90-cı illərdə Güney Azərbaycanda ədəbi mühit Güney Azərbaycan

90-cı illərdə Güney Azərbaycanda ədəbi mühit

Son onilliklərdə beynəlxalq aləmdə ictimai-siyasi dəyişikliklər baş verib, ədəbiyyat tariximizin bir sıra məsələlərinə məlum ideoloji qadağalar aradan qalxdığı üçün onlara yenidən baxmağa şərait yaranıb. Sovet-rus imperiyasının süqutundan sonra dünya xəritəsində siyasi mənzərə dəyişib, xalqlar doğma ana dillərini, milli adət-ənənələrini, mənəvi-mədəni dəyərlərini daha ətraflı, geniş miqyaslı yeni baxışla öyrənib tədqiq etməyə, təkmiləşdirib, zənginləşdirməyə başlayıblar. İdeoloji qadağalar və uzun illər boyu mədəni əlaqələrin zəif inkişafı səbəbindən Güney Azərbaycan ədəbiyyatı kifayət qədər araşdırılıb nəşr edilməyib. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsi yaradılıb, burada çalışan elmi ədəbiyyatşünas heyətinin qüvvəsi ilə güneyli yazıçı, şairlərin həyat və yaradıcılığı ilə bağlı müxtəlif tipli yazılar dərc olunub, dissertasiyalar müdafiə edilib, monoqrafiyalar və cənublu ədiblərin əsərlərindən ibarət müntəxabatlar çap olunub.
Son illər dünya siyasi xəritəsində meydana gələn dəyişikliklər, Şimali Azərbaycanın müstəqilliyə qədəm qoyması, milli kökə daha əsaslı qayıdışın başlanması Azərbaycan ədəbiyyatının Güney qolunun geniş miqyasda araşdırılmasını zəruriləşdirib. Bu zərurətin ifadəsi kimi orta və ali məktəblərin ədəbiyyat dərsləri proqramında tarixilik prinsipi zəminində bütövlükdə Azərbaycan ədəbiyyatının təmsil olunması tələbinə bu və ya digər dərəcədə əməl edilib.
Tarixi ədalətsizlik nəticəsində ikiyə bölünən vahid dilə, vahid soykökə və tarixə malik bir xalqın salnaməsinin son iki əsrdəki fərqli cəhətləri onun dilinin inkişafına, bədii-mədəni sərvətinin qorunmasına mane ola bilməyib. Ümumilikdə, bədii təfəkkürün nümunələri olan əsərlər yaranma məkanından, sənətkarın yaşadığı ictimai-iqtisadi mühitdən asılı olmayaraq, xalqın mədəni-mənəvi irsinin ayrılmaz tərkib hissəsi olmaq ləyaqətini qoruyub saxlayıb. Həmin irsin tədqiqi, təbii ki, ədəbi-bədii dəyərlərimiz haqqında dolğun, zəngin və sistemli təsəvvür bütövlüyü yaranmasına imkan verir. Bu baxımdan Güney Azərbaycan ədəbiyyatının öyrənilməsinin əsas forması olan görkəmli nümayəndələrinin həyatı və irsi, sonrakı mərhələlərdə qaynaq kimi onların bioqrafiyası, mühiti, ictimai fəaliyyəti, ədəbi-bədii, publisistik yaradıcılıqlarının müasir dövrün tələblərinə uyğun bir şəkildə öyrənilməsi ən doğru yoldur.
Güney Azərbaycan ədəbiyyatının ictimai-siyasi, bədii-ədəbi, milli şüurun kulminasiyaya gedən mərhələsi, azadlıq ideyalarının pərvəriş tapması, milli mənliyin bəzən qapalı, bəzən isə açıq poetik etirafı, Vətən tərənnümü baxımından XX əsrin 90-cı illərində yaranan poeziyası diqqəti cəlb edir. Həmin bu illərdə yaranan poeziyada demokratik ideyaların tərənnümünün tədqiqi, həmin onillikdə yaşayıb yaradan şairlərin yaradıcılığına ümumi bir baxış, vahid demokratik ideyalar leytmotivinin tədqiqata cəlb olunmasında çoxlu, ətraflı bədii material bolluğunun şahidi oluruq. Cənubi Azərbaycanda 90-cı illər bədii-poetik prosesin mahiyyəti, istiqaməti, ideya xüsusiyyətləri haqqında fikir söyləməzdən öncə məmləkətin ictimai-siyasi mənzərəsi haqqında fikir yaratmaq lazımdır.
Doğma dilimizdə bir çox qəzet və jurnallar meydana gəldi: "Ulduz", "Koroğlu", "İşıq", "Yoldaş", "Çənlibel", "Qardaşlıq", "Molla Nəsrəddin", "Azadlıq", "Odlar yurdu", "Birlik", "Azərbaycan", "Muştuluq", "Yozmaca", "Azərbaycanın səsi", "Xalq sözü", "Varlıq", "Dədə Qorqud", "İnqilab yolunda" və s. Bu mətbu orqanların bir çoxunun ömrü Pişəvəri yaradıcılığının Cənubi Azərbaycan Respublikası kimi çox qısa oldu. Ancaq əsas bu anadilli dövrü mətbuatımızı yaradan tarixi, siyasi-ictimai və ədəbi-bədii şəraitin yeniliyi idi. Sosial həyata yaxından bağlılıq, xalqın, müasir insanın dünyagörüşü, məişətini əks etdirmək, vətənpərvərlik və inqilabi, demokratik ideyalar yaranır və çap olunursa, deməli, ən yaxşı əsərlərdən sayılır. M.Şəhriyar, H.Sabir, M.Məhzun, H.Tərlan, M.Dərəfşi kimi qocaman sənətkarlar, öz əsərləri ilə 80-cı illər ədəbi prosesinin əsasını qoymuş Ə.Habdil, S.Behrəngi, Səhənd kimi ədiblərin irsini davam etdirən H.Xətibi, Ə.Həddad, H.Nitqi, Urmuoğlu, İldırımi, Savalan, Alov, Sönməz milli, demokratik ideyaların, inqilabi poeziyanın müəllifləri sırasına aiddirlər.
90-cı illər Cənub poeziyasındakı demokratik ideyalardan söhbət açanda filologiya elmləri doktoru S.Nəbioğlunun 40-cı illər Cənub demokratik ədəbi hərəkatı haqqındakı fikirlərini buraya əlavə etmək lazımdır: "Əsrimizin (XX əsr-V.Ə.) 40-cı illərində Cənubi Azərbaycanda yaranan demokratik ədəbi hərəkat bütün əriş-arğacı ilə özünə qədər mövcud olmuş bədii təfəkür aləmi ilə bağlıdır. Onun dalğaları qoynunda S.Təbrizidən, Nizamidən, M.Füzulidən, M.F.Axundovdan, Ə.B.Haqverdiyevdən, C.Məmmədquluzadədən, M.Ə. Talıbovdan, Z.Marağalıdan gələn çoxlu şəffaf axınlarla rastlaşmaq olar. Həmin illərin poeziyasında ölməz Sabirin nərəsini duymaq, Möcüzün səsini eşitmək çətin deyil".
90-cı illər Güney şairlərinin yaradıcılıqlarında demokratik ideyaların poetik izini araşdırdıqda daha çox gənclərin şeirlərinə müraciət etmək məcburiyyətində qaldıq. Çünki gənc cənub şairləri daha mübariz, ictimai alovu ilə coşan, müasir psixoloji dünyagörüşünə mənsub yaradıcı şairlərdir. Burada yaş fərqinin müsbət və ya mənfi dövr xüsusiyyətlərinin qabartmaq bəlkə də yerinə düşmür. Lakin qocaman sənətkarlar artıq sözünü deyib.
Cənub gənc şairlərinin gəlişi ilə ədəbiyyata yeni baxış tərzi, forma və üslub cəhətləri gəldi və bu gənc nəslin yaradıcılıq nailiyyətləri, tapıntı və itkiləri, uğur və qüsurları haqqında söz demək şübhəsiz, o qədər də asan deyil. Əvvəla, ona görə ki, yaradıcılıqları haqqında söz açacağımız yeni nəsil özlüyündə yaş amilindən daha çox poetik hiss və düşüncə amilini, həyatın, cəmiyyətin, baxışlar sisteminin yeniləşmə sistemini təzahür etdirir. Bu baxımdan 90-cı illərdə Cənub poetik mühitinə Səhər Ərdəbilli, Nuşin Musəvi, Rəsul Rəhimi Duzəçi, Rəşid Kərbasi, İbrahim Zahid, Məhəmmədrza Məlikpur və başqalarının yaradıcılığı bu günkü şeirimizin gəncliyini ifadə baxımından təhlil üçün daha səciyyəvi görünür.
Son illər şeirə gələn bu şairlərin yaşı hələ 30-a çatmayıb. Bəzisinin bir kitabı çap olunsa da, bir çoxları heç dövri mətbuatda da çap olunmayıblar. Şeir kitablarını buraxdırmağa isə Quzeydə olduğu kimi maddi imkanları yoxdur. Bəzilərində isə Vətən tərənnümü üstünlük təşkil etdiyindən çapdan kənarda qalırlar. Bəzi türk şairləri isə şeirlərini və yaxud şeir toplularını bizə fars dilində təqdim etdiklərindən bu yazıda məziyyətlər barədə söz desəydik, burada söhbət gərək tərcümə ədəbiyyatından gedəydi. Yəqin gələn yazılarda həmin şairlərdən müəyyən nümunələri dilimizə çevirib təhlil süzgəcindən keçirəcəyik.
Ancaq dahi şair Nizami külliyyatının yaddilli olması faciəmizdirsə, bu gün də həmin fəci yola sürüklənənlər var. Əlbəttə, bir neçə dildə yazmaq olar, bu, ədəbi şəxsin xoşbəxtliyidir. Ədəbiyyat tariximizə nəzər salsaq, Nəsimi, Fizuli kimi üçdilli şairlərin hər dildə yüksək sənət nümunələri yaratmağı fərəhləndiricidir. Eləcə də, XX əsr şeirimizin klassiklərindən biri Şəhriyarın ikidilliliyini də nümunə kimi göstərə bilərik. Şəhriyar türk şeirində olduğu kimi fars poeziyasında da məktəb yaradıb. Tarixən Firdovsisi, Hafizi, Xəyyamı, Sədisi ilə qürrələnən farslar son əsrdə Şəhriyarla təskinlik tapırlar. XX əsr İran poeziyasının ən nəhəng siması Şəhriyardır.
Ədəbi tənqid və ədəbiyyatşünaslığın diqqətini çəkən odur ki, yuxarıda adlarını çəkdiyimiz şairlər fərdi ədəbi nəsil olaraq maraqlı, orijinal qələm əhli kimi yetişmək üzrədir. Yaradıcılıqları barədə danışdığımız bu nəsil yeni dünyanın müasir məzmunu ilə səsləşən şeirlər yazırlar. Onların şeirlərində başlıca cəhət dünyaya həssas münasibətdir.
Daha bir cəhət görünür: narahat dünyanın, yaşadığımız ziddiyyətli dövrün, çarpışmalarla dolu günümüzün həyəcanına, dərdlərinə, ağrılarına, şübhə və ümidlərinə canlı bədii münasibət, poetik maraq, vicdan narahatlığı. Bu ədəbi nəslin yaradıcılığında xalq şeirinə, əruzə meyillilik varsa, eləcə də yaradıcılıqlarının sərbəst şeirə meyli təzahürü də göz qabağındadır və Tehranın çağdaş gənc türk, eləcə də fars şairlərində Nazim Hikmət təsiri duyulmaqdadır. İstər fars, istər türk şairləri Türkiyə şeirinə, xüsusilə Nazim Hikmətə xüsusi maraq göstərir, bu ədəbi təsiri etiraf edirlər, bəzən isə bu təsir yamsılamaya da gətirir çıxarır.
Şeir-ilhamdır, əzabdır, zəhmətdir, yuxusuz gecələrdir. Yaradıcı qadın üçün bu, daha əzabkeş və çoxqatlıdır. Belə qadın şairlərdən biri də bütün İran sənətsevərlərinə tanış olan şairə Səhər Ərdəbillidir. Yaşının az olmasına baxmayaraq, şeirləri qonşu ölkənin oxucuları arasında məşhur olan Həmidə Rəiszadə-Səhər Ərdəbil təxəllüsündən məlum olduğu kimi Ərdəbildə dünyaya göz açıb. Poeziyanın bir çox əzəli, əbədi mövzularında, eləcə də irtica əleyhinə dərin məzmunlu, bədii-poetik səciyyəli şeirləri mətbuatda çap olunur. Səhərin şeirlərindən biri görkəmli kaman ustası Habil Əliyevə həsr olunub:


Kədərli könlümə odlu nəvalardan səda bəslə,
Məni çənli, uca dağlar dalından söz ilən səslə,
Dolubdur söz ilə sazın,
Nədir saz ilə pərvazın?
Nəvalardan gümandır ki, qadınmı bəsləyir sazın?
Ətəş nacə (dəvə-V.Ə.) gedən səmtə
Tərəbdən (sevinc-V.Ə.) yol kəsir sazın
Əbəd yurdundan canlanmış nəvalardan
Əzəl izlə əsir sazın.


Gənc Cənub şairlərindən biri də Nuşin Musəvidir. Şairənin ədəbi təxəllüsü Ayşin Aydadır. Nuşin 1963-cü ildə Tehranda anadan olub. Əslən Təbrizlidir. Nuşin Universitetin kitabxanaçılıq fakültəsini bitirib. Uşaq ədəbiyyatı üzrə mütəxəssis olan Nuşin məktəbdə müəllimə işləyir, eləcə də qələmini nəsrdə sınayır. Həmçinin ədəbiyyatşünaslığa dair bir neçə əsər və monoqrafiyanın tərtibçi müəllifidir.
Vətənin dərdlərinə Nuşin də göz yaşı tökərək ağlayır, Torpaq itkisi, bölünmüş Vətən, əsir düşən oğulların, qızların dərdi şairəni kövrəldir, şəhidlərə matəm tutur. Bu göz yaşları poetikləşir, misralaşır, həzin pıçıltıya çevrilir:


Günüm başlandı ötən günlərlə, keçən xatirələrlə
Buludlar göydə daşınır könlümlə
Könlümün buludlarıyla
Hardadır, yayışın anları.


Vüqar Əhməd
professor