımız, iqtisadi əlaqələrimiz daha da güclənərək dünyaya daha çox güvən verəcək və sabitlik təmin edəcək".
Senator Ayottedən sonra kürsüyə gələn Nyu York Əyalətinin federal təmsilçisi Qreqori Mik Konqresə əhəmiyyətli sayda millət vəkili və senatorun qatıldığına diqqət çəkib. O bildirib ki, bu, ABŞ- Azərbaycan əlaqələrinin bizim üçün xüsusi olduğunu göstərir.
Ukraynada baş verən son hadisələrdən də danışan millət vəkili Rusiyanın təcavüzkarlığından narahat olduqlarını bildirib: "Burada əsas sual budur ki, Azərbaycanı dost olaraq görən ABŞ-ın mövqeyi nə olacaq? Burada bu gün sizə deyirəm. ABŞ olaraq Azərbaycandakı dostlarımıza dəstək olacağımızı bilmənizi istəyirəm. Həmçinin dünyanın, Azərbaycan ilə çiyin-çiyinə olduğumuzundan əmin olmasını təmin edəcəyik. Rusiyanın təcavüzkarlığı ilə bunu dəyişdirməsinə icazə verməyəcəyik".
Nyu Yorkdan senator Dan Maffei deyib ki, bu gün xəritəyə baxsanız dünyada ən təhlükəli iki bölgənin olduğunu görərsiniz. Onlardan biri Yaxın Şərq; Suriya ilə bağlı problemlər, digəri isə Ukraynadır. O, qeyd edib ki, hər iki təhlükəli bölgə ABŞ-ın strateji tərəfdaşı olan Azərbaycana yaxın yerləşir: "Məndən öncə çıxış edən həmkarlarım da enerji və terrorla mübarizədə Azərbaycanın önəminə diqqət çəkdilər. Mən Azərbaycanın nüvə silahlanmasının önünə keçmədə, sülhün yaradılmasında və rifahın əldə edilməsində çox böyük önəmə sahib, həm də həlledici öhdəlik götürmüş vəziyyətdə olduğunu deyib".
Texasdan olan senator Henri Kuellar Azərbaycanın tarixdə İpək yolunun, bu gün isə enerji nəqli yolları və qaynaqlarının mənbəyi olması baxımından həmişə önəmli mövqedə olduğunu deyib: "Avropanın təhlükəsizliyi üçün Azərbaycanın enerji qaynaqları strateji önəmə sahibdir. Bunun üçün də birlikdə olmalıyıq".
Politoloq Vasif Əfəndinin fikrincə, Ukraynada baş verən son hadislərin dünya düzəninə təsiri şübhəsizdir: "Elə bir təəssürat yaranır ki, Putin hakimiyyəti bu addımları atmaqla nəyinsə üstünü ört-basdır etmək istəyir. Yəni bunu həm də çökməkdə olan Rusiyanın bu hala salınmasına görə məsuliyyətdən qaçmaq cəhdləri kimi də dəyərləndirmək olar. Rusiyanın insan haqları, sosial durum və iqtisadiyyat kimi önəmli sahələrindəki vəziyyət dünya standartlarından çox geri qalmaqdadır. Lakin fakt odur ki, hazırki şəraitdə Rusiya əlində oln hərbi güc faktorundan istifadə etməklə dünyada gedən proseslərə mənfi təsirini göstərə bilib. Putunin Krımı ilhaq etməsindən sonra yaranan vəziyyət isə Qərbi öz siyasətlərində müəyyən dəyişikliklər etməyə vadar edəəcək. Avropa və ABŞ ilk növbədə enerji təhlükəsizliklərini təmin etmək barədə düşünəcəklər. Nəzərə alsaq ki, Rusiya Avropa üçün xammal bazarı olması ilə yanaşı həm də karbohidrogen ehtiyatı olan bir ölkə kimi önəm daşıyır və hazırki şəraitdə Rusiya hakimiyətində davam edən kriminogen durum sabitləşməyənə qədər Qərbin Rusiya ilə əməkdaşlığında maneələr yaranacaq. Belə olan şəraitdə karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan və İran Avropa üçün daha önəmli əhəmiyyət kəsb edə bilər. İranla bağlı vəziyyət bu əməkdaşlığa əngəllər yaradır. Azərbaycan isə Avropa ilə əməkdaşlıq proqramlarına geniş mənada qoşulmaq şərti ilə bu imkandan yaralanmaq şansı əldə etmiş olar. Əgər Azərbaycan birmənalı olaraq demokratik dünyaya yaxınlaşmaq istiqamətini götürəcəksə yaranmış şərait ölkəmizə misli görünməmiş imkanlar açacaq".
Ekspert Hail Cəlilin fikrincə, Ukrayna hadisələri rəsmi Vaşinqtona bir mesaj oldu: "Qərbi Azərbaycana diqqətini artıran məqamlardan da biri Putinin imperialist siyasətidir. Qərb dərk edir ki, Putin tələsinə Ukrayna və Azərbaycanı salmaq niyyətindədir. Ukrayna artıq parçalanmaq üzrədir, Azərbaycan isə Rusiyanın məkrli siyasətinin qurbanına çevrilmək istəmir. Ona görə də ABŞ başda olmaqla Qərb rəsmi Bakının mövqeyini dəstəkləməkdə davam edir. Amma hələ də Qarabağ məsələsində real addım atmaq iqtidarında deyil. Şəxsən mən rəsmi Vaşinqtonun rəsmi Bakının ünvanına yağdırdığı təriflərin səmimi olduğuna inanıram. Amma bunu yalnız Qarabağ məsələsində sübut etməlidir. Ukraynaya göstərə Rusiyaya göstərilən təpki Ermənistana da göstərilməliydi".