AB müsəlmanları inamlarını itirməyiblər Dünya

AB müsəlmanları inamlarını itirməyiblər

Avropa Birliyindəki müsəlmanların çoxu ayrıcalıq və qısnamayla üzləşmələrinə baxmayaq, demokratik institutlara yüksək inamlarını saxlayıblar. Bunu Avropa Birliyinin Fundamental Hüquqlar Agentliyinin (FRA) keçirdiyi rəy sorğusu üzə çıxarıb. Sorğu müsəlman mühacirlərin və onların AB-də doğulmuş övladlarının təcrübələrindən, son 10 ildə onların dövlətə münasibətinin dəyişməməsindən söz açır.
"Sorğumuz müsəlmanların cəmiyyətlərimizə inteqrasiya etməməsi haqda iddialara rişxəndi ortaya qoydu. Əksinə, demokratik institutlara inamın ümumi əhalikindən daha çox olduğunu görürük", –FRA direktoru Mixail OFlaherti deyib.
"İntəhası, ayrıcalıq və nifrət cinayətləri ilə bağlı hər bir insident onların inteqrasiyasını əngəlləyir və iş tapmaq imkanlarını azaldır. Fərdləri və icmalarını özümüzdən soyuduruq ki, bunun da potensial təhlükəli sonucları var", – o, sözlərinə əlavə edib.
"Avropa müsəlman icmalarının bizim dövlət institutlarına inamı məni ürəkləndirir... Eyni zamanda, FRA-nın bir hesabatı məni məyus edir – son beş ildə hər üç müsəlmandan biri iş axtaran zaman ayrıseçkiliklə üzləşdiyini deyib. Ancaq son vaxtlar müsəlmanların cəmi 12%-i ayrıcalıq halı barədə məlumat verib. Müsəlman vətəndaşlarımızı əmin etmək istəyirəm ki, Avropa Komissiyası dözümsüzlüyə dözməyəcək. Bu, dəyərlərimizə və qanunlarımıza ziddir", – bunu isə Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermans söyləyib.
Ədalət, İstehlakçılar və Gender Bərabərliyi üzrə Avropa Komissarı Vera Jourova isə müsəlman qadınların Avropada üzləşdiyi çətinliklərdən özəlliklə narahat olduğunu dilə gətirib.
Sorğunun üzə çıxardığı əsas məqamlar bunlardır:
- Müsəlman respondentlərin 76%-i yaşadıqları ölkəyə güclü bağlıdırlar;
- Son beş ildə iş axtaran müsəlmanların 31%-i ayrıcalıqla üzləşdiyini bildirib;
- Son bir ildə polis tərəfindən saxlanmış respondentlərin 42%-i bunu özünün miqrant, yaxud etnik azlıqdan olmasıyla əlaqələndirib.
Hesabatda bir neçə həll variantı da təklif olunur:
- Diskriminasiyaya qarşı qanunların pozulmasına görə sanksiyalar qoyulsun;
- Maarifləndirmə işləri aparmaqla polisə inam gücləndirilsin;
- Qərarvermə proseslərində müsəlmanların iştirakı artırılsın.