Ermənistan qorxu və təlatüm içindədir Layihə

Ermənistan qorxu və təlatüm içindədir

Tofiq Abbasov: "Ermənistan bölgədə yeni risklər və təhlükəli cərəyanlar yaradır"

Rövşən Rzayev: "Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü təmin edəcək"

Aydın Mirzəzadə: "Problemin həlli üçün hər zaman hərb variantı gündəlikdədir"

Mirsamir Məmmədov: "Ermənistan rəhbərliyi Azərbaycan ordusunun gücündən ehtiyatlanır"

İki gün əvvəl Azərbaycan prezidentinin tapşırığına əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhəboyu zonada mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olması da düşmənə ciddi xəbərdarlıq sayıla bilər.
Baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhəboyu zonaya səfərini şərh edən politoloq Tofiq Abbasov deyib ki, hərbi hazırlıqlarını genişləndirən ErmənistanAzərbaycanın ünvanına təhdidlərini durmadan artırır. Politoloq səfərin indiki dönəmdə böyük əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, ordu başda olmaqla Azərbaycanın müdafiə naziri, o cümlədən bütün müdafiə kompeksinə qulluq edən vəzifəlilərin hamısı hazırlıq vəziyyətindədir: "Hərbi hazırlıqlarını genişləndirən Ermənistan Azərbaycanın ünvanına təhdidlərini durmadan artırır. Ermənistan bölgədə yeni risklər və təhlükəli cərəyanlar yaradır. Bu onu göstərir ki, bütün ətraf dövlətlərə qarşı ərazi iddialarını aktuallaşdıran Ermənistandan sülh məramını gözləmək əbəsdir. Zərərçəkmiş bir dövlət kimi Azərbaycanın bütün gücü və qabiliyyəti ilk növbədə ərazi bütövlüyünü bərpa etməyə, ölkəmizə qarşı olan təhdidləri dəf etməyə hesablanıb ki, Ermənistan təhlükəli oyunlara qol qoyarsa, onu tərkisilah etsin".
Politoloq bu fonda Azərbaycanın BMT-nin sentyabrda Nyu Yorkda keçiriləcək sessiyasına hazırlıq gördüyünü və rəsmi Bakının cəbhədəki mövcud vəziyyətlə bağlı bütün beynəlxalq təşkilatları məlumatlandırdığını qeyd edib: "Əlbəttə ki, Azərbaycanı dəstəkləyən dövlətlər var. Ermənistan tərəfindən Türkiyəyə də böyük təhdidlər var. Qardaş ölkə də öz sərhəd bölgəsində hazırlıqlarını görür. Bir halda ki, Azərbaycanla Türkiyə həmahəng fəaliyyət göstərir və bu quruculuq işlərinə, inteqrasiya layihələrinə böyük təhlükələr var, ona görə də Bakı və Ankara təhklükəsizliyin zəmanəti kimi çıxış edir".
T.Abbasov deyib ki, Azərbaycanın rəhbər işçilərinin inspeksiya məqsədilə cəbhə bölgəsinə səfərləri bundan sonra da davam edəcək: "Hazırda yoxlamalar gedir, koordinasiya işlərinin səviyyəsi müəyyən edilir və həllini gözləyən bütün məsələlərlə bağlı mühüm və lazımı qərarlar verilir".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə bildirib ki, baş nazirin müavininin müdafiə naziri ilə birgə cəbhə bölgəsində olması o deməkdir ki, Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü təmin edəcək. Millət vəkili bildirib ki, hazırda ən əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır: "Baş nazirin müavininin müdafiə naziri ilə birgə cəbhə bölgəsində olması o deməkdir ki, Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü təmin edəcək. Rəsmi Bakı münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Ancaq İrəvan problemlər yaradır. Belə olan halda Azərbaycanın öz torpaqlarında anti-terror əməliyyatları keçirməyə hüququ var və bunu da edəcək. Azərbaycan prezidenti ordunun daha da gücləndirilməsinə çox böyük diqqət yetirir. Rəsmi Bakı bununla yanaşı, danışıqlar prosesi üzərində də mühüm işlər görür. Hər bir halda Azərbaycan üçün birinci əsas məsələ işğalçı erməni birləşmələrinin torpaqlarımızdan çıxmasıdır. Bu, asan məsələ deyil, ancaq işlər gedir".
Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yolunda beynəlxalq hüquqla bərabər, ölkə başçısının qətiyyətli addımları da öz sözünü deyir: "Çox da uzaq olmayan dönəmdə bu istiqamətdə yeniliklər gözləniləndir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sdər müavini Aydın Mirzəzadənin fikrincə, baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri Zakir Həsənovun cəbhə xəttinə səfər etməsi Azərbaycanın Silahlı Qüvvələrinin döyüş hazırlığının gücləndirilməsi istiqamətində görülən tədbirlərdən biridir. "Azərbaycan müharibə vəziyyətindədir. Ermənistan isə işğal etdiyi ərazilərdən çəkilmək fikrində deyil. Ona görə də problemin həlli üçün hər zaman hərb variantı daima gündəlikdədir. Ötənilki aprel hadisələri göstərdi ki, Azərbaycan bu gün düşmən ölkədən hərb sahəsində bütün parametrlərdə üstünlüyə malikdir. Ermənistan Azərbaycanın döyüş hazırlığından özü üçün bir nəticə çıxartmalıdır. Azərbaycan əbədi olaraq torpaqlarının işğal altında qalmasına dözməli deyil. Bu məsələ ölkə başçısının, cəmiyyətin və dövlətin daim diqqət mərkəzindədir. Biz problemin sülh yolu ilə həll olunmasında maraqlıyıq və bunun üçün maksimum səylər göstəririk. Amma Ermənistan bilməlidir ki, Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla silahlanmaqla, döyüş hazırlığı yüksək olmaqla və hazırlığına dövlət tərəfindən diqqət yetirməklə hər an bu torpaqları hərb yolla azad etməyə hazırdır. Bununla belə Ermənistana yenə də şans verilir. Azərbaycanın sülh yolu ilə torpaqlarını azad etməkdə bütün fəaliyyəti şəffafdır".
A.Mirzəzadə deyib ki, Yaqub Eyyubovla Zakir Həsənovun cəbhəyə hərbi formada səfər etməsi onu göstərir ki, hamı əsgərdir: "Hətta Azərbaycan prezidenti də cəbhə xəttinə səfər edərkən hərbi formada olur. Son səfər Silahlı Qüvvələrin döyüş hazırlığı və döyüş bölgəsinə yaxın yaşayış məntəqələrində yaşayan sakinlərin problemlərinin həlli üçün vacibdir. Ermənistan ordusunun vaxtaşırı həmin yerləri atəşə tutması nəticəsində dağıntıların aradan qaldırılması, insanların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məqsədi daşıyır". Deputat bildirib ki, bu səfər Ermənistana ciddi mesajdır: "Bu, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə etdiyini bir daha sübut edir".
Ekspert Mirsamir Məmmədovun fikrincə, prezidentin bu göstərişi məmurların ordu, əsgərlərin yanında olmasına, dövlətin orduya hər zaman diqqət və qayğısının göstəricisidir: "Prezident İlham Əliyev də hər zaman hərbi formada əsgərlərin görüşünə gedib. O bununla demək istəyir ki, ali baş komandan da əsgərlərin yanındadır. Baş nazirin müavini və müdafiə nazirinin cəbhə bölgəsinə səfərləri Azərbaycan ordusunun gücündən, yenilməzliyindən xəbər verir. Bu düşmənə həm də bir mesajdır. Xalq ordusu ilə həmrəydir, Azərbaycanın işğal edilən torpaqlarının azad etmək üçün hər zaman hazırıq. Ermənistan rəhbərliyi Azərbaycan ordusunun gücündən ehtiyatlanır. Ona görə də danışıqlar prosesini uzatmağa cəhdlər göstərirlər və çox zaman bundan yayınırlar. İşğalçı ölkənin ümid yeri Rusiya və KTMT-dir. Amma artıq Ermənistan bu məsələdə də uduzub. KTMT-yə üzv olan ölkələrin demək olar ki, əksəriyyəti Qarabaq məsələsində Ermənistana heç bir yardım göstərməyəcək, Rusiyadan başqa. Çünki həmin ölkələrin hamısının Azərbaycanla münasibətləri var. Rusiyanın özü də Ermənistana açıq şəkildə dəstək verməkdən ehtiyatlanır. Son zamanlar isə Ermənistanın Avropaya meyllənməsi, rəsmi Moskvaya xəyanət etməsi Kremlin diqqətindən yayınmayıb. Üstəlik, Ermənistanda daxili gərginlik, əhalinin ölkədən qaçması, işsizlik, iqtisadi böhran bu ölkənin artıq Rusiya üçün heç bir önəm kəsb etmədiyini göstərir. Ona görə də Ermənistan bu gün təlatüm və qorxu içindədir ."
Yeri gəlmişkən, erməni siyasi şərhçi Sarkis Artsruni yazıb ki, Qarabağın başının üzərini qara buludlar alıb və ermənilərin bölgədən çıxarılması perspektivi qaçılmaz görünür. Onun sözlərinə görə, Azərbaycan Ermənistanı zəiflədən "yorucu müharibə"ni davam etdirir: "Avqustun 14-də 1998-ci il təvəllüdlü hərbiçi Arman Movsisyan Qarabağda öldü. Bu, Ermənistana daha bir xəbərdarlıqdır. İrəvan siyasi təşəbbüslərlə çıxış etməyəcəksə, emiqrasiya dalğası sürətlə artacaq. Çünki erməni valideynlər öz oğullarının təhlükəsizliyini daha çox düşünürlər. Qarabağdakı vəziyyət gec-tez tammiqyaslı müharibəyə gətirib çıxaracaq. Belə informasiyalar var ki, İrəvanda diplomatik addımlara paralel olaraq, müharibəyə hazırlıq da aparılır".

Erməni şərhçi qeyd edib ki, məsələ təkcə münaqişə tərəflərinin toqquşması ilə yekunlaşmır. "Hazırda Rusiya NATO-nun təlimlərində iºtirak edən Ermənistan hakimiyyətinin sədaqətinə ºübhə ilə yanaşır. Buna paralel olaraq, Azərbaycana dəstəyi artırır. Məlumatlar var ki, Moskva Ermənistana qarşı yeni təzyiq dalğasını başladacaq", - deyə o vurğulayıb.