Parisdə “Böyük sülh sazişi” bağlanacaq Siyasət

Parisdə “Böyük sülh sazişi” bağlanacaq

Putinin Sarkisyana əsəbiləşdiyi bildirilir

Cavid

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının böyük sülh sazişi üzərində işə başlamağa hazır olduğunu açıqlayıb. Oktyabrın 27-də planlaşdırılan Paris görüşünü şərh edən XİN rəhbəri vurğuladı ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə hər bir görüşün səmərəli olmasını istərdi ki, bu proses irəliləsin.
"Qoşunların çıxarılması, qaçqınların qaytarılması, nəqliyyat və infrastrukturla bağlı məsələlərin həlli üzrə strukturlar arasında işçi qruplarının yaradılması haqqında bir sıra təkliflər olub. Azərbaycan ekspertlər səviyyəsində belə danışıqlara başlamağa hazırdır. Biz Ermənistan tərəfindən cavab gözləyirik", - deyə ölkənin baş diplomatı bildirib.
Qeyd edək ki, 1994-cü ilin 8 may tarixində Bişkekdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs imzalandı. Həmin ilin 12 mayında Bişkek protokolu qüvvəyə mindi.
Bundan sonra ATƏT-in Minsk qrupunun iştirakı ilə tərəflər "Böyük sülh sazişi"nə imza atmalı idilər. Lakin artıq 20 ildir davam edən münaqişənin həllində Minsk qrupu heç bir səmərəli nəticə əldə edə bilməyib.
Bu sazişə görə, Azərbaycanın 7 rayonu qaytarılır, sülh imzalanır, daha sonra Dağlıq Qarabağın statusu üzərində işə başlanılır.
Qafqazşünaslıq elmi təşkilatının rəhbəri Andrey Areşev Məmmədyarovun açıqlamasını münaqişədə pozitiv irəliləyiş adlandırıb. Onun sözlərinə görə. tərəflərin birinin belə istəkdə olması müsbət haldır: "Amma yaxın vaxtlarda real nəticələr əldə etmək mümkün deyil. Bu mərhələdə belə sənəddən danışmaq, münaqişə həll olunmadan böyük sülhdən danışmaq tez olardı. Bir sıra ilkin addımlara təşəbbüs etmək lazımdır. Hər şeydən əvvəl tərəflər arasında qarşılıqlı etibarın qurulması və normal dialoqun başlanmasına nail olunmalıdır".
Ekspert hesab edir ki, ilk növbədə döyüş bölgəsində hərbi hərəkətlərdən imtina edilməlidir.
"Əks təqdirdə, böyük sülh müqaviləsi üzərində işləmək çətin ki, məhsuldar ola bilər. Bu saziş XİN rəhbərləri və Minsk qrupunun vasitəçiləri tərəfindən bir arada müzakirə edilib razılaşdırılmalıdır", - deyə ekspert bildirib.
Rusiya Diplomatları Assosiasiyasının sədr müavini Andrey Baklanov isə hesab edir ki, üç baza prinsipi olsa da, belə bir razılaşmanı rəsmiləşdirmək və bütün sənədləri uyğunlaşdırmaq asan məsələ deyil və bu proses uzanacaq.
"Ona hazırlaşmaq lazımdır ki, dalanda çıxış səyləri uzun müddət vaxt aparacaq. Buna görə də sürətli sıçrayışı gözləməyə dəyməz. Burda yenə üç prinsip- ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək yenə önə çıxacaq. Tərəflər hər birinin məsələyə yanaşmasını yaxşı bilirlər. Paris görüşü də güman ki, daha yaxşı dialoqun qurulması üçün təşkil olunur", - deyə diplomat bildirib.
A. Baklanov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması iki ölkə arasında normal münasibətlərin qurulmasında finaldır: "Amma gərək əvvəlcə ölkələr və xalqlar arasında etimad mühiti formalaşdırılsın ki, gələcəkdə birgə əməkdaşlıq mümkün olsun. Belə addımlardan biri 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ola bilər. Yeri gəlmişkən, Azərbaycan tərəfinin erməni idmançıların təhlükəsizliyinə zəmanət verməsi pozitiv siqnaldır. Belə məsələlərin müzakirəsindən başlamaq lazımdır".
Millət vəkili, politoloq Rasim Musabəyov İlham Əliyev və Serj Sərkisyanın Paris görüşünü şərh edərkən deyib ki, prezidentlərin Paris görüşü ilə bağlı hazırda fikir bildirmək çətindir. Hələki görüşün gündəliyi də məlum deyil.
Politoloqun fikrincə, Paris görüşündə sülh sazişi imzalanmayacaq: "Kimsə deyirsə ki, prezidentlərin Paris görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, bu belə deyil. Ən yaxşı halda, intensiv danışıqlar raundunun başlanması ilə bağlı hər hansı bir qərar qəbul oluna bilər. Paris görüşündə sülh sazişi imzalanmayacaq".
