Məleykə Abbaszadə abituriyentlərin suallarını onlayn-rejimdə cavablandıracaq Hadisə

Məleykə Abbaszadə abituriyentlərin suallarını onlayn-rejimdə cavablandıracaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 31-də abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirəcək.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunacaq konfrans saat 15.00-də başlayacaq.
Videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn rejimdə iştirak edə bilərlər. Bunun üçün konfrans keçirilən mərkəzlərə saat 14:00-da gələrək qeydiyyatdan keçmək tələb olunur.
Konfransa qoşulmaq istəyən abituriyentlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Şəki, Şirvan və Şərur şəhərlərindəki yerləşən ünvanlarına müraciət edə bilərlər.
Qeyd edək ki, konfransda abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verilməklə yanaşı onları maraqlandıran suallar da cavablandırılacaq.