Milli adət və ənənə - Novruz bayramı Layihə

Milli adət və ənənə - Novruz bayramı

"Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir".

Heydər Əliyev

Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaradıb və bu ənənələri nəsildən-nəsilə ötürüblər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaradıb və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşadıb. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşıb. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan bayramlarındandır. Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar tarixən müəyyən ortaq bayramları qeyd ediblər. Novruz bu bayramlar arasında miqyasına və özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir.

Tədqiqatlar göstərir ki, Novruzun əsaslarını yaradan xalqdır. Belə ki, Bakı və onun qəzalarında yaşayan əhali qış fəslinin üçüncü ayı daxil olduqda ayın birinci çərşənbə gecəsini böyük bir bayram kimi qarşılayırdılar. Bəla və bədbəxtlikləri dəf etmək üçün böyük tonqal qalayıb üzərindən yeddi dəfə atıldıqdan sonra xonçaların dövrəsində oturaraq nəğmələr oxuyurdular. Bununla da gələn Novruzadək hər bəladan uzaq olacaqlarını hesab edirdilər. Azərbaycanda milli adət-ənənəyə uyğun olaraq Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzi sayılır. Hər bir azərbaycanlı səməni göyərtməklə növbəti ilə bərəkət, bolluq, ruzi arzulayır. Hələ ta qədimdən insanlar Novruz bayramına dörd həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla Oda, Atəşə, Günəşə etiqadlarını ifadə etmişlər. Bu adət-ənənələr hazırda da davam etdirilir.

Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir.

Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur.Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.

Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə də deyirlər. Bahara doğru buzlar əriyir, çayların donu açılır, torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır. Torpaq yavaş-yavaş islanmağa başlayır. Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

Od çərşənbəsi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə adlanır. Bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Üçüncü çərşənbə Azərbaycanın bir sıra bölgələrində günümüzdə də Ölü çərşənbəsi (Qara çərşənbə, Gül çərşənbə) kimi qeyd olunur. Həmin gün insanlar yaxınlarının məzarlarını ziyarət edər, qəbirləri qışın palçığından, toz-torpağından təmizləyər, ölənlərin ruhuna dualar oxuyarlar. Ölü çərşənbəsində yaslı ailələr də ziyarət olunar, onların yasdan çıxması və qarşıdan gələn bayramı hamı ilə birgə qeyd etmələri təmin olunar.

Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar. Tədqiqatçı Xeybər Göyyallının yazdığı kimi, sonuncu çərşənbə digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər. Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.

Axır çərşənbə – Novruz bayramından əvvəlki çərşənbənin adıdır. Xalq arasında "kül çərşənbə", "küləşə çərşənbə", "tərs çərşənbə" adı ilə də tanınır. Deyilənə görə, axır çərşənbə necə qeyd olunarsa, il o cür keçər. Ona görə imkanı olmayan ailələr belə evin qapısını (keçmişdə qapı çətin tapılırdı) satıb mütləq o günü qeyd etmişlər. Bununla əlaqədar, axır çərşənbəyə bəzi bölgələrdə qapı satılan təki deyilir. Həmin gün evdən kimsəyə pay verilməz, onda evin xeyir-bərəkəti verilmiş sayılır. İnanca görə, axır çərşənbədə Allah ruzi paylayır. Ona görə kolxoz dövründə insanlar Novruz bayramında sahəyə çıxmazdılar, amma axır çərşənbədə mütləq tarlaya gedərdilər. Tarlaya çıxmayanlar həyətdə ağacları budayar, onların dibini yumşaldar, əkin əkərdi ki, Allah ruzi paylayanda onlara da pay düşsün. Həmin gün yumurta bişirməzdilər, deyilənə görə, Allah onda yumurta qabığı həcmində ruzi verir. Toyuq kəsməzdilər ki, evin xeyir-bərəkəti qaçır. Həmin gün qurumamış, yaşıl bir ağac kəsmək günah sayılıb. Axır çərşənbədə günorta on ikini keçəndən sonra yaşlı insanlar deyərdilər ki, artıq gün çərşənbəyə çevrildi. Ondan sonra sac qoyub buğda qovurardılar. Qovurğalıq buğda hələ yaydan ən yaxşı buğdadan seçilərək saxlanardı. Evə bolluq gətirməsi üçün qovurulmuş ilk buğdadan yeddi dənə götürüb evin müəyyən yerlərinə qoyar, buğda xaralının içinə atardılar. Yaxud, buğda qovurulanda yetkin qızların adına saca buğda atardılar. Hansı buğda tez çırtlasa, həmin qızın tez də ərə gedəcəyinə inanılardı. Bəzi bölgələrdə kasaya yeddi cür bayram neməti – buğda, boyanmış yumurta, qoz, fındıq, peçenye kimi şirniyyatlar yığıb yeddi qapıya pay verərdilər. Bayram payını öncə yası düşmüş ailələrə göndərər, sonra qonşulara, imkansız ailələrə paylayardılar. Kirvəliyin güclü olduğu bölgələrdə bayram payı birinci kirvə evinə göndərilərdi. Axır çərşənbə bir sıra inanclarla da yadda qalır. Həmin gün bar verməyən ağacı kəsməklə qorxudardılar, onda ağacın bar verəcəyinə inanılardı. Axır çərşənbədə qızlar, gəlinlər qulaq falına çıxardılar. İnanca görə, həmin gün eşidilən söz gerçək çıxar. Yaxud biri ürəyində niyyət tutub qabdakı suyu qəfildən kimisə üstünə atardı, həmin adamın dilindən çıxan sözə görə niyyətinin hasil olub-olmayacağını müəyyən edərdi. Ona görə böyüklər gənclərə, cavanlara həmişə məsləhət görərdilər ki, axır çərşənbədə ağızlarını xeyrə açsınlar, xoş söz danışsınlar. Axır çərşənbədə kimsə küsülü qalmazdı, küsülü olanları da ağsaqqallar, böyüklər yığışıb barışdırardı.

Azərbaycanda Novruz bayramı qabağı adətən evlərdə, həyətlərdə abadlıq, təmizlik işləri aparılır, ağaclar və güllər əkilir. Novruz bayramında cürbəcür şirniyyat növləri - qoğal, paxlava, şəkərbura hazırlanır, plov bişirilir, rəngbərəng yumurtalar boyanır, xonça bəzənir, tonqal qalanır, səməni qoyulur. İnsanlar Novruzqabağı əzizlərinin ruhunu anır, küsülülər barışır, qohum-qonşu bir-birinə qonaq gedir, pay göndərirlər...

... Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.

Cavid