Layihə

"Ermənistan NATO-ya elə də lazımlı ölkə deyil"

Tural Əliyev: "Azərbaycan isə NATO üçün vacibdir"

Akif Nağı: "Məsələni belə qoya bilərik ki, NATO rəhbərliyi işğalçı Ermənistanı nə üçün öz təlimlərinə cəlb edir?"

İlqar Altay: "NATO-nun "Layiqli tərəfdaş" proqramı əslində siyasi və ya başqa hərbi bloka qarşı bir mahiyyət daşımır"

NATO-nun Gürcüstandakı hərbi təlimləri iyulun 31-dən başlayıb və 12 gün davam edəcək. "Layiqli tərəfdaşlıq-2017" adlandırılan təlimlərin Cənubi Qafqazda keçirilməsi və bu təlimlərdə Rusiyanın quberniyası və Moskva tərəfindən hərbi-siyasi, iqtisadi dəstək görən Ermənistanın da iştirak etməsi maraqlı mənzərə yaradır. Təlimin Gürcüstanda baş tutmasına xüsusuilə diqqət yeririlməsi vacibdir. Gürcüstan birmənalı olaraq üzünü Qərbə çevirib. ABŞ-dan və Avropadan hər cür dəstək görür. Rusiyanın əsas düşməni sayılan ABŞ ordusunun əsas rol oynadığı NATO-nun Gürcüstan vasitəsilə Rusiyanın sərhədlərinə yaxınlaşması şübhəsiz ki, şimal qonşumuz üçün arzuolunan siyasi durum deyil və bu Moskvanı qıcıqlandırmaya bilməz. Ermənistanın Gürcüstanda təlimlərə qatılmasının isə Rusiya üçün hansı anlama gəldiyi maraq doğurur. "Fatı qalx, fatı otur" prinsipi ilə Rusiya tərəfindən idarə olunan Ermənistan hakimiyyətinin bu addımı atması ekspertlər tərəfindən necə dəyərləndirilir?
Politoloq Tural Əliyev bildirdi ki, İyulun 31-də Gürcüstanın Vaziana hərbi bazasında start götürən NATO təlimləri avqustun 12-dək davam edəcək. Onun sözlərinə görə, bu təlimlərə iki kontektsdən yanaşmaq olar: "1.Siyasi. 2. Hərbi Əslində sual oluna bilər, bunlar bir-birindən tam ayrı sahələr deyil. Ancaq mənzərə aydın olsun deyə iki baxış bucağından yanaşmaq olar. NATO bu təlimlərini dünyanın bir çox yerində keçirdə bilərdi. Məhz Gürcüstanda baş tutan bu təlimləri hərbidən çox siyasi məna daşıyır. ABŞ-ın vitse-prezidentinin Gürcüstana səfər etməsi, təlimlərə siyasi rəng qatıb. Onsuz da yaxşı olmayan Rusiya-ABŞ münasibətləri fonunda bu təlimlərin birbaşa Rusiyaya hesablanmış saymaq olar. Düzdür ABŞ-ın Gürcüstandakı səfiri açıqlama verərək bildirib ki, bu təlimlər üçüncü ölkəyə qarşı deyil. Ancaq Rusiya öz narahatlığını açıq şəkildə ifadə edib. Bundan qabaq Rusiya da Abxaziyada və Cənubi Osetiyada təlim keçirmək üçün bir nəçə minlik hərbi heyət yığıb. Hərbi baxımdan Gürcüstan üçün NATO –ya qapılar açılır. ABŞ rəsmiləri son çıxışlarında Gürcüstanın bu hərbi alyansa üzvülüyünü istista etmirlər".
Ekspert diqqətə çatdırdı ki, Ermənistanın NATO-nun təlimlərində iştirak etməsi, bir neçə qaranlıq məqamları ortaya çıxara bilb: "Əvvəla, Ermənistan hakimiyyətinin xaricdən asılı olduğunu bir daha göstərdi. Ermənistan siyasi elitası həm Rusiyadan, həm də ABŞ-da formalaşan erməni lobbisinin diqtəsi altındadır. Ermənilərin tarix boyu konyuktur oyunları dəfələrlə olub. Sual oluna bilər, Ermənistan hansısa dövlətin sadiq tərəfdaşı ola bilər? Cavab birmənalıdır, heç vaxt. Ermənistanın bu təlimlərdə iştirak etməsi həm də müəyyən hesablama ilə bağlıdır. Onlar dünyada bu gün baş verən prosesləri analiz edirlər. Çox güman, hesab edirlər ki, ABŞ-Rusiya qarşıdurması birincilərin qələbəsi ilə nəticələnər, Ermənistan kənarda qalar. Çünki Ermənistan NATO-ya elə də lazımlı ölkə deyil. Azərbaycan daha çox NATO üçün vacibdir, nəinki Ermənistan. Ermənistan NATO üçün iştirakçı deyil, seyrçi kimi lazımdır".