Onu da qeyd edək ki, prezidentlərin Paris görüşü ərəfəsində 7 rayonun qaytarılması söhbəti bir daha gündəmə gəlib. Lakin bu dəfə ekspertlər məsələyə fərqli bucaqdan baxırlar. Bəzi politoloqlar hesab edirlər ki, Putin özü işğal altında olan yeddi rayonumuzun qaytarılmasında maraqlıdır. Çünki bununla Rusiya Azərbaycanı məcbur edəcək ki, bu məsələnin birdəfəlik həllini unutsun. Beləliklə də Qafqazda ən böyük münaqişə ocağı olan Dağlıq Qarabağ problemi, üzdə həll olunmuş görünsə də, Rusiya üçün tərəflərə təzyiq vasitəsi kimi də funksiyasını saxlayacaq.
Məsələ ilə bağlı ictimaiyyətdə mövqe sərgiləyən şəxslərin bir qismi Azərbaycanın yeddi rayon məsələsi ilə razılaşmalı olduğunu söyləsələr də, digər qrup şəxslər isə buna qarşıdır.
Politoloq Vəfa Quluzadə bildirib ki, bu söhbətlərin ortaya atılması məqsədyönlüdür: "Lakin hesab etmirəm ki, göstərilən istiqamət üzrə irəliləyişə nail olunsun. İndiki şəraitdə Rusiya tərəfindən Azərbaycana nəinki yeddi rayon, heç "pararayon" da qaytarılmayacaq. Qaldı ki mənim mövqeyimə, olmayan şeyə görə mənim nəsə deməyim çətindir. Bu söhbətlərin gündəmə gətirilməsində bir məqsəd var, o da camaatın qulağından "pərdə asmaq"dır".
Politoloq Elşən Həsənovun fikrincə isə prezidentlərin Paris görüşündə heç bir saziş imzalanmayacaq: "Rusiya buna heç vaxt imkan verməz. Düzdür, Ukrayna məsələsində Qərb rəsmi Moskva ilə münasibətlərini korlayıb. Amma Dağlıq Qarabağ məsələsində rəsmi Moskva ilə Qərbin mövqeləri üst-üstə düşür. Fransa heç vaxt bu məsələdə Ermənistanın maraqlarına zidd addım ata bilməz. Mənə elə gəlir ki, bu sadəcə bir ənənəvi görüşlər silsiləsindəndir. Əvvəlki görüşlərdə olduğu kimi münaqişənin sülh yolu ilə həlli müzakirə olunacaq və Minsk qrupunun həmsədrləri də bəyanat yayacaqlar. Bununla da prezidentlətin görüşü bitəcək".
Bu arada "Arminfo" agentliyinə müsahibəsində nüfuzlu amerikalı ekspert, Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen açıqlaması böyük marağa səbəb olub: "Mənim Moskvadakı mənbələrim deyir ki, prezident Vladimir Putin Qarabağ məsələsində güzəştə getmək istəmədiyinə görə Ermənistan prezidenti Serj Sərkisyana çox qəzəblidir".
Ariel Koenin sözlərinə görə, Putinə Ukraynadakı münaqişəni Qarabağ münaqişəsini nizamlamaqla kompensasiya etmək gərəkdir.
Onun sözlərinə görə, başlanğıc üçün vacibdir ki, Azərbaycan qərbyönümlü mövqeyindən tamamilə imtina etsin. "Ancaq bunun üçün Ermənistan Qarabağ ətrafında bir neçə rayonu qaytarsın, sonra məsələnin yekun həllinə real yanaşsın. Strateji hədəf Azərbaycanın Avrasiya İttifaqına üzvlüyüdür. Bunun üçün Rusiya Qarabağı Azərbaycana qaytarmalıdır, əks halda o, üzünü Moskvaya çevirməyəcək. Sərkisyan və Qarabağ klanı isə bu ssenariyə əsas maneə kimi görünür" - deyə A.Koen bildirib.
Amerikalı ekspertin dediyinə görə, Putin məsələni Sərkisyanla müzakirə edib, ancaq Ermənistan prezidenti güzəştə getmək istəmir. A.Koen deyir ki, onun Moskvadakı mənbələrinin bildirdiyinə görə, Putin Sərkisyanın kompromisə getmək istəməməsinə görə əsəbiləşir.
Xatırladaq ki, Ermənistan Avrasiya İttifaqına üzvlüyü nəhayət ötən Minskdə rəsmiləşib. İttifaqda üzvlük üçün Ermənistan Dağlıq Qarabağ sərhədində gömrük postu yerləşdirmək öhdəliyini qəbul edib. Bu, Ermənistan üçün diplomatik və siyasi planda ciddi zərbədir.Digər tərəfdən, Rusiya Azərbaycanı da Avrasiya İttifaqına cəlb edə bilmək üçün ciddi iş aparır. Ancaq Qarabağ məsələsi həll olunmadan Azərbaycan bu ittifaqda yer ala bilməzdi. Bu səbəbdən Moskva "yeni SSRİ" planlarının qarşısında dayanan ən ciddi maneəni aradan qaldırmaq üzərində düşünməlidir. Ariel Koen kifayət qədər məlumatlı ekspertdir və onun Putinin Sərkisyana qarşı Qarabağ məsələsində güzəştə getmək istəmədiyinə görə qəzəbli olduğu barədə dedikləri boş yerə deyil.