Xəzərin taleyi Həştərxanda həll olunur? Siyasət

Xəzərin taleyi Həştərxanda həll olunur?

İlham Şaban: "Xəzərin hüquqi statusu məsələsi yenə də həllini tapmayacaq"

Xəzərin statusu ilə bağlı 5 xəzəryanı dövlət müzakirə aparır. Məlum olduğu kimi Xəzər sahili olan ölkələrin dövlət başçıları - Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentləri Həştərxanda bir araya gəlib. Xəzər Zirvəsinin ən əhəmiyyətli mövzusu Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsidir.
Sahilyanı ölkələr, hərbi və geosiyasi maraqları, Xəzərdə olan zəngin neft və təbii qaz qaynaqlarından daha çox pay almaq istəmələri səbəbiylə status mövzusunda bu günə qədər bir razılığa gələ bilməyiblər. Bu günə qədər Xəzərdəki ekoloji vəziyyətin, dəniz bitki və heyvanlarının qorunması, onların istifadə edilməsi, eləcə də fövqəladə hallarda əməkdaşlıq edilməsi istiqamətində tərəflər müəyyən razılaşma əldə etsələr də, lakin Xəzərin göl və ya dəniz olması, olması, dənizin dibində və səthində sərhədlərin müəyyənləşdirilməsi, neft və təbii qaz yataqlarının kimə aid olduğu, dəniz dibindən boru kəmərlərinin çəkilməsi kimi mövzularda vahid mövqedən çıxış edə bilmirlər. Məlumat üçün qeyd edək ki, Rusiya, Azərbaycan və Qazaxıstanın, dəniz dibinin bölünməsi istiqamətində razılaşması var.
Bununla yanaşı Rusiya, dənizdən keçəcək boru xəttləri ilə bağlı bütün ölkələrin razılığının alınmasını israr edir. Azərbaycan, Türkmənistan və Qazaxıstan isə Rusiyanın bu təklifini isti qarşılamır. Rəsmi Moskvanın belə bir mövqe nümayiş etdirməsinin səbəbi isə Türkmənistan qazının Xəzərdən keçərək Avropa bazarlarına çıxması və onun rus qazına rəqib olmasıdır. Əgər Türkmənistan qazı Xəzər vasitəsilə Avropaya çıxarsa o halda Avropanın Rusiya qazından asılılığı aradan qalxar. Bu isə təbii ki, Kremlin maraqlarına ziddir. Sahilyanı ölkələrdən olan İran isə həm daha çox dəniz ərazisi əldə etmək, həm də yeni təbii qaz yataqlarına sahib olmaq üçün Xəzərin dibinin və səthinin beş bərabər hissəyə ayrılmasını istəyir. Sovetlər dövründəki sərhəddindən daha çox pay almaq istəyən İran "Alov" təbii qaz yatağı mövzusunda da Azərbaycanla anlaşılmaz durumdadır. Xəzərdə bir digər anlaşılmazlıq isə Kəpəz yatağı ilə bağlıdır. Rəsmi Aşqabad Kəpəzi Sərdar yatağı kimi qələmə verərək ona məxsus olduğunu iddia edir. Bu səbəbdən hazırda sözügedən təbii qaz yatağı ilə bağlı Azərbaycan və Türkmənistan arasında anlaşılmazlıq yaşanır. Ancaq rəsmi Aşqabad da Xəzərin milli bölgələrə bölünməsini müdafiə edir və Xəzərin bərabər şəkildə paylaşılmasını istəyir. Qazaxıstan və Azərbaycan isə hər zaman Xəzərin milli bölgələrə ayrılmasına tərəfdar olduğunu açıqlayırlar. Sahilyanı ölkələr arasında rəsmi Bakının mövqeyi təqdiredici görünür. Belə ki, Azərbaycan Xəzər dənizinin "orta xətt prinsipi"ni əsas alınaraq milli bölgələrə bölünməsini və ölkələrin bu bölgələrdə tam səlahiyyətli olmasını istəyir. Xəzərin bağlı bir dəniz olduğunu bildirən Qazaxıstan isə burada Birləşmiş Millətlər Təşkilatının əlaqədar konvensiyalarının tətbiq olunmasını istəyir. Astana rəhbərliyi hesab edir ki, dənizin dibi beş bərabər hissəyə bölünməli və hər bir dövlətin özünə düşən bölgə istənildiyi kimi istifadə edilməlidir. Qazaxıstan dəniz səthindən isə ortaq istifadəni tələb edir.
Politoloq Arzu Hağıyevin qənaətinə görə, Xəzərə göl və dəniz kimi baxılması əsas məsələdir: "İran çalışır ki, Xəzərə göl olaraq baxılsın və bərabər ərazilərə bölünsün. Dəniz kimi baxıldıqda isə o müəyyən sektorlara bölünməli və dövlətlər arasında neytral sular olmalıdır. Azərbaycanın Qazaxıstan və Rusiya ilə həll olunmamış məsələsi qalmayıb. Türkmənistanla neft yataqlarının bölgüsü mövzusunda anlaşmazlıq yaşansa da bu öz həllini tapdı deyə bilərik. Belə ki, Azərbaycan prezidentinin bu sammitdən öncə həm Türkmənistan, həm də İran dövlət başçısı ilə görüşü olmuş və razılıqlar əldə olunub. Buna görə sammit zamanı heç bir problem yaşanmayacağını söyləyə bilərik".
Onun fikrincə, Ukrayna hadisələrindən sonra Türkmənistan o bloklara qoşulmaqdan bir az kənara çıxıb: "Yəni qonşularla ortaq məxrəcə gəlinməsi eyni blokda olma gündəmdə olan əsas məsələdir. Ona görə prezidentlərin görüşündə bu məsələlərə qayıdılmışdır. Xəzərin hüququ statusu tənzimləsə o zaman biz hər iki tərəf üçün də vacib olan məsələləri çözə bilərik".
Ekspert hesab edir ki, Xəzər dənizi həm strateji, həm coğrafi baxımdan Asiyada yerləşən çox mühüm obyektdir: "Xəzər dənizi vasitəsilə bizim 4 ölkəyə çıxışımız var: "Bu ölkələr bizim sahil qonşularımızdır. Xəzər yalnız strateji əhəmiyyətli yer kimi baxılması düzgün deyil. Xəzər iqtisadi baxımdan da olduqca önəmli bir yer tutur. Azərbaycanın karbohidrat ehtiyatlarının çox hissəsi Xəzərdədir. Əvvəllər də keçirilən sammitlərdə müəyyən məsələlərin həlli istiqamətində irəliləyişlərin olduğunu nəzərə alaraq bu samitin olduqca əhəmiyyətli olduğunu və gözlənilən nəticəyə doğru atılan növbəti addım olduğunu söyləyə bilərik".
Ekspert İlham Şaban isə bildirib ki, Rusiya tərəfinin anonsundan belə nəticəyə gəlmək olar ki, Xəzərin hüquqi statusu məsələsi yenə də həllini tapmayacaq: "Əvəzində 5 dövlət başçısı Xəzərin dövlət, suverenitet və balıqçılıq zonalarına bölünməsiylə bağlı bir sənədə qol çəkəcəklər. Bu, hər bir ölkənin həmin zonaların 25 millik, yəni sahildən 45 km ərazidən istifadə hüququnu təsbit edir. Bundan əlavə Həştərxan sammitində Xəzər hövzəsinə üçüncü tərəf ölkələrin hərbi qüvvələrinin yerləşdirilməməsinə dair bir kommunikenin imzalanması da gözlənir. Bununla da əsas məsələ bitəcək.
Sammitdən 6 gün əvvəl Rusiya xarici işlər nazirinin müavini açıqlama verdi ki, Rusiya Xəzərin milli sektorlara bölünməsinin də əleyhinə olub bir vaxtlar. Hətta çox maraqlı bir məqamı da vurğuladı ki, "biz ümumiyyətlə Rusiya ilə İran arasında Xəzərin bölünməsi sazişini tanıyırdıq, sonradan yaranan dövlətlərin maraqlarını nəzərə alıb bu məsələyə qayıtdıq". Yəni belə çıxır ki, Qazaxıstan, Türkmənistan və Azərbaycanı Moskvayla Tehran sadəcə görmürlərmiş. İndi bizə jest edib görürlər. Bir məsələ də var. Bu gün Rusiya televiziyasında danışırlar ki, "axı bu Xəzərdə nə var ki, biz onu bölə bilmirik?? 18 ildə 4 zirvə toplantısı keçirilib, bir ortaq məxrəcə gələ bilmirik?. Deyirlər ki, "Rusiya Xəzərdə qaz ehtiyatına malik birinci xəzəryanı ölkədir. İran qaz ehtiyatına görə 2-cidir, Türkmənistan 4-cüdür". Azərbaycana gələndə deyirlər ki, "neft erası başa çatır, düzdür, qazı var, ancaq ən yaxşısı, infrastrukturu var". Ancaq axı bunların Xəzərə aidiyyəti yoxdur. Sırf Xəzərdə olan yataqları götürsək, ən böyük yataqlar Azərbaycan və Qazaxıstandadır. Qazaxıstanın ən böyük yatağı olan "Kaşağan" isə xeyli problemli yataqdır. Hazırda Xəzərdə nefti və qazı olan bir nömrəli ölkə, 50 il qabaqkı kimi, Azərbaycandır. İran yeganə xəzəryanı ölkədir ki, dənizdə nə neft çıxarır, nə də qaz hasil edir".

Əli