T.Əliyev dedi ki, Cənubi Qafqazda Rusiyanın dayaq nöqtəsi olan Ermənistanın NATO-nun təlimlərində iştirak etməsinə Rusiyanın necə reaksiya verməsi hər kəs üçün maraqlıdır: "Əslində sıfır. Güclü tənqidə məruz qalmadı. Ermənistan-Rusiya birgə qoşunlarının yaradılması vaxtına düşdüyünə görə, üzərlərinə çox da getmədilər. Bunun da səbəbləri var. Ermənistan çox gözəl başa düşür ki, Rusiyaya üz döndərmək ona necə baha başa gələ bilər. Rusiyanın özünə də Ermənistan lazımdır. Regiona tam nəzarət etmək üçün, qarşılıqlı maraqlar baxımından anlaşılandır. Ancaq mənim şəxsi qənaətimdir, Ermənistanın bu təlimlərdə iştirakı Rusiya ilə razılaşdırılıb. Yuxarıda qeyd etdiyim fikirlərlə zidd təşkil etmir. Rusiya ilə razılaşdırılsa da, Ermənistanın orada şəxsi maraqları Rusiyadan daha üstündür. Bəs Rusiya ermənilərin bu xüsusiyyətini bilmir? Əlbəttə bilir, bu yaxınlarda Rusiyanın vitse-spikeri, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski açıq şəkildə deyib ki, Rusiyanın ayağı bir balaca büdrəyən kimi birinci zərbəni Ermənistandan alacaq. Həm də xatırlatmaq yerinə düşərdi, SSRİ –nin dağılma ərəfəsində ruslara qarşı təmizləmə Ermənistanda başlayıb. Rusiyanın dövlət maraqları hələ ki Ermənistanla üst-üstə düşür. Bu erməni milləti ilə bağlı olan amil deyil, geopolitik maraqlar baxımından atılan addımlardır. Ermənistanın yerinə başqa dövlət olsaydı, Rusiya eyni münasibəti ona da göstərəcək. Sadəcə ermənilər bu alət üçün ən gözəl vasitə olduğu üçün istifadə olunurlar".
"İyulunun 30-da "Layiqli tərəfdaş-2017 " adı altında Gürcüstannın Vaziana hərbi bazasında NATO təlimlərində Ermənistanın iştirak etdiyinə görə Azərbaycan tərəfi orada təmsil olunmadı. Bu təlimlərin keçirilməsi təbii bir hadisədir. Bizə də qəribə gəldi ki, niyə görə Ermənistan orada iştirak edir", - deyən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının sözlərinə görə, bu təlimlərdə bütün NATO ölkələrinin hamısı iştirak etmirdi əksinə az sayda ölkələr təmsil olunurdular: "Türkiyədə burada iştirak etməyə bilərdi. Amma nədənsə Türkiyə rəhbərliyi burada elə bir mövqe tutmadı. Heç şübhəsiz ki, Azərbaycan bu təlimə Ermənistanın dəvət olunmasına görə qatılmadı. Burada məsələni belə qoya bilərik ki, NATO rəhbərliyi işğalçı Ermənistanı nə üçün öz təlimlərinə cəlb edir? Təbii ki, bu NATO rəhbərliyinin qeyri-obyektiv mövqeyindən xəbər verir. Bu haradasa dolayısı ilə işğalçıya dəstəkdən xəbər verir"
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay bildirdi ki, NATO-nun "Layiqli tərəfdaş" proqramı əslində siyasi və ya başqa hərbi bloka qarşı bir mahiyyət daşımır. Onun fikrincə, bu əslində qlobal sūlh xarakterli proqramdır və mahiyyətcə müharibə yox, hərbçilərin terrorizmə, ekolji fəlakətlər və s. problemlərə qarşı birgə fəaliyyət əməkdaşlığı xarakteri daşıyır: "Ona görə zənnimcə bununla bağlı o qədər də narahatlıq keçirməyə dəyməz. NATO-nun hərbçilər üçün Macarıstanda Azərbaycan və Ermənistan hərbçilərinin də birgə iştirakı ilə birgə təhsil, ingilis dili öyrənmə proqramı da vardı. Hətta Rusiya da belə proqramlarda iştirak edib. Ona görə də, növbəti təlimlərdə Ermənistanın, Türkiyənin və ya kiminsə iştirak etməsi nə Rusiyada, nə də bu təlimin əsil mahiyyətindən xəbəri olan hər kəsdə qıcıq, narahatlıq yarada bilməz".
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Ermənistan NATO-nun Rumıniyada keçirilən hərbi təlimlərində iştirak etdi və hal-hazırda Gürcüstan ərazisində keçirilən NATO-nun hərbi təlimində iştirak edir: "Digər belə təlimdə də iştirakına razılığını verib və hazırlaşır. Ermənistanın NATO ilə əlaqələrinin inteqrativ mahiyyətli olmasını NATO Baş Katibinin Qafqaz və Cənubi Asiya üzrə köməkçisi C.Appaturayın Ermənistana son səfəri bir daha göstərdi. RF-NATO münasibətləri Ermənistan rəhbərliyinə bəllidir. NATO-nun Qarabağ məsələsində Ermənistana dəstək verməməsi də aydındır. Türkiyə NATO-nun üzvüdür. Bu parametrlər çərçivəsində Ermənistan NATO-ya can atırsa, deməli, bunun mahiyyəti antirusiyaçılıqdır. Ermənistanda müəyyən qruplar NATO qrantlarından pul qazanırlar. Amma əgər pul prizmasından məsələyə yanaşsaq Aİ Ermənistana daha çox pul təklif edə bilər. NATO-dan fərqli olaraq Aİ sərt antirusiyaçılıq nümayiş etdirə bilmir. NATO Rusiyaya qarşı mövqeyini sərtləşdirdikcə, Rusiya ətrafında hərbi qüvvələr topladıqca, Ermənistanın NATO-ya doğru meyli daha da güclənir. NATO-ya doğru belə siyasətin müəllifi prezident S.Sərkisyandır. S.Sərkisyan təlimat verəcəyi təqdirdə rəsmi təbliğat maşını NATO-nun əleyhinə danışacaq. NATO-nun əleyhinə danışılmırsa deməli, prezident Sərkisyan belə istəyir.
Bəzi məsələlərdə Ermənistanın Rusiyadan qorxması fonunda NATO ilə əlaqələrə can atmaqda davam etməsi rəsmi Yerevanın NATO ilə artan münasibətlərinin təkcə rəsmi Yerevanın deyil, rəsmi Yerevanla Moskvadakı ermənilərin və erməni lobbisinin birgə işinin məhsulu olduğunu göstərir. Məhz ermənilər NATO ilə artan əlaqələrini maskalamaq üçün Azərbaycanı belə antiRusiya sifətdə təqdim edə bildilər.
Ermənistanın NATO ilə əlaqələrinə Rusiya tərəfinin reaksiya verməməsi bəzi erməni ekspertlərini xeyli ruhlandırıb. Onların fikrincə, Rusiya Cənubi Qafqaz regionunu NATO-ya təhvil verib. ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini bir qrup erməni eksperti sevinclə qarşılayıb və bu sanksiyaları ermənilərin xeyrinə şərh edirlər. Rəsmi Yerevanı Kremlin təzyiqi ilə antiABŞ bəyanatlar verməməyə çağırırlar".
Politoloq deyib ki, "Rusiyanın sonu", "Rusiya imperiyasının qürubu", "Rusiyanın dağılmasının ikinci mərhələsi başlana bilər", "Putin hakimiyyətinin sonu" və s. bu kimi terminlər Ermənistanın siyasi elitasında və mətbuatında aparıcı terminlərə çevrildi: "İctimai-siyasi mühitdəki bu dəyişikliyi təkcə qərbin qrantlarına bağlamaq düzgün deyil, hakimiyyətin də vacib rolu var".
M. Əhmədoğlu vurğulayıb ki, "Ermənistanda ABŞ-ın kiçik də olsa hərbi bazasını yaratmaq lazımdır" politoloq Q.Ambaryanın bu təklifi mətbuatda geniş rezonans yaratmasa da hər halda daxili müzakirələrin ciddi hədəfi olması istisna deyil.

Əli