

“Ermənistanın Rusiyaya səfər kimi addımlar vasitəsilə təhlükəsizlik və iqtisadi problemlərini həll etməyə çalışması onun müstəqil və strateji qərarlar qəbul etmək əvəzinə, xarici güclərdən asılı olmasına işarə edir. Bu, ölkənin beynəlxalq arenadakı imicinə də mənfi təsir göstərir, çünki regionda daha bərabərhüquqlu və suveren siyasət yürütmək əvəzinə zəncirli siyasət obrazı formalaşır. Paşinyanın səfərinin kommunikasiya və tərəfdaşlıq baxımından "əhəmiyyəti" olsa da, bu, Ermənistanın öz daxili problemlərini həll etmək üçün yetərli strategiya olmadığını təsdiqləyir”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılovun sözlərinə görə, hər iki tərəfin – həm Ermənistanın, həm də Rusiyanın bu səfərlə bağlı mövqelərində strateji şəffaflıq və gələcəyə dair aydın planların olmaması da nəzərə çarpır: “Bu, gələcəkdə mümkün gərginliklərin və qarşıdurmaların artmasına zəmin hazırlaya bilər. Ermənistanın siyasi rəhbərliyi daha müstəqil və prinsipial mövqe göstərməli, Rusiyanın isə bölgədə ədalətli və davamlı əməkdaşlıq üçün konstruktiv addımlar atması zəruridir”.
Politoloq həmçinin deyib ki, əsasən, Ermənistanın müstəqil siyasət yürütmək üçün təkan almaması, Rusiyanın isə öz geosiyasi maraqlarını Ermənistandan üstün tutması regionun sabitliyinə və gələcək əməkdaşlığa ciddi zərbə vurur. O, bu durumun hər iki ölkənin strateji gələcəyinə ciddi təsir göstərəcəyini və regionda mövcud olan gərginliklərin azalmasını əngəlləyəcəyini qeyd edib.
Röya İsrafilova