“Dağlıq Qarabağın tənzimlənməsində yeni mürəkkəb oyunlar mərhələsi başlayıb” Layihə

“Dağlıq Qarabağın tənzimlənməsində yeni mürəkkəb oyunlar mərhələsi başlayıb”

Mübariz Əhmədoğlu: "Rusiya bu tənzimlənmədə münaqişə ilə təkbaşına məşğul olmaq istəyir"

Zaur Məmmədov: "Azərbaycana qarşı müəyyən qüvvələrin ciddi pressinqinin şahidiyik"

Cəbhədə gərgin vəziyyət davam edir və bu proses çoxsaylı suallar doğurur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və 60 millimetrlik minaatanlardan da (5 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 141 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Bütün bu məsələdə Rusiyanın dayandığını istisna etmək olmaz və bu barədə müxtəlif iddialar, rəylər də yer alır.
Bu yaxınlarda Rusiya və Ermənistanın cəbhədə birgə təlim keçməsi xəbəri də ortaya atılmışdı.
Rusiya tərəfi isə bunu təkszib edir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Rusiya və Ermənistanın İranla sərhəddə təlim keçirməsi ilə bağlı iki gün əvvəl yaydığı məlumata dəyişiklik edib.
Məlumatın yenilənmiş versiyasında Dağlıq Qarabağ sözü çıxarılıb.
"Ermənistan Respublikasındakı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti xəbər verir ki, Mehri sərhəd dəstəsinin nəzarət etdiyi ərazidə (Ermənistan-İran sərhədi) sərhəd axtarış həyata keçirilməsi üçün qüvvə və vasitələrin təlimi zamanı İran İslam Respublikasından Ermənistan Respublikasına şərti sərhəd pozucularının qarşısını almaq üçün aparılan birgə fəaliyyət yoxlanılırdı", – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, məlumatın ilkin versiyasında FTX Sərhəd Xidməti və Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qonşularının Dağlıq Qarabağa keçmək istəyən dövlət sərhəd pozucularının axtarışı ilə bağlı birgə fəaliyyət aparıldığı bildirilirdi. Konkret olaraq ru.armeniansputnik.am internet resursunda yer alan məlumatda deyilirdi ki, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə saxlanılması ssenarisi işlənilib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX)X mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.
Rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib ki, tərəflər Qarabağda yeni müharibəyə hazırlaşır və heç kim bunun qarşısını almağa təşəbbüs etmir. Onun sözlərinə görə, tərəflərdən biri, yaxud hər ikisi üçüncü ölkənin bu münaqişəni həll etməyini istəyərdi və bu toqquşmanın qarşısını alardı: "Lakin göründüyü kimi, bunu heç kim etməyə hazırlaşmır. Siyasi səbəblər açıq-aşkar ortadadır, münaqişənin güzəştli həlli ilə bağlı heç bir imkan yoxdur. Ermənistan təmas xəttinə qoşun toplayır, Azərbaycan da bunu edir və yüksək səviyyəli hazırlıq aparılır".
Rusiyalı ekspert vurğulayıb ki, proses qarşısıalınmaz vəziyyətdədir və genişmiqyaslı müharibəyə doğru gedir.
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Dağlıq Qarabağ tənzimlənməsində yeni mürəkkəb oyunlar mərhələsi başlayıb. Rusiya bu tənzimlənmədə münaqişə ilə təkbaşına məşğul olmaq istəyir. ABŞ və Fransa təmsilçiləri bunu formal olaraq qəbul edirlər. O qeyd edib ki, Rusiyanın özünün Dağlıq Qarabağ tənzimlənməsinə mövqeyi yaxın keçmişə nisbətən dəyişikliyə məruz qalıb və dəyişiklik ədalətli tənzimlənməyə deyil, işğalçı dövlətin mövqeyinin dəstəklənməsinə yönəlib: "ABŞ Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda BMT rəhbərliyi ilə əlaqələri gücləndirib, iqtisadi və maliyyə mövzularını tənzimlənməyə faydalı parametr kimi aktuallaşdırıb. Fransa seçki atmosferindən hələ ayılmayıb. Dağlıq Qarabağ tənzimlənməsində ABŞ-la Rusiya arasında mövqe fərqliliyi göz qabağındadır". Politoloqun sözlərinə görə, ABŞ-ın ortalığa qoyduğu variant Ermənistan tərəfdən çox asanlıqla dəf oluna bilər. Xüsusilə Rusiyanın destruktiv siyasətinin Ermənistanın yanında olması fonunda bu çox rahatdır. ABŞ-ın Ermənistanın enerji müstəqilliyinə nail olmaq niyyəti də hələ ki, regional mahiyyətə malik deyil. Ən azı Azərbaycanla publik şəkildə müzakirə edilməyib: "Tənzimlənmədə belə qeyri-müəyyən vəziyyət onun yubanmasına şərait yaradacaqdır. Dağlıq Qarabağ tənzimlənməsində yubanmanın qarşısını almaq mümkündür və burada birinci skripka Rusiyaya məxsus ola bilər".
M. Əhmədoğlunun sözlərinə görə, bunun bircə şərti var: Dağlıq Qarabağ tənzimlənməsi ilə RF XİN deyil, Kreml məşğul olmalıdır. Dağlıq Qarabağ tənzimlənməsində Rusiya destruktivliyinin daşıyıcısı onun Xarici İşlər Nazirliyidir. Politoloq vurğulayıb ki, RF XİN-nin Dağlıq Qarabağ tənzimlənməsi ilə son mövqeyinə Kreml tərəfindən heç bir dəstək gəlməyib. Ona görə RF XİN-nin bəzi rəsmilər vasitəsilə ATƏT MQ həmsədrliyinə qarşı çıxış etməsini düzgün qəbul edərək, amma bu tənzimlənmə ilə Kremlin məşğul olmasına nail olmaq lazımdır. Azərbaycan heç bir zaman V.Putinin təkliflərindən imtina etməyib: " 2014-cü ilin sentyabrında 3 prezidentin Soçi görüşündə RF prezidenti Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusa malik olması təklifini irəli sürdü. Azərbaycan qəbul etdi, Ermənistan prezidenti S.Sərkisyan isə Putinin təklifini rədd edərək ölkəsinin yalnız ATƏT MQ-nin vasitəçiliyinin tərəfdarı olduğunu bildirdi. 2016-cı ilin avqustunda Sankt-Peterburqda V.Putin Dağlıq Qarabağ tənzimlənməsinin üç mərhələli həll variantını təklif etdi. Azərbaycan mərhələli həll variantının tərəfdarıdır".
O əlavə edib ki, amma Azərbaycanın nöqteyi-nəzərincə Dağlıq Qarabağ münaqişəsi iki mərhələyə həll olunmalıdır: " V.Putinin 3 mərhələli həll variantı Azərbaycan üçün risk yaradır. Bizim Rusiyadan əlavə digər qonşularımız bu riski hakimiyyətin əleyhinə yönəldə bilər. Amma Azərbaycan rəhbərliyi xalqın inamına arxayın olaraq Putinin təklif etdiyi 3 mərhələli tənzimlənmə variantını qəbul etdi. Razılıq verməyən tərəf Ermənistan oldu. Azərbaycan Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi N.Məmmədovun Putinin təklifini mətbuata aşıqlaması isə Ermənistan və RF XİN tərəfindən süngü ilə qarşılandı. Başqa sözlə, V.Putinin bu təklifini də Azərbaycan qəbul etdiyi halda Ermənistan rədd etdi".
Politoloq həmçinin deyib ki, RF XİN təkcə Kremlə qarşı sabotajla deyil, RF-in digər rəsmi strukturlarına qarşı sabotajla məşğuldur: "RF Müdafiə Nazirliyi Suriyada keçirdiyi əməliyyat nəticəsində əl Baqdadini öldürdüyünü bildirdi. CNN bunu Rusiyanın böyük qələbəsi kimi təqdim etdi. Bütün dünya mətbuatı əl Baqdaninin öldürülməsindən yazdı. RF Xİ naziri S.Lavrov isə əl Baqdadinin öldürülməsinin sübutunun olmadığını bildirdi. Daha sonra RF XİN-nin iki rəsmisi də sübutun olmadığını rəsmi şəkildə bəyan etdilər. RF-in dövlət strukturları arasındakı narazılıqda RF XİN-nin haqlı və ya haqsız olmasını araşdırmaq da bizim mövzumuz deyil. Amma bu faktdır ki, Azərbaycandan narazı olan RF XİN Kremldən və RF Müdafiə Nazirliyindən də narazıdır".
O vurğulayıb ki, Dağlıq Qarabağ tənzimlənməsinin yubanması Rusiya üçün birbaşa təhlükə yaradır. Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə təkbaşına məşğul olaraq onu tənzimləməsi Azərbaycandan daha çox onun öz maraqlarına xidmət edir: "Ona görə Rusiya Dağlıq Qarabağ tənzimlənməsində aktivliyini artırmalıdır. Tənzimlənmə regionda separatçıları ayıltmalıdır. Separatçılıq xülyasına düşənlər əməllərinin əks nəticəli olacağına inanmalıdırlar. Rusiya adından XİN-nin məşğul olması buna imkan verməyəcək. RF XİN-nin mövqeyi regiondakı digər separatçıları ruhlandırmağa xidmət edir. Bu antiRusiya qüvvələrin maraqlarına uyğundur. Ona görə Kreml Dağlıq Qarabağ tənzimlənməsi ilə yalnız özü məşğul olmalıdır".
Politoloqun fikrincə, RF XİN-ə Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmaq qadağan edilməlidir: " Bunun üçün RF Prezident Administrasiyası nəzdində xüsusi qrup və ya komissiya yaradılmalıdır. RF prezidenti V.Putinin köməkçisi V.Surkovun roluna ABŞ-ın münasibəti Kremldə yaradılacaq qrupa ABŞ-ın müsbət yanaşacağını ehtimal etməyə əsas yaradır. Hər halda Kremldə surkovlar az deyil".
Politoloq Zaur Məmmədov deyib ki, son bir ayda Azərbaycana qarşı müəyyən qüvvələrin ciddi pressinqinin şahidiyik: "Müxtəlif qüvvələr tərəfindən Bakıya təzyiq edərək müəyyən dividentlər almaq istəyirlər". Onun sözlərinə görə, ermənilərin cəbhədə hansı silahları yerləşdirmələrindən asılı olmayaraq ordumuz onlara tutarlı cavabı verəcək: "Bizə əks olan qüvvələr başa düşməlidirlər ki, əgər müharibə başlayarsa bu sıradan bir müharibə olmayacaq. Müxtəlif qüvvələrin qoşulacağı müharibənin nəticəsi bəzi dövlətlərin dağılması ilə nəticələnə bilər. Ona görə bizi nəyləsə qorxutmaq kimlərəsə baha başa gələ bilər".

Əli