Myanmada müsəlman qətliamı davam edir Siyasət

Myanmada müsəlman qətliamı davam edir

Əliməmməd Nuriyev: "Əgər soyqırım baş verirsə buna qarşı bütövlükdə bəşəriyyət ayağa qalxmalıdır"

Myanmada müsəlmanlara qarşı qətliam davam edir. İnsanlar-qoca, qadın və uşaqlar müsəlman olduqlarına görə öldürülürlər. Bu isə İslam dünyasında ciddi etiraza səbəb olur.
Artıq bir neçə gündür ki, Myanmanın Arakan bölgəsində müsəlman əhaliyə qarşı silahlı təzyiq göstərilir. Hadisələr nəticəsində 100-lərlə insanın öldüyü deyilir. BAş verənlərdən qaçan müsəlmanların Banqladeş sərhəddindəki qaçqın düşərgələrinə sığındıqları deyilir.
Xatırladaq ki, Arakan müsəlmanları 2012-ci ildən Myanma hökuməti tərəfindən sıxışdırılır, kütləvi şəkildə qırğınlara məruz qalırlar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dea Myanmada baş verən hadisələri qətiyyətlə pisləyib. Türkiyə rəhbəri dünya ictimaiyyətinin Myanmada olanlara biganə yanaşdığını bildirib: "Bu məsələni hər platformada dilə gətirəcəyik. Təəssüf ki, dünya Myanmada olanlara qarşı kar və kordur. Nə eşidir, nə də görür. Son hadisə isə daha acınacaqlıdır".
Millət vəkili Azər Badamov deyib ki, Myanmada baş verən hadisələr insanlığa xas olmayan hərəkətlərdir: "Ancaq müsəlman olduqlarına görə insanları qətlə yetirmək, soyqırım törətmək, yaşayış yerlərindən didərgin salmaq bəşəriyyətin ən böyük faciəsidir". Onun sözlərinə görə, çox təəssüf ki, dünya ictimaiyyəti, insan hüquqlarından ağız dolu danışanlar, BMT, demokratiya və insan haqları haqqında fəaliiyət göstərən təşkilatlar Myanmada baş verən hadisələrə heç bir reaksiya vermir: "Necə olur ki, ABŞ-da və ya Qərbdə bir xristianın burnu qanıyan kimi hamı ayağa qalxır, bütün mətbuat ondan yazır və böyük bir fövqəl hadisəyə çevirirlər. Myanmada ordu son 3 gündə heç bir günahı olmayan 3 min müəsəlmanı qətlə yetirir, buddistlər müsəlman kəndlərini mühasirəyə alıb əziyyət verir, amma dünya heç nə olmamış kimi susur. Bu onu göstərir ki, dünyada ikili standartlar dərinləşməkdədir və bu da dünyanı məhvə doğru aparır. Belə hadisələrə heç cürə haqq qazandırmaq olmaz. İrqi, dini, milli mənsubiyyətindən asıllı olmayaraq hər bir insanın bu dünyada yaşamaq haqqı var və dünya birləşib belə haqsızlıqların qarşısı almalıdır. Əks halda bəşəriyyətin sonu görünəcəkdir".
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev bildirib ki, ümumiyyətlə, dünya birliyində nə hadisə olursa, onun hansı qitədə olmasından asılı olmayaraq dərhal reaksiya verilməlidir: "Amma nədənsə bu hadisələr (terror, sui-qəsd və s.) bəzi ölkələrdə Əfqanıstanda, Türkiyədə baş verəndə adi qarşılanır". Onun sözlərinə görə, bu kimi hadisələr İspaniyada, Almaniyada baş verəndə isə dərhal onu terror kimi yozmağa çalışırlar: "Beləcə, burada böyük bir kampaniya başlanır. Ümumiyyətlə, terrorçunun nə milləti, nə də dini var. Onun insanlığa, bəşəriyyətə zidd olan baxışları var". Qətliamlarla, soyıqırm ilə bağlı məsələyə gəldikdə isə əgər bu xristian dinin daşıyıcılarına qarşıdırsa dərhal bunun qarşısını almaq üçün hərəkətə keçirlər: "Təbii ki, bu belə də olmalıdır. Əgər soyqırımı baş verirsə buna qarşı bütövlükdə bəşəriyyət ayağa qalxmalıdır. Bunun qarşısını almaq üçün çox sərt tədbirlər həyata keçirilməlidir. Myanma əvvəlcə diktatura rejimində idi. İndi isə burada demokratik hökumət yaranıb. Amma nə baş verir? Milyonlarla, yüz minlərlə şəxs müsəlman olduğu üçün məhv edilir. Özü də bu işdə dövlətə məxsus ordu iştirak edir. Hətta polisin özü belə qətlimalarda, soyqırımda iştirak edir. Amma təəssüf ki, dünya buna səssiz qalıb. Çünki onlara müsəlmanların həyatı maraqlı deyil".
Politoloq İlqar Vəlizadə vurğulayıb ki, Myanmada gedən proses müsəlmanlara qarşı soyqırımdır. O bildirib ki, ermənilər olmayan bir hadisəni qondarma soyqırım adlandırıb bəzi ölkələrə tanıtdıra bilsə də, Myanmada müsəlmanlara qarşı törədilən soyqırımına qarşı hansısa sanksiyalar qəbul edilmir: " Myanmada baş verənlərin məhz müsəlmanlara qarşı törədildiyi ilə bağlı faktlar olmasına baxmayaraq, heç bir beynəlxalq təşkilat bunu soyqırımı kimi tanımır". İ. Vəlizadə qeyd edib ki, həm dünya ölkələri, həm də BMT Myanmada baş verənlərə hüquqi qiymət verməlidir: "Təbii ki İslam Əməkdaşlıq Təşkilatı toplantı qurub qərar qəbul edə bilər. Lakin çox təssüf ki, bu qərar təsirli olmayacaq. Bu baxımda da düşünürəm ki, beynəlxalq təşkilatlar bəyanat verməklə yanaşı, əməli tədbirlər görməlidirlər". Politoloqun sözlərinə görə, Myanmada baş verənlərin qarşısını almaq üçün hətta lokal hərbi əməliyyatların keçirilməsinə zərurət var: " Baxmayaraq ki, Liviyada, İraqda, və Əfqanıstanda heç bir soyqırımı faktı yoxdur, lakin orada hərbi əməliyyatlar keçirilir. Myanmada yüzlərlə insan tələfatı faktı göz qabağında olsa da, məsələ ilə bağlı heç bir ölçü götürülmür. Təbii ki bütün bunlar dözülməz, dünyada ikili standartlığın nümunəsidir. Bu məsələ xüsusilə də xrsitian ölkələrinin biganə yanaşmasından irəli gəlir".