Deputat: Azərbaycan və Belarus dost və strateji tərəfdaş ölkələrdir Siyasət

Deputat: Azərbaycan və Belarus dost və strateji tərəfdaş ölkələrdir

Azərbaycan və Belarus dost və strateji tərəfdaş ölkələrdir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.
Deputat deyib ki, iki ölkə arasında siyasi-iqtisadi münasibətlər davamlı olaraq inkişaf edir: “Hər iki respublika sovetlər dövründə də yaxın münasibətlərə malik olub, müstəqillikdən sonra isə tamamilə yeni dinamik mərhələ başlanılıb. Son illərdə ikitərəfli əlaqələr daha da inkişaf etməyə başlayıb, iqtisadi dinamika hər il yüksəlib. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri münasibətlərin daha da inkişafına böyük təkan verəcək.

Fatma Yıldırım qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko qarşılıqlı əlaqələrin mövcud durumu və perspektivi barədə geniş müzakirə aparıblar: “Bu amil ölkələrimiz arasında siyasi, humanitar, ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni mərhələ açır. Belarusun Azərbaycanla iqtisadi əməkdaşlığının yeni gündəliyində əsas ana xətt azad olunmuş ərazilərdə quruculuq və iqtisadi inkişaf proqramlarında yer almaqdır. Hazırda bu bölgədə dayanmadan artan iqtisadi təşəbbüslərin və xarici investorların saysız təkliflərinin fonunda Belarus sərmayədar ölkələrdən geridə qalmaq istəmir və iqtisadi layihələrdə daha fəal olmaq istəyir. Xüsusilə, Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə tətbiq etdiyi vergi azadolmaları və güzəştləri həmin ərazilərdə biznes mühitinin güclənməsinə və inkişafına, xarici investisiyaların cəlbinə güclü təşviqlər yaradıb və bölgədə dost ölkələrin şirkətləri də çalışır. Bu baxımdan Belarus da azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasına, iqtisadi dirçəlişə töhfələr vermək niyyətindədir. Prezident Aleksandr Lukaşenkonun bəyan etdiyi kimi uzun müddət səhraya çevrilmiş bu torpaqları dirçəltmək, hansısa yeniliklər etmək lazımdır və ölkəsi bu prosesdə Azərbaycanın yanında yer almağı qürurverici hal sayır”.

Deputat vurğulayıb ki, azad edilmiş ərazilərin hədsiz dərəcədə zəngin mineral ehtiyatları və torpaq resursları var, bölgədə artıq kənd təsərrüfatının inkişafı üçün layihələrin icrası davam edir: “Yeni aqrar layihələrin təməlləri qoyulur, əkin dövriyyəsini genişləndirmək üçün ən qabaqcıl texnologiyalar tətbiq olunur. Belarusun bu sahədə yaxşı təcrübəsini və potensiallarını nəzərə alsaq bu sahədə əməkdaşlıq hər iki tərəf üçün yaxşı fürsətlər yaradır. Azərbaycan mineral gübrələr, kimyəvi pestisid və maddələr, eləcə də kənd təsərrüfatı məqsədli xammal və ehtiyatların böyük bir qismini xaricdən idxal edir. Bu cəhətdən dünyada mineral gübrə və kimyəvi aqrar mallar üzrə lider ölkələrdən biri olan Belarusun Qarabağda belə bir istehsal və emal kompleksləri yaratmaq niyyəti Azərbaycan üçün də arzuolunandır. Bundan başqa, Belarus kənd təsərrüfatı texnikasının istehsalı, maşın və avadanlıqların tədarükü sahəsində də MDB liderlərindən biridir, xüsusilə ağır sənaye texnikalarının istehsalında güclü imkanları mövcuddur. Qarabağ həm də hazırda geniş sənaye parkları zonasına çevrilməkdədir. Bu bölgədə Araz Vadisi İqtisadi Zonasının və Ağdam Sənaye Parkının təməli qoyulub və bir neçə xarici şirkət rezidentlik hüququ əldə edib. Həmin investorlar 10 illik mənfəət vergisindən, xaricdən gətirilən avadanlıqlar 7 il müddətinə gömrük rüsumlarından və ƏDV-dən azad olunublar. Cəbrayıl, Ağdam, Zəngilan və digər bölgələrdə sənaye parkları və aqroparkları yaradılmaqdadır, xarici investorların bir qismi artıq işə başlayıb. Belarusun texnoloji gücü və imkanları aqrar-sənaye komplekslərinin yaradılmasında əsaslı rol oynamış olardı, ona görə də bu ölkənin həmin bölgədə ən yaxşı sərmayədarlardan biri kimi kənd təsərrüfatı texnikalarının istehsalında yer alması əhəmiyyət kəsb edə bilər. Belarus Prezidentinin Azərbaycan Prezidenti ilə birlikdə işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri də böyük əhəmiyyətə malikdir. Bu, əsl dostluq nümunəsidir. Bütövlükdə, Belarus Prezidentinin ölkəmizə səfəri qarşılıqlı əlaqələrin inkişafına böyük təkan verəcək”.