Türkiyə yenidən ASALA-nın hədəfində Dünya

Türkiyə yenidən ASALA-nın hədəfində

ASALA-nın Türkiyəyə qarşı cəbhə açması qardaş ölkəyə nə vəd edir?

Cavid

Son vaxtlar ASALA ("Ermənistanın azadlığı üçün gizli erməni ordusu") erməni terror təşkilatı Türkiyənin ünvanına ciddi təhdidlər səsləməkdədir. Çanaqqala zəfərinin 24 apreldə - qondarma erməni soyqırımının ildönümü tarixində qeyd edilməsinə etiraz edən terrorçular, belə olacağı təqdirdə Türkiyəyə qarşı hərbi əməliyyatları bərpa edəcəklərini bəyan edib.
ASALA-nın Türkiyəyə qarşı hərbi əməliyyatları real olaraq bərpa etməsi mümkündürmü? ASALA-nın Türkiyəyə qarşı cəbhə alması qardş ölkəyə nə vəd edir?
Politoloq Qabil Hüseynli ASALA-nın məlum hədəsini ciddi qəbul etmədiyini vurğulayıb: "Hesab edirəm ki, bu hədəflər real əsasa malik deyil. Doğrudur, ola bilsin ki, yenə əvvəlki illərdə olduğu kimi xarici səfirliklərə hücumlar etsinlər. Lakin bu da bir həqiqətdir ki, bu gün Türkiyə ASALA və digər terror təşkilatını ciddi şəkildə izləyir, onlarla bağlı əks tədbirlər görür. Məncə ASALA-nın bu bəyanatının psixoloji təzyiq kimi dəyərləndirilməsi daha doğrudur".
Q.Hüseynlinin sözlərinə görə, bu gün ASALA Türkiyədə ciddi terror əməliyyatları keçirmək üçün lazımi maddi və s. imkanlara malik deyil: "Əvvəla, hər bir ölkədə səfirliklər həmin ölkələrin özləri tərəfindən qorunur. Ikincisi, ASALA-nın hansısa geniş əməliyyatlar aparması üçün lazımi qədər imkanları yoxdur. Türkiyə ASALA-nın susdurmaq, onu yerində oturtmaq üçün əvvəkindən qat-qat üstün imkanlara malikdir. Əgər ASALA Türkiyəyə qarşı hər hansı addım atacaqsa, bunun bədələni çox ağır şəkildə ödəməli olacaq".
Politoloqun qənaətincə, bu gün ASALA Türkiyədə hansısa terror hadisəsi keçirməyə cəhd edərsə ciddi şəkildə cəzalandırılacaq. Ekspertin fikrincə, Türkiyənin erməni terror təşkilatına qarşı atacağı addımlar ASALA-nın tamamilə məhvinə səbəb ola bilər: "ASALA terror təşkilatı son illər ciddi şəkildə zəifləyib. Üzvlərinin sayı azalıb, bir çox bölmələri sıradan çıxıb. Faktiki olaraq təşkilatın bir adı qalıb. Onların Türkiyədə hansısa terror həyata keçirmək imkanları yoxdur. Əgər ASALA bu dəfə Türkiyəyə qarşı hansısa əməliyyatlara start versə, bu zaman Türkiyə həmin terror təşkilatını sonuncu adamına kimi bitərəcək. Belə olarsa, dünyada ASALA adında bir şey qalmayacaq. Türkiyəyə qarşı atılan addımların qarşısı qətiyyətlə alınacaq".
"Hərbi Jurnalistlər" İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov isə hesab edib ki, ASALA bu açıqlama ilə sadəcə Türkiyəni şantaj etməyə, ona psixoloji baxımdan təzyiq göstərməyə çalışır: "Mətbuatda erməni terror təşkilatlarından olan ASALA-nın Türkiyənin ünvanına hədələyici bəyanatı şəxsən mənim üçün şantajdan və özlərinin guya varlığı haqqında fikir səsləndirməkdən başqa bir əhəmiyyət və məna kəsb etmir. Özü də, bu qanmazlar görün hansı səviyyəyə çatıblar ki, açıq şəkildə bəyanatla çıxış edərək öz çirkin niyyətlərini aprelin 24-ə təyin edilmiş Çanaqqala törənləri zamanı guya reallaşdıracaqlarını söyləyiblər. Düzü, bu qədər gerizəkalılığa və ya qeyri-ciddiliyə çox nadir hallarda rast gəlinir. Türkiyə kimi ciddi bir ölkənin ən yüksək səviyyədə önəm verdiyi bir tədbirə bunlar indidən hədyanlar səsləndirirlər. Bilə-bilə ki, adi vaxtlardan fərqli olaraq həmən ərəfələrdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirirləcək, Bu sadəcə abdallaıq və axmaqlıqdır. Heç bir ciddi hadisənin olacağını düşünmürəm. Aprelin 24-də Türkiyə tərəfinin planlaşdırdığı Çanaqqala törəni yüksək səviyyədə qeyd ediləcəyi təqdirdə ASALA -nın guya Türkiyəyə qarşı hərbi əməliyyatları bərpa edəcəkləri ilə söylədikləri də ciddi bir əhəmiyyət daşımır".
Hərbi ekspertin qənaətincə, ASALA ötən dövrlərdə olduğu kimi yenə də türk diplomatlarına qarşı qəsdlər həyata keçirə biləcəyini düşünür ki, bu da çağdaş dövr üçün keçərli deyil:
"Uzun illər xaricdəki Türkiyə səfirliklərinə və diplomatlarına silahlı hücumlar təşkil edərək günahsız insanları, diplomatları, onların ailə üzvlərini qətlə yetirən bu yaramazların ağzında deyəsən "şirə" qalıb. Amma zaman da o zaman deyil və təhlükəsizlik qüvvələri indi həm ASALA, həm də digər teror təşkilatlarını lazımınca zərəsizləşdirmək iqtidarındadırlar. Mən şəxsən səsləndirən bəyanatı ciddi qəbul etmirəm".