20 ilin “atəşkəsi” və kəsilməyən atəş Siyasət

20 ilin “atəşkəsi” və kəsilməyən atəş

Qarabağda sonuncu güllə məhz Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması üçün açılacaq

Cavid

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 20 il ötdü. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb. Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib.
Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub. Mayın 8-də Rusiyanın nümayəndəsi Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq "Böyük sülh sazişi"nə imza atmalı idilər. Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb. Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəldib. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib. Atəşkəsdən ötən 20 il ərzində müxtəlif məlumatlara görə, cəbhə xəttində minlərlə insan həlak olub. Onu da qeyd edək ki, dünyanın super gücləri və onların maraqlarına xidmət edən beynəlxalq qurumlar Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətindəki "səylərini" monoton bəyanatlar üzərində kökləməklə əsas hədəflərini diqqətdən yayındırırlar.
ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının atəşkəs dövrünü əhatə edən "daşlaşmış açıqlamalar"ı Ermənistanın işğalçılıq niyyətlərini bir az da pərdələməkdən uzağa getməyib. Bu müddət ərzində Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasını özündə ehtiva edən "Bişkek Protokolu"nun müddəalarının tətbiq mexanizmləri də özünü doğrulda bilməyib. Atəşkəs müqaviləsinin imzalanmasından sonra Azərbaycan-Ermənistan cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulması davam edib. Əslində "Bişkek Protokolu" sadəcə olaraq formal hesab oluna bilər. Atəşkəsin əldə olunması istiqamətində danışıqlarda iştirak etmiş ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun öz qələmindən çıxanlar da protokolun qeyri-obyektivliyi və ciddi hüquqi qüvvəyə malik olmadığına işarədir: "Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də Azərbaycan tərəfinin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı".
Cəbhə xəttində atəşkəsin pozulması 2014-cü ilin ilk aylarında daha da intensivləşməklə vəziyyəti dramatik məcraya yönəldib. Yalnız son bir ayın statistikasına diqqət yetirməklə belə qənaətə gəlmək olar ki, "Bişkek protokolu" əslində qüvvədən düşüb. Atəşkəsin Ermənistan tərəfdən pozulması ilə bağlı statistik məlumatlar da bunu deməyə əsas verir.
Əslində müşahidəçilər Azərbaycanla Ermənistan arasındakı atəşkəs rejiminə məhz Rusiyanın nəzarət etdiyi fikrindədirlər və bu mövqelərində haqlıdırlar. Konkret ifadə etsək, atəşkəsi pozmaqla Rusiyanın müəyyən məsələlərdə Azərbaycana təzyiq göstərdiyi heç kimə sirr deyil. Azərbaycanın müstəqil dövlət olaraq yürütdüyü xarici siyasət kursu birinci növbədə Cənubi Qafqazda və ümumiyyətlə, MDB məkanında əsas söz sahibinə çevrilmək istəyən Rusiyanı narahat edir. Kreml cəhd edir ki, Azərbaycan xarici siyasi kursunda Rusiyaya istiqamətlənsin. Rəsmi Bakının inadla Gömrük İttifaqına qoşulmaqdan imtina etməsi Kremlin Azərbaycana qarşı təmas xəttindəki insidentlərdən vasitə kimi istifadə etməsini də şərtləndirir. Aydın məsələdir ki, Rusiyanın əlaltısı olan Ermənistan Moskvanın maraqlarından kənar addım atmaz. Deməli, atəşkəs rejimin pozulmasında "şimaldan əsən küləklər" çox böyük rola malikdir.
Politoloq Qabil Hüseynlinin də fikrincə, Ermənistan atəşkəsi pozan tərəfdir. Atəşkəsin intensiv pozulması adətən sülh danışıqları prosesində pozitiv irəliləyişlər müşahidə olunduğu dövrlərdə baş verir. Ermənilər bununla öz "üstünlüklərini" nümayiş etdirməyə, atəşkəsin pozulmasından istifadə edərək bunu Azərbaycanın üzərinə yıxmağa çalışır. Tərəflər arasında imzalanmış "Bişkek Protokolu" adlı atəşkəs sazişi əslində formal xarakterli, hüquqi qüvvəyə malik olmayan sənəddir. Sənədin qəbul olunduğu zamandan bu günə qədər atəşkəs davamlı olaraq Ermənistan tərəfindən pozulub. Sazişin qeyri-hüquqi mahiyyəti sənədin imzalanmasında iştirak etmiş şəxslərin də mövqelərində əks olunur. Azərbaycanın sabiq dövlət müşaviri Vəfa Quluzadə isə tərəflər üzərinə konkret öhdəlik qoyulduğunu xatırladır. "Bişkek Protokolu" ilə bağlı səslənən mövqelərdə oxşar məqamlar olsa da, ziddiyyətlər də az deyil. Sazişin hazırlanması ilə bağlı danışıqlarda bilavasitə və ya birbaşa iştirak etmiş o vaxtkı dövlət rəsmilərinin bir-biri ilə uzlaşmayan fikirləri də hardasa, sazişin özündəki dolaşıq məqamlardan irəli gəlir. Atəşkəs rejiminin bəyanat olaraq mövcudluğu sonradan sülh müqaviləsinin bağlanmasına hesablanmış addım idi. Ermənistanın qeyri-konstruktivliyi fonunda isə bu sülh əldə edilmədi. Əlbəttə ki, bütün bunlar işğalçı Ermənistanın bölgədə yaratdığı yeni siyasi "xəritə"nin, status-kvonun saxlanılmasına xidmət edir. Azərbaycan yalnız təsəlli olaraq "Bişkek Protokolu"ndan irəli gələn məqsəd və vəzifələri xatırladır. Ermənistanı isə bu sazişin mövcudluğu ümumiyyətlə maraqlandırmır, çünki onun üçün Rusiyanın maraqlarından kənar mövqe yoxdur. Rəsmi İrəvan Kremlin siyasi orientasiyasından kənara çıxmır, deməli, atəşkəslə bağlı sərgilədiyi mövqe də Rusiyanın maraqlarının diktəsidir. Sözsüz ki, zaman-zaman cəbhədən gələn atəş səslərinin arxasında Rusiyanın dayandığı da məlumdur...Bu isə Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasən Rusiyanın kurasiyasında olmasını bir daha təsdiqləyən məqamdır".
Mürəkkəb siyasi proseslər fonunda bir məsələni də kənarda saxlamaq olmaz. ATƏT-in Minsk qrupunun monitorinq dəstəsi cəbhə xəttində reydləri qondarma "Dağlıq Qarabağ Respublikası"nın hərbiçilərinin və "hökumət nümayəndələri"nin müşayiəti ilə keçirir. Bu nə deməkdir? Münaqişənin həlli ilə əlaqədar yaradılmış Minsk qrupu Dağlıq Qarabağ konfliktinin nizamlanmasında separatçı qurumu tərəf kimi görürmü? Ekspertə görə, hər halda açıq rəsmi bəyanatlar olmasa da, dolayı yolla separatçılara dəstək verilməsi və onların şirnikləndirilməsi nüansının üzərindən keçmək olmaz: "Elə bu məqamda başıbəlalı "Bişkek Protokolu" ətrafında yaranmış problemlərdən biri də separatçı "DQR"in sənədə tərəf kimi imza atması ilə bağlı sərsəm iddialardır. Görünən odur ki, bu cür ssenarilərin arxasında elə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri dayanır (ABŞ, Rusiya, Fransa). Yoxsa niyə Cənubi Qafqaz regionunun əsas konflikt ocağında aparılan monitorinqlərdə qondarma bir qurum da iştirak etsin?! Bəzi yerli mətbuat orqanları yazır ki, bu il atəşkəs sazişinin müddəti bitir. Düzdür, onsuz da heç bir rol oynamayan sənədin icra limitinin tükənib-tükənməməsi proseslərə elə də təsir edə bilməz. Əslində isə sənəddə hər hansı konkret müddət nəzərdə tutulmayıb. O da bəllidir ki, atəşkəs rejiminin qeyri-müəyyənliyi bölgədə hər an müharibə ehtimallarını artırır. Bura danışıqlar predmetinin Ermənistanı qane etməməsini də əlavə etsək, o zaman müharibədən danışmağa kifayət qədər əsaslar var. Danışıqlar nəticə vermirsə, Azərbaycan işğal altındakı torpaqlarını geri qaytarmaq yolunda başqa hansı addımlar ata bilər ki?!"
Ekspertlərin qənaətincə, istənilən zaman tərəflərdən biri atəşkəsi pozmaqla müharibəyə başlayacağını bəyan edə bilər. Buna görə atəşkəs sazişində hər hansı qadağa yoxdur. Eyni zamanda belə bir addımın atılacağı təqdirdə avtomatik olaraq sənəd qüvvədən düşmüş sayılır. Bundan sonra isə beynəlxalq təşkilatların hansı addım atacaqları sənəddə göstərilmir. Amma məsələnin maraqlı tərəfi odur ki, hər gün atəşkəsi pozan Ermənistan bunu açıq şəkildə bəyan etmir. İndiki geopolitik şərtlər daxilində atəşkəsi pozan tərəfin rəsmi müharibə elan etməsi də real görünmür. Halbuki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün Ermənistan tərəfindən zəbt edilmiş bölgələrini azad etmək üçün müharibə etmək hüququ var. Ancaq yenə böyük güclər və onların bölgədə toqquşan maraqları, Ermənistanın işğalçılıq siyasətinə diplomatik don geyindirmələri və s. amillər Azərbaycanı gözləmə mövqeyinə çəkilməyə vadar edir. Azərbaycan üçün beynəlxalq güclərin regionda toqquşan maraqları kontekstində müharibəyə başlayacağı çətinliklər yaratsa da, rəsmi Bakı qəti mövqeyini ortalığa qoyub: sülh prosesləri nəticə verməyəcəyi halda Azərbaycan öz torpaqlarını hərbi əməliyyatlarla geri alacaq. Bir gün tez, bir gün gec, bu, reallaşacaq. Hər halda həm beynəlxalq təşkilatlar, həm də dünyanın böyük dövlətləri atəşkəs sazişinin hüquqi gücə malik olmadığının fərqindədirlər